Prezident hələ 2018-ci ildə vahid parklanma tarifi barədə göstəriş verib - nə dəyişib...

Şəhər nəqliyyatının əsas problemlərindən biri və sürücülərin daha çox şikayət etdiyi məqam parklanmadır. Sürücülər bəzən avtomobili saxladığı yerdə Bakı Nəqliyyat Agentliyinin cərimə protokolu tərtib etməsi ilə razılaşmırlar.
Məlumat üçün bildirək ki, ölkə başçısı İlham Əliyev 2018-ci ildə parklanma ilə bağlı vahid sistemin yaradılması barədə tapşırıq versə də, problem hələ də öz həllini tapmayıb. Belə ki, şəhərin istənilən ərazisinə giriş-çıxış üçün şlaqbaum yerləşdirilib. Həmin ərazidə avtomobillərin park edilməsi üçün müəyyən məbləğdə vəsait toplanır.
Prezident tapşırığına əsasən, parklanma ilə bağlı vahid sistem yaradılmalı idi. Lakin hələ də istənilən nəticə əldə olunmayıb.
- “...ölkəmizdə həllini tapmayan problemlərdən biri də məhz parklanma sistemi ilə bağlıdır”
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, uzun müddət keçməsinə baxmayaraq, ölkəmizdə həllini tapmayan problemlərdən biri də məhz parklanma sistemi ilə bağlıdır: “Xatırladım ki, Prezidentin 2018-ci il 6 iyul tarixli fərmanı ilə Bakı Nəqliyyat Agentliyinə (BNA) parklanmaya nəzarət, idarəetmə və daxil olan vəsaitdən istifadə ilə bağlı qaydaları müəyyən etmək tapşırılıb. Ötən müddət ərzində Bakı şəhərində bir xeyli parklanma yeri müəyyən edilib. Lakin vahid bir sistem ortada yoxdur. Qəribə də olsa, indiyədək əksər parklanma yerindən yığılan pulların BNA-ya aidiyyəti yoxdur. Ümumiyyətlə, BNA bildirir ki, parklanmadan yığılan pullar tam olaraq qanunsuzdur. Bütün səlahiyyətlər, yığılan vəsaitlər hansısa bir "X" şirkətinin kontrolundadır".
O.Gündüz hesab edir ki, bütün parklanma yerlərini vahid bir sistemdə birləşdirmək, vahid tariflər müəyyən etmək, bununla bağlı bir mobil tətbiq hazırlamaq və normal bir ödəniş sistemi qurmaq zamanı çoxdan çatıb: "Görünür, hazırda parklanmaya kimlər nəzarət edirsə, hökumətə təsir imkanları yetərincə güclüdür ki, BNA rəhbəri Vüsal müəllim 4 ildir qanunvericiliklə ona verilən səlahiyyəti icra edə bilmir".
Günel CƏLİLOVA