Azərbaycana xaricdən daxil olan və ölkədə yaşayan şəxslərdən alınan nümunələrdə mütəmadi olaraq “Sars Cov-2” genom analizləri edilərək şübhəli variantlar təqib olunur. Trend-in məlumatına görə, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində “Sars Cov-2” genom analizi edilən üç nümunədə 501Y.V1, B.1.1.7 (Britaniya variantı) aşkar edilib.
TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev isə bildirir ki, Azərbaycanda yoluxma sayının artmasını ölkəmizdə Britaniya ştammının olması ilə əlaqələndirmək doğru deyil.
V.Əliyev qeyd edib ki, adi bir insan özü COVİD-19-un Britaniya ştammına yoluxub-yoluxmamasını təyin edə bilməz: “Bu ştammın da əlamətləri eynidir, onun sadəcə yoluxduruculuq qabiliyyəti yüksəkdir. Bu ştamma yoluxma zamanı təyin olunan müalicədə də hər hansı fərq yoxdur".
Qeyd edək ki, ölkəmizdə koronovirus əleyhinə istifadə olunan “Coronavac” vaksini yeni ştammlara qarşı da effektivdir.