Fevralın 16-da Seyfullayev Suliddin Nəhmətulla oğluna məxsus olan “Fordtranzit” markalı avtomobil “Tofaş” markalı avtomobil tərəfindən vurulub. Hadisə nəticəsində Suliddin Seyfullayevə məxsus olan avtomobilə zərər dəyib. S.Seyfullayev qəzetimizə açıqlamasında dedi ki, ona dəyən zərər sığorta şirkəti tərəfindən hələ ödənilməyib.
Bununla belə, hadisənin təfərrüatı barədə danışan S.Seyfullayev digər məqamlara da aydınlıq gətirdi: “Fevralın 16-da Xəzər rayonu Binə qəsəbəsi ərazisində, saat 9 radələrində “Tofaş” markalı avtomobil mənə məxsus avtomobili vurdu. Nəticədə avtomobilimə zərər dəydi. Bu azmış kimi, maşında olan 4 nəfər üstümə hücum çəkdi. Həmin şəxslər içkili idilər. Hücum nəticəsində avtomobilin şüşəsini qırdılar. Özlərini qazi kimi təqdim edirdilər. Mən sığortanı çağırdım. “Haqq Sığorta”dan gəlib dedilər ki, qəza zamanı dəyən ziyan ödəniləcək, amma həmin şəxslərin qəzadan sonra avtomobilə vurduqları ziyanı şirkət ödəməyəcək. Çünki bu, xuliqanlıq hərəkətidir. Ancaq mən istəyirəm ki, heç olmasa qəza vaxtı mənə dəyən ziyan ödənilsin. Düzdür, mənə dəyən ziyan elə də böyük deyil. Hardasa maşına 500-600 manat ziyan dəyib. Ancaq mən kasıb adamam, 600 manat mənim üçün az pul deyil. Qışda iş zəif olur. Neçə vaxtdır oturmuşam evdə. İndiyə qədər sığortadan səs-soraq yoxdur. Yeri gəlmişkən onu da qeyd edim ki, mənə qarşı xuliqanlıq edənlərlə bağlı Xəzər rayonu 3-cü Polis Bölməsi onları bölməyə apardı və həmin şəxslərdən izahat aldı. O cümlədən, mən də bölmədə geniş izahat yazıb mənə qarşı edilənlərlə bağlı ətraflı izahat yazdım. Bununla bağlı araşdırma gedir və iş Xəzər Rayon Polis İdarəsinə göndərilib. Hələ bir xəbər olmasa da, ümid edirəm ki, mənə zərər vuran şəxslər öz cəzasını alacaqlar”.
Bir neçə dəfə “Haqq Sığorta” ilə əlaqə yaratmaq istəsək də, bu mümkün olmadı.
Rəsul Cahangirli: “Bu həm sığorta şirkətlərinə olan inamı sarsıdır, həm də...”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, sığorta şirkətlərinin dəyən ziyanı ödəməkdən yayınmaları çox geniş yayılıb: “Sığorta şirkətləri maksimum çalışırlar ki, az ödəniş etsinlər. Bir sıra hallarda etdikləri ödənişlər avtomobilə dəyən zərəri qarşılamaq gücündə olmur. Nə edək ki, bizdə bu problemlər hələ də mövcuddur. Bu da həm sığorta şirkətlərinə olan inamı sarsıdır, həm də vətəndaşların sığortaya olan marağını öldürür. Zatən, sığortaya olan zəif inam fonunda belə hadisələrin yaşanması xoşagələn hal deyil”.
Ekspert bu kimi hallara son qoyulması üçün çıxış yolunu sığorta ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsində gördüyünü dedi.
Vidadi ORDAHALLI