Son zamanlar istehlakçıların dükan və ya bazardan aldıqları yeyinti məhsullarının içərisindən xoşagəlməz nəsə çıxır. Gah bulkanın içərisindən şurup çıxır, gah tortun içərisində sellofan torba olur, ya da dəmir qırığı.
Bu günlərdə vətəndaş Bakıda mağazalardan birində satılan çörəyi alıb və həmin çörəyin üzərindən mismar çıxıb. Binə Çörək Zavodu tərəfindən istehsal olunan çörəkdə mismar aşkarlanıb. Qeyd edək ki, zamanla çörəkdən müxtəlif növ yad cismlərin çıxması haqqında məlumatlar yayılıb.
Binə Çörək Zavodu - Orxan İmaməliyev: “Çörəkdən mismarın çıxması haqqında yayılan xəbər düzgün deyil”
Binə Çörək Zavodunun satış müdiri Orxan İmaməliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, çörəkdən mismarın çıxması haqqında yayılan xəbər düzgün deyil: “Fotoya baxanda açıq-aşkar görünür ki, mismar çörəyin üzərinə qoyulub. Bu isə o deməkdir ki, mismar qəsdən qoyulub və bu hal bilərəkdən edilib. Məlumdur ki, çörək zovodunda mismarla bağlı hər hansı iş görülmür. Çörək hazırlanarkən mismardan istifadə olunmadığı halda, yad cismin orada olması şübhə yaradır. Bəllidir, kimsə bazarda özünə yer etmək üçün bu oyuna əl atıb”.
Eyyub Hüseynov: “...burada heç bir gigiyenadan söhbət gedə bilməz”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Nazirlər Kabinetinin 95 saylı qərarına əsasən, bütün mallar, əsasən də ərzaq məhsulları qablaşdırılmalıdır: "Malın büküldüyü kağızın üzərində isə məhsul istehsal edən şirkətin adı, ünvanı və əlaqə telefonu yazılmalıdır. Çox təəssüf ki, zavod çörəkləri qablaşdırılmır və açıq satılır. Həmin müəssisələrin əlaqə vasitələri də gizli qalır. Bu da istehlakçıların hüquqları və Nazirlər Kabinetinin qərarının pozulması deməkdir. Bu halda, istehlakçı mütləq lazımi orqanlara məlumat verməlidir. Çörəyin içərisindən kənar cisim çıxırsa, demək, burada heç bir gigiyenadan söhbət gedə bilməz. Belə müəssisələr bağlanmalı, ya da müasir texnologiyalarla işləməlidirlər. Bunun qarşısı mütləq alınmalıdır. Əks halda, insanlar arasında xəstəliklər artar".
Ekspert xüsusi olaraq bildirdi ki, istehlakçılar belə halla üzləşərsə, ya AİB-ə, ya da həmin müəssisələrə müraciət edərək, problemin həllində qismən kömək edə bilərlər: "Biz də bu zaman aidiyyəti dövlət orqanlarına müraciət edərək, məsələnin həlli yolunda işlər görürük".
Günel CƏLİLOVA