Göygöl rayonunun sakini Seymur Nəcəfovun 1993-cü ildə Birinci Qarabağ müharibəsində şəhid olan qardaşı Yəhya Nəcəfovun şəhidlik statusu ailəsindən xəbərsiz ləğv edilib.
Qeyd edək ki,Yəhya Nəcəfov Şəhidlər xiyabanında dəfn edilməsinə və şəhidliklə bağlı bütün sənədlər qaydasında olmasına baxmayaraq, Apellyasiya Məhkəməsinin hakimi Afiq Hüseynzadə onun qismən şəhid olmasıyla bağlı qərar qəbul edib: “Qardaşım Yəhya Nəcəfov 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı şəhid olub. Günlərin birində Göygöl rayonunda şəhidlər üçün nəzərdə tutulmuş lövhəyə baxanda qardaşımın adının orada olmadığını gördüm. Göygöl rayonu üzrə səfərbərlik xidmətinə getdim. Mənə qardaşımın şəhidlik statusunun götürülməsi haqqında məlumat verdilər. Bildirdilər ki, Müdafiə Nazirliyində yaradılmış komissiya həlak olmuş hərbçiləri kateqoriyalara bölüb: erməni gülləsindən həlak olan, mina partlayışı nəticəsində həlak olan və ya səhlənkarlıq nəticəsində həlak olan. Həmin yaradılmış komissiya da qardaşımın şəhidlik statusunu ləğv edib. Qardaşım şəhid olmamışdan öncə Murov istiqamətində döyüşlərdə iştirak edib. Döyüşlərdən qayıdıb aşağıda təlim keçiblər. Həmin vaxt komandirlərinin səhlənkarlığı nəticəsində 18 hərbçi şəhid olub. Əllərində mina açılıb və hərbçilər həlak olublar. Komandir də daxil olmaqla, həmin vaxt digər həlak olan hərbçilər də şəhid statusu daşıyırlar. Amma qardaşımın şəhidlik statusu bizdən xəbərsiz ləğv edilib. Bizim rayondan həmin an qardaşımla bərabər, ümumilikdə, üç nəfər şəhid olub. Digər iki nəfərin hazırda şəhidlik statusu qalır. Amma təkcə qardaşımın şəhidlik statusu götürülüb. Qardaşım Şəhidlər xiyabanında digər şəhid olan hərbçilərlə yanaşı dəfn edilib. Qardaşımla birgə həlak olan digərləri bəs necə şəhidlik statusu daşıyır? Hazırda anamın əlində qardaşımın şəhid olmasıyla bağlı üç sənəd var. O vaxtlar şəhidlik statusunu rayon icra hakimiyyəti verib. Bütün sənədlərimiz qaydasındadır. Onların dediyindən belə çıxır ki, əvvəl qardaşım şəhid olub, hazırda isə şəhid sayılmır. Belə çıxır ki, 44 günlük müharibədə şəhid olanlar da beş-on ildən sonra şəhid sayılmayacaqlar… Bununla bağlı aidiyyəti qurumlara müraciət etsək də, bizə düzgün cavab verilməyib”.
Günel CƏLİLOVA