Novruz Nəcəfoğlunun Türkiyədə yeni kitabı nəşr olundu

img

Təpədən-dırnağa qədər ilhamlı söz adamı olan yazıçı Novruz Nəcəfoğlu yaratdığı bədii əsərləri ilə  öz oxucusunun ürəyini əla ala bilir. Yaradıcılıq imkanları geniş, arzuları bir-birindən vüsətli olduğu üçün Azərbaycanın bədii ədəbiyyatında tez-tez imzası görünür. Müqəddəs, ülvi hisslərdən pöhrələnən hekayələri, povestləri, romanları həyati olduğuna görə oxuyanda adamın ruhu dincəlir, mənəvi bir rahatlıq tapır.

N.Nəcəfoğlunun yaradıcılığı qardaş Türkiyədə də sevilir. Burada ardıcıl nəşr olunan kitabları bunu əyani şəkildə göstərir.  Bu günlərdə onun "Karanlık gecenin sesleri" adlı nəsr kitabı Türkiyədə, Türk Ədəbiyyatı Vəqfının təşəbbüsü ilə "Turay" nəşriyyatında işıq üzü görüb. 

"Yuxuya gedib gecə", "Bu dərənin uzunu" povestləri, "Çərçivə şəkil",  "Yadigar köynək" və s. hekayələri daxil edilmiş bu kitab yazıçının qardaş ölkədə yayımlanan üçüncü əsəridir. Bundan öncə işıq üzü görən “Çarəsiz  yolçu”, “Bəmbəyaz  keçiddə” adlı iki hekayə  kitabı türk söz sərrafları tərəfindən yüksək  səviyyədə bəyənilib. Sevindirici haldır ki,  yazıçının “Bəmbəyaz  keçiddə” adlı əsəri ötən illərdə Bozok Universitetinin Filologiya fakültəsində tələbələrə çağdaş Azərbaycan nəsrinin ən dəyərli nümunəsi kimi tədris olunub.

“Karanlık gecenin  sesleri” kitabının ərsəyə gəlməsində Türk Ədəbiyyatı  Vəqfi başqanı Sərhat Kabkiyanın əməyi böyük olub. Yazıçı-dramaturq Pərvin kitaba olduqca dəyərli bir ön söz yazıb.  Türkcəyə çevirən və təqdimat yazısının müəllifi türkiyəli yazıçı-tərcüməçi İmdat  Avşardır. “Karanlık gecenin  sesleri” adlı əsəri oxuduqca sirli səslərin  arxasınca, xəyal aləmində, sirli- sehrli düşüncələr içində sanki keçmişə doğru  uzun bir yol gedirsən. Bu yolun özünəməxsus bir saflıq dünyası olmaqla,  həm də insana sevgidən, torpağa sevgidən, təbiətə sevgidən...ilahi bir mehr, məhəbbət alırsan.

Əminəm ki, həmişə olduğu kimi, bu yeni  kitab da bədii dəyəri ilə hər bir oxucu üçün maraqlı olacaq. Heç vaxt söz qıtlığından əziyyət çəkməyən, onun qüdrətinə, gözəlliyinə, saflığına  tapınan  müəllifə isə  yalnız yeni yaradıcılıq uğurları arzulamaq qalır...

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Son xəbərlər