İctimai nəqliyyat üçün nəzərdə tutulan "Bakı Kart”ları niyə yoxa çıxıb...

Son günlər "Bakı Kart"dan istifadə edən sərnişinlər bir sıra problemlərlə qarşılaşırlar. Belə ki, sərnişinlər ya karta ödəniş etməkdə çətinlik çəkirlər, ya da yeni kart əldə etməkdə. Bakıda ictimai nəqliyyatdan istifadə edənlər bu problemlə üzləşirlər.
Məlumdur ki, əvvəllər "Bakı Kart"ı olmayan vətəndaşlar və ya şəhərə gələn qonaqlar rahatlıqla məhdud istifadə kartlarını ala bilirdilər. Ancaq indi "Bakı Kart"ın digər məhsulu olan bu xidmət növü hansısa səbəbdən işləmir. Kart əldə etmək istəyənlər hazırda çətinlik çəkirlər. Çarəsiz qalan sərnişinlər başqa bir şəxsin kartından istifadə etməli olurlar. Bəzi hallarda bir çox sərnişin bundan narazı olduğunu açıq şəkildə bəyan edir.
- “...sistemdə aparılan yenilənmə işləri ilə əlaqədardır”
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, müvəqqəti istifadə kartlarında dəyişikliklər edilir. Onun sözlərinə görə, müvəqqəti istifadə üçün nəzərdə tutulan kartların əldə olunmasındakı məhdudiyyət sistemdə aparılan yenilənmə işləri ilə əlaqədardır.
M.Ağayev onu da qeyd etdi ki, birdəfəlik ödənişlərdə yeni vasitələrdən də istifadə olunacaq. Yaxın zamanda ictimaiyyətə bununla bağlı məlumat veriləcək.
Günel CƏLİLOVA