Nazirlər Kabinetinin yaydığı məlumatda qeyd olunur ki, “Onkoloji xəstələrin dərman vasitələri ilə təminatı Qaydası”nda dəyişiklik nəzərdə tutulur.
Onkoloji xəstələrə ediləcək yardımın mahiyyəti onların dərmanla təmin olunmasıdır.
“Azərbaycanda şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya və talassemiya, onkoloji, irsi qan xəstəliyinə düçar olmuş xəstələr pulsuz dərmanlarla təmin olunurlar”
Onkoloji xəstələrə ediləcək yardımın əhəmiyyəti haqqında danışan professor, həkim-ekspert Adil Qeybulla qeyd etd ki, dövlət proqramları çərçivəsində xəstələrə pulsuz verilməli olan dərmanların insanlara çatdırılmasında yaranan problem yeni mexanizmin tətbiq edilməsi ilə bağlı idi: “Azərbaycanda şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya və talassemiya, onkoloji, irsi qan xəstəliyinə düçar olmuş xəstələr pulsuz dərmanlarla təmin olunurlar. Əslində, poliklinikanın nəzdində apteklər var ki, indiyə qədər diabet xəstələri dərmanlarını onlardan alırdılar. Bu dərmanların adları siyahıda olur və ehtiyacı olan xəstələr pulsuz olaraq onlardan yararlanırdılar. Dərmanların paylanmasına da ciddi nəzarət var. Yeni mexanizmdə, ola bilsin, problemlər var. Mexanizm dəyişə bilər, amma dərmanların təşkili məsələsi qalacaq. Hər halda, dərman alan şəxslərin qeydiyyatı orada da aparılacaq”.
Həmsöhbətimiz onu da vurğuladı ki, poliklinikaya diabet dərmanları üçün üz tutan, ancaq əliboş qayıdan xəstələr də olub. Bunun səbəbi xaricdən ölkəmizə dərman gətirən firmalarla bağlıdır: “Bu dərmanların Azərbaycana gətirilməsinin əksəriyyətini firmalar həyata keçirirlər. Ona görə də, ola bilsin, həmin dərmanların çatışmazlığı olsun. Hər halda, müvafiq strukturun borcu odur ki, xəstələrə Səhiyyə Nazirliyinin təyin etdiyi dərman siyahısı və onların Azərbaycana gətirilməsi təmin olunsun. Onların müəyyən bir kvotası var. O kvotada da həmin dərmanlar diabet xəstələrinə pulsuz verilir”.
Ekspert onu da vurğuladı ki, onkoloji xəstələrə dövlət tərəfindən yardımın edilməsi müsbət haldır.
Günel CƏLİLOVA