Binəqədidə yaşayış evlərinin arasında böyük zibillik - təməli qazılmış bina yerini kim zibilxanaya çevirib?

Binəqədi Rayon İcra Hakimiyyəti: “Qeyd edilən yer “Bolluq” MTK-nın mülkiyyətində olan ərazidir”

img

Binəqədi sakinləri yaşayış evlərinin yaxınlığındakı antisanitar vəziyyətdən şikayətçidirlər. Söhbət Süleyman Sani Axundov və Abay Kunanbayev küçələrinin kəsişməsindən gedir.

Sakinlərin sözlərinə görə, yeni tikilən binanın təməli üçün qazılan ərazi artıq neçə ildir zibillik içindədir: "Bu məsələ ilə bağlı dəfələrlə aidiyyəti orqanlara müraciət edilib. Lakin hələ də tullantıların ərazidən təmizlənməsi təmin edilməyib. Bu mənzərə paytaxta yaraşmır. Sürətlə gözəlləşən və inkişaf edən şəhərdə belə zibilliyi hər gün görmək ürək bulandırır. Üstəlik, yaxında işləyən obyekt sahibləri, yerli sakinlər də zibilliyi görüb, “hamı atır, mən də atıram” məntiqi ilə ərazini daha da zibilləyirlər”.

Sakinlər onu da vurğulayırlar ki, ərazidə zibil qalağının toplanması üfunət iyinin yayılmasına səbəb olur. O da bəllidir ki, zibil qalağı müxtəlif növ infeksion xəstəliklərin yaranmasına səbəb olur. Vətəndaşların sözlərinə görə, üfunət iyi, gəmirici və həşəratlar yaxınlıqdakı evlərə dolur, narahatlıq yaradır, xəstəliklərin yayılmasına gətirib çıxarır.

  • “Bolluq MTK ilə maarifləndirmə işləri aparılıb, problem qısa zamanda həllini tapacaq”

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirildi ki, qeyd edilən yer “Bolluq” MTK-nın mülkiyyətində olan ərazidir: “Bu səbəbdən də tərəfimizdən “Bolluq” MTK ilə maarifləndirmə işləri aparılıb. Zəruri tövsiyələr verilib. “Bolluq” MTK-dan isə problemin qısa zamanda həllini tapacağı bildirilib”.

Günel CƏLİLOVA

Son xəbərlər