Bakıda qurumuş və illərlə kəsilməyən ağaclar təhlükə mənbəyi olaraq qalır

img

Zaman-zaman məbuatda çoxillik qurumuş ağacların aşması nəticəsində insan həyatına, avtomobilə, əmlaka dəyən ziyanlar haqqında məlumatlar gedir. Qurumuş ağacların aşması nəticəsində bir çox halda əmlaka ziyan dəyir. Hətta elə hallar olub ki, küləkli hava şəraitində qurumuş ağac insanların üzərinə aşaraq bədbəxt hadisələrə səbəb olub.

Paytaxtın Nizami rayonundakı iki müxtəlif ünvanda olan çoxillik qurumuş ağaclar hər an aşa bilər. Bu isə baş verə biləcək bədbəxt hadisəni qaçılmaz edir. Bəs görəsən bu ağaclar niyə kəsilmir?

Danılmaz faktdır ki, qurumuş ağacın heç kimə bir faydası yoxdur. Bu ağacların vaxtında kəsilməsi dah düzgün olar.

Şəhərin bəzi ərazilərində qurumuş ağaclar əyilərək budaqları binanın eyvanına doğru uzanır. Gövdəsi çürüyən bu ağaclar hər an aşa bilər. Məlumat üçün qeyd edək ki, ötən il ərzində küləyin təsirindən paytaxt ərazisində 200-dən çox ağac aşıb.

Qeyd etdiyimiz kimi, təhlükəli vəziyyət Nizami rayonunda da yaşanır. Nizami rayonu, Şərifli küçəsi 74 saylı binanın sakinləri ərazidə olan ağacların əyilərək aşmasından narahatdırlar.  Adıçəkilən ünvanın sakinləri bildirirlər ki, güclü külək zamanı vəziyyət daha çətin olur. Belə ki, əsən güclü külək ağacların qırılmasına səbəb olur. Bu hadisələr nəticəsində xəsarət alan olmasa da, hər an faciə baş verə bilər.

  • Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi: “Artıq problemin həll olunması istiqamətində tədbirlər görülür”

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirdilər ki, problemlə bağlı onlara indiyədək heç bir müraciət daxil olmayıb: “Artıq problemin həll olunması istiqamətində tədbirlər görülür”.

  • Aynur Əliyeva: “Paytaxt küçələrində bəzi ağaclar da var ki, budaqları həddindən artıq aşağı əyilib və insanların, avtomobillərin hərəkətinə mane olur”

Ekoloq Aynur Əliyeva qeyd etdi ki, paytaxt küçələrində bəzi ağaclar da var ki, budaqları həddindən artıq aşağı əyilib və insanların, avtomobillərin hərəkətinə mane olur: “Belə olan halda, vətəndaşlar aidiyyəti quruma müraciət etməlidirlər. Ümumiyyətlə, gövdəsi çürümüş ağacların təhlükə saçmasındansa, onların kəsilməsi daha münasibdir. Dəfələrlə küləkli hava şəraitində həmin ağaclar aşaraq bədbəxt hadisələrə səbəb olub. Bu səbəbdən də qurumuş ağaclar vaxtında kəsilməlidir”.

Günel CƏLİLOVA

Son xəbərlər