Su həyat mənbəyidir. Susuz yaşamaq qeyri-mümkündür. Həkimlər tövsiyə edirlər ki, insan gün ərzində ən azı 2 litr maye qəbul etsin. Bu isə mağazalarda su satışında artım yaradır.
İnsanların qablaşdırılmış içməli suya olan tələbatının artdığını görən şirkətlər satış qiymətini artırıblar. Mağazalarda qablaşdırılmış içməli suyun qiymətində artım müşahidə olunur. Qeyd edək ki, son 15 gündür ki, bəzi şirkətlər qiymətləri artırıblar. Satıcılar qiymət artımını qablaşdırma xərcinin artması ilə əlaqaləndirirlər. Bəzi su şirkətləri qiymətləri 10 faiz qaldırıblar. Qiymət artımı daha çox 19 litrlik qablaşdırmada olan sularda qeydə alınıb. Bununla yanaşı, digər həcmdə olan qazsız suların qiyməti də qalxıb.
Su şirkətləri isə qiymət artımını təsdiqləsələr də, səbəbini izah etmirlər.
“İstehlakçılar kran sularına deyil, qablaşdırılmış sulara üstünlük verirlər”
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qeyd etdi ki, su ilə bağlı ölkə bazarında böyük ajiotaj və problem var. Bundan istifadə edənlər isə su filtri satanlardır. Bir neçə il əvvəl mənə Nyu-Yorkdan krandan gələn su gətirdilər. Su filtrçilərinin apardığı sadə analizlərdən məlum oldu ki, elə həmin su da ölkəmizdəki su kimi çirklidir. Bu o deməkdir ki, həmin təcrübələrin əsası yoxdur. Bununla belə, istehlakçılar kran sularına deyil, qablaşdırılmış sulara üstünlük verirlər. Onlar bilməlidirlər ki, su Allahın möcüzəsidir. Yeganə məhsuldur ki, qoxusu, dadı, rəngi yoxdur. Bütün cisimlər soyuqda genişləndiyi halda, su sıxılır. Suyun mahiyyətinə varmaq mümkün olmadığından, su qablaşdırıcıları bundan istifadə edirlər. Bəzi su istehsalçıları ola bilər sularının bir hissəsini doğrudan da bulaqdan gətirir, təmizləyirlər. Qalanlarını isə elə krandan doldururlar. Çünki onun dadını, qoxusunu ayırd etmək mümkün deyil”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, qiymətlərdəki kəskin fərqlilik suların keyfiyyətindəki problemlərdən xəbər verir. İstehlakçı isə suların hansının keyfiyyətli olmasını ayırd edə bilmir.
Günel CƏLİLOVA