Şanlı Ordumuz ötən il sentyabrın 27-dən əks-hücum əməliyyatı ilə əzəli yurd yerimiz olan Qarabağın erməni dığalarından təmizlənməsi kimi şərəfli bir missiyanı uğurla yerinə yetirməklə qəhrəmanlıq salnaməmizin ən parlaq səhifəsini yazdı. İşğal altında olan Vətən torpaqların azad edilməsində cəbhədə düşmənə qənim kəsilən dağ vüqarlı igidlərin sırasında 1995-ci ildə Lerik rayonunun Züvüç kəndində anadan olmuş İsgəndər Afat oğlu Tahirlinin də adı qürurla çəkilir.
Könüllü Vətənin harayına qoşulan İsgəndər müharibə başlanan gündən sonuna qədər mərdliklə, cəsarətlə vuruşur. Necə olursa-olsun, bir qarış torpağımızın belə düşmən tapdağına çevrilməməsi üçün canını qurban verməyə hər an hazır olur. Vətənin hər qarışında 30 il bundan əvvəl millətin qanına əli batmış faşist xislətli erməni dığalarına qan qusdurur. Göstərdiyi şücaətlə düşmənin neçə-neçə texnikasını sıradan çıxardır, canlı qüvvəsini məhv edir. Zəfər günümüzə kimi dağlar qartalına təslim olan, ağ bayraq qaldıran dığaların sayı bilinmir. Laçın koridorunun alınmasında İsgəndər daha fəal iştirak edir. Ağır müharibə meydanlarında Vətənə sevdalandığı ilahi bir qüvvənin qanadları altında ölüm ona yaxın düşə bilmir. Qarabağı azad edir, bu hünərə görə Füzulinin, Xocavəndin və Şuşanın azad olmasına görə medalları ilə doğma Züvüç kəndinə qayıdır...
Lerikin fəxri və qəhrəman oğlu İsgəndər Tahirli Gəncə Dövlət Universitetinin "Riyaziyyat-informatika" fakültəsini bitirməklə müəllimlik peşəsinə yiyələnib. Vətənə həqiqi xidmət dövrünü isə Sülhməramlı Qüvvələrdə keçib. Onu da bildirim ki, İsgəndər Tahirli öz peşəsinə bağlı, zəngin biliyə, dünyagörüşə və yüksək insanı keyfiyyətlərə malik bir müəllimdir. Qarabağ döyüşlərində olduğu kimi, çalışdığı Veri-Əliabad kənd məktəbində də onun fəaliyyəti, qazandığı uğurlar nümunə və örnək sayıla bilər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü