Vətən müharibəsində torpaq uğrunda haqq savaşımızda Azərbaycan Ordusunun qazandığı tarixi zəfərdə Tural Hümbətovun adı da qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan oğulların sırasında böyük ehtiramla çəkilir.
Vətənin qalib şəhidi Tural 1998-ci ildə Lənkəran rayonunun Tatoba kəndində dünyaya göz açmışdı. Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kompüter kursunun rəhbəri idi. O, ikinci Qarabağ müharibəsinə könüllü getmişdi. Füzulinin, Xocavəndin, Şuşanın azadlığı uğrunda ağır döyüşlərdən keçməklə, özünü canından artıq sevdi Vətənə qurban vermişdi. Onun bu şücaəti ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin uyuduğu yer indi doğma kənd qəbiristanıdır. Turalın doğum günündə Lənkəran Regional Mədəniyyət İdarəsinin kollektivi şəhidin burdakı məzarını ziyarət edib və ailəsində olublar. Onun qəhrəmanlığı haqqında söz düşəndə bildirilib ki, Tural Vətən yolunda şəhid olduğu üçün özünə əbədi ömür qazanıb. İndi bütün Azərbaycan bu qəhrəmanla fəxr edir. Belə mərd oğul böyüdən ata-anaya isə yalnız təşəkkür düşür.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü