Son günlər koronavirusa yoluxanların sayının kəskin artdığını müşahidə edirik. Pandemiyanın başlanğıcında bütün dünyada belə rəy vardı ki, uzaqbaşı bir il müddətində koronavirusa qalib gəlmək mümkün olacaq, amma gözləntilər, ehtimallar özünü doğrultmadı. Dünya insanı artıq koronavirusun daha dəhşətli ştammı ilə üz-üzə qalıb.
Qeyd etdiyimiz kimi, Azərbaycanda son günlər koronavirusa yoluxanların sayının minə yaxınlaşması virusa qarşı növbəti tədbirlərin görülməsini zəruri edir. Virusa yoluxanların sayında kəskin artım müşahidə edildiyindən, əksər ekspert sərt karantin rejiminə qayıtmağın və təkrar qapanmaya getməyin vacibliyini önə çəkməyə başlayıb.
Martın 19-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi gözlənir. Bu barədə “Report”a tibb sahəsindən olan mənbələrdən məlumat verilib.
Məlumata görə, brifinqdə qəbul edilən sərt qərarlar barədə açıqlama veriləcəyi ehtimal edilir. Buna səbəb kimi isə Azərbaycanda koronavirusun yeni növü olan Britaniya ştammının tapılması ehtimalı qeyd edilir.
Ekspertlər qeyd edirlər ki, yoluxma sayı get-gedə artır. Onların sözlərinə görə, koronavirusun ən dəhşətli növü olaraq dünyanı təhdid edən yeni Britaniya ştammının tapılması haqda yayılan bəzi məlumatlar narahatlığa və sərt tədbirlər görməyə əsas verir. Artıq dünyada üçüncü dalğa başlayır, bunun Azərbaycan üçün də böyük təhlükəsi var. Mütəxəssislərin ehtimallarına görə, qarşıdan xalqımızın milli bayramı - Novruz bayramı gəlir və bayram münasibətilə insanların daha sıx təmasları yoluxmanın dinamikasının artmasına səbəb ola bilər. Ekspertlər hesab edirlər ki, bütün bu ehtimalları, təhlükələri nəzərə alaraq qaydaların daha da sərtləşdirilməsinə ehtiyac var.
“Çoxu maskanı formal taxır, onu çənəsində saxlayır”
Tanınmış ekspert, professor Əhməd Qəşəmoğlu hesab edir ki, sərtləşmə vacibdir, çünki vətəndaşlar qaydalara əməl etmirlər. Onun sözlərinə görə, sərtləşdirmə bir neçə qat artırılmalıdır: “Ölkəmizdə insanlar bu qədər vaksinasiya olunur, amma yenə yoluxma sayı artır. Birincisi, əhalinin xeyli hissəsi qaydalara riayət etmək istəmir, maskadan, lazımi vasitələrdən formal olaraq istifadə edir. Digər tərəfdən də əlaqədar qurumların vətəndaşları maarifləndirmək, onlarla işləmək, onları virusla mübarizəyə hazırlamaq işi qənaətbəxş deyil. Amma yumşaq maarifləndirmə effekt vermir, qaydaları pozanlara qarşı sərt şəkildə cəzalar tətbiq edilməlidir. Çoxu maskanı formal taxır, onu çənəsində saxlayır, insanlar öz nadanlıqlarını nümayiş etdirməkdən sanki zövq alırlar. Elə yerlər var ki, orada maarifləndirmə yox, sərt inzibati metodlar işə yarayır. Qaydaları pozanları sərt cəzalandırmaq lazımdır. Mən karantin qaydalarının qat-qat sərtləşdirilməsinin, qaydaları pozanların ciddi cəzalandırılmasının tərəfdarıyam, amma evə qapanmanın yox. Yoluxmanın sayının aşağı endirilməsi üçün karantin qaydalarının daha da sərtləşdirilməsi zəruridir. Yoluxma sayının 1000-ə çatması o deməkdir ki, təhlükənin qarşısını almaq üçün tədbirlər sərtləşdirilməlidir” - deyə Ə.Qəşəmoğlu qeyd etdi.
İradə SARIYEVA