Abşeron rayonunun Xırdalan şəhərində Heydər Əliyev prospekti ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsində tikinti aparan şirkət piyada yolunu da inşaatın ərazisinə qatıb. Bu fakt sosial şəbəkədə yayılıb.
Qeyd olunur ki, inşa olunan binanın pilləkənlərindən birinin piyadalar üçün səkinin ərazisində tikildiyi müşahidə olunur. İnşaat piyada yolunun ərazisinə qatıldığı üçün həmin yoldan keçənlər çarəsizlikdən maşın yolundan istifadə etməli olurlar. Təbii ki, bu da təhlükəsizlik baxımından düzgün deyil. Sakinlər bildirirlər ki, onlar tikinti şirkətinə nə qədər irad bildirsələr də, onlara məhəl qoyan olmayıb. Şirkət öz bildiyini etməkdə davam edib.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirildi ki, sözügedən MTK-ya məsələ ilə bağlı müraciət edilsə də, buna məhəl qoyulmayıb: “Bildiririk ki, rayon ərazisində aparılan özbaşına tikinti işlərinin qarşısının alınması istiqamətində aparılan müşahidələr zamanı Xırdalan şəhəri, Heydər Əliyev prospekti ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsində paralel tikilən, “HAM 88” MTK-nın icazə verilən layihəsindən, qanunsuz olaraq, birinci mərtəbəsində yerləşən, qeyri-yaşayış obyekti üçün nəzərdə tutulan pilləkən meydançasından 4 metr yox, əlavə olaraq 1 metr çıxaraq piyada yolunu zəbt edib. Aprelin 9-da aparılan tikinti yoxlanılaraq həmin piyada yoluna görə irad bildirilmiş, iş icraçısına sökülməsi tapşırılıb. Bununla bağlı əlaqəli idarələr də məlumatlandırılıb. Dəfələrlə tədbir görülməsinə baxmayaraq, MTK tikinti işini davam etdirib”.
Qeyd olunub ki, müvafiq tədbirlərin görülməsi üçün Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Daxili İşlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə rəsmi şəkildə müraciətlər edilib.
Günel CƏLİLOVA