Xətai rayonu, Elektrotok qəsəbəsi, Mirzə Davud küçəsində bir sıra yaşayış evlərini və zirzəmiləri su basıb. Sakinlərin sözlərinə görə, “Azəristiliktəchizat”ın həmin qəsəbədən keçən istilik xəttində qəza baş verib. Buna görə də bəzi evləri və zirzəmiləri su basıb.
Sakinlər iddia edirlər ki, baş vermis hadisəyə baxmayaraq, problemi həll edən yoxdur: “Ev suyun içindədir. Ancaq heç kim bu məsələyə əncam çəkmək istəmir. Nəzərə almaq lazımdır ki, soyuq fəsildə evin zirzəmisinin su ilə dolması müxtəlif növ xəstəliklərin yaranmasına səbəb olur”.
“...axıntının qarşısını tam almaq üçün bütün su şəbəkədən boşaldılmalıdır”
Məsələ ilə bağlı “Azəristiliktəchizat”ın Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyevlə əlaqə saxladıq. R.Əliyev bildirdi ki, qeyd olunan ərazinin xətlərində su sızıntısı baş verib: “Ancaq nəzərə almaq lazımdır ki, həmin evlər qanunsuz olaraq mühafizə zonasında tikilib. Məlumat üçün bildirim ki, oradakı magistral istilik kəmərinin diametri 630 millimetrdir. Orada 198 yaşayış binası, məktəblər, sosial müəssisələr istiliklə təmin olunur. Sistemdə isə 6000 kubdan artıq su var. Sızıntı ilə bağlı müəyyən bərkitmə işləri aparmışıq. Sadəcə olaraq, axıntının qarşısını tam almaq üçün bütün su şəbəkədən boşaldılmalıdır. Belə olan halda da nə qədər yaşayış binası, bağça, məktəb istiliksiz qalmalıdır. Havalar son günlər soyuq keçdiyinə görə istiliyi dayandırıb əsaslı təmir işləri görə bilmirik. Bu səbəbdən də müvəqqəti tədbirlər görülüb. Havalar mülayimləşəndə axıntı tam aradan qaldırılacaq”.
Günel CƏLİLOVA