Redaksiyamıza Göyçay rayonu, Məlikkənd kənd sakini Yusifova Şərafət Şahvələd qızı tərəfindən müraciət daxil olub və vətəndaş müraciətini ictimailəşdirməyimizi istəyir.
Ş.Yusifova yazır ki, 15.X.2015-ci ildə qızı Hacıyeva Nigar Telman qızı keçmiş həyat yoldaşı Beydullayev Röyal Nüsrət oğlundan boşanıb və Şəms adlı bir qız övladları var, məhkəmə uşağa aliment təyin etsə də, lakin keçmiş kürəkəni 6 ildir aliment verməkdən imtina edir. “Bir dəfə 4 il bundan əvvəl 1900 manat pul keçirib. Hazırda aliment borcu 4000 manatdan çoxdur” - deyə yazan müraciət müəllifi qeyd edir ki, R.Beydullayev aliment ödəmədiyinə görə 3 dəfə 10 sutka iş alsa da, son 4 ildə aliment ödəməyib. Şikayətçi yazır ki, Ədliyyə Nazirliyinə göndərdikləri
şikayətlər isə həll edilməsi üçün yerli qurumlara yönəldilir, yerli təşkilatlar isə problemi həll etmək əvəzinə, onun həllini yubadırlar. R.Beydullayevin aliment ödəməsi üçün aidiyyəti qurumlara müraciət etdiklərini yazan Ş.Yusifovanın qeyd etdiyinə görə, amma hələ də aliment ödənişi təmin edilmir: “...Aliment kəsilir ki, o pulla uşağın ehtiyacı ödənsin. Uşaq 7 yaşına keçir, amma aliment vermir. Bəs nə vaxt verəcək? Başqa aliment verən tanışlar var, deyirlər 2 gün gecikən kimi təcili çağırırlar ki, pulu gətir, aparıb veririk. Bəs bizim alimenti nə vaxt nizamlayacaqlar?”
Alimentin ödənişinin təmin edilməsi üçün yerli qurumların lazımi addımlar atmadığını yazan şikayətçi müraciətlərin nəticəsiz qaldığını yazır: “Evi yox, alimenti yox, biz nə vaxtacan pensiyamızla onlara baxacağıq?”.
Ş.Yusifova qəzetimiz vasitəsilə əlaqədar qurumlardan problemin həlli üçün kömək istəyir.
İradə SARIYEVA