Mətbuatda yayılan xəbərə görə, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çapdan çıxıb. Söhbət Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda hazırlanmış “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsindən gedir.
Mətbuatda o da bildirilir ki, AMEA-nın Birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin sədrliyilə Humanitar və İctimai Elmlər Bölməsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun dilçi alimlərinin iştirakı ilə siqnal variantının müzakirəsi keçirilib. Akademik İ.Həbibbəyli lüğətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan dilinin orfoqrafiya normaları” əsasında hazırlandığını, müəyyən edilmiş normalara ciddi surətdə əməl olunduğunu bildirib. Müzakirədə çıxış edən alimlər nəşrlə bağlı müəyyən təkliflərini bildiriblər.
Bildirək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 1929-cu ildən bu günədək Dilçilik İnstitutunda hazırlanaraq nəşr edilib. Orfoqrafiya lüğətinin yeni nəşrinin də Dilçilik İnstitutunun lüğətçilik üzrə ixtisaslaşmış tanınmış dilçi alimləri və mütəxəssisləri tərəfindən hazırlandığı deyilir.
Məlumatlara görə, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” sentyabr ayında kitab halında nəşr edilib oxuculara və geniş ictimaiyyətə təqdim olunacaq.
Onu da vurğulamaq yerinə düşərdi ki, Azərbaycan dilinin orfoqrafiya lüğəti ilə bağlı indiyə qədər mətbuatda kifayət qədər qalmaqallı fikirlər yer alıb, lüğətin layihəsi ciddi şəkildə tənqid edilib.
Bir müddət əvvəl isə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə alternativ olaraq, Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən “Azərbaycan dilinin orfoqrafiya lüğəti” çap olundu. Mərkəzdən bildirildi ki, lüğət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli, 174 nömrəli Qərarı ilə təsdiq olunmuş “Azərbaycan dilinin orfoqrafiya normaları”na uyğun tərtib edilib. Azərbaycan Dövlət Tərcümə Mərkəzinin çap etdirdiyi “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin müqəddiməsində hətta AMEA-nın orfoqrafiya lüğətinin ciddi şəkildə tənqidinə geniş yer verilib. Bu barədə əvvəllər ətraflı yazdığımız üçün indi onlara toxunmaq istəmirik.
Son günlər mətbuatda AMEA-nın Dilçilik İnstitutunun hazırladığı “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi haqqında qalmaqallı fikirlər yer almaqdadır. İddialara görə, lüğətin nəşrinə ayrılan vəsait artıq xərclənib və guya ortada vəsait yoxdur. Bundan başqa, iddia edilənə görə, nəşrin siqnal nüsxəsi də keyfiyyətcə çox aşağıdır.
“…burada hansı vəsaitin xərclənib qurtarmasından söhbət gedə bilər?”
Səsləndirilən iddiaların həqiqətə uyğun olmadığını deyən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Bakı-Xəbər”ə bildirdi ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi çap olunub və müzakirədən sonra üzərində müəyyən düzəlişlər edilib və gələn həftə AMEA-nın “Elm” nəşriyyatında çapa veriləcək. “Bizim hazırladığımız lüğətin siqnal nüsxəsi işıq üzü görüb. Onun içindəkilərdən də ictimaiyyətin xəbəri yoxdur. Beş-on nüsxə özümüz üçün çıxarıblar. Siqnal nüsxədə də çoxlu texniki səhv vardı, hərflər yerinə düz düşməmişdi. Bu da sırf texniki səhvlər idi. Biz “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsini müzakirə etdik və lüğətə yüngülvari düzəlişlər də edərək, yeni sözlər də əlavə etdik. Məsələn, postpandemiya sözünü artırdıq. Gələn həftənin əvvəlində “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ni “Elm” nəşriyyatında çapa verəcəyik. Tezliklə çap olunacaq. “Azərbaycan dilinin orfoqrafiya lüğəti” AMEA-nın öz daxili imkanları hesabına çap olunacaq. Bu nəşrin çap edilməsi Akademiya, institutdaxili işdir. Lüğət Akademiyanın daxili imkanları hesabına nəşr edilirsə, burada hansı vəsaitin xərclənib qurtarmasından söhbət gedə bilər? Belə bir məsələ yoxdur”.
Bəzi iddialara görə, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin siqnal nüsxəsi “Lider” nəşriyyatında çap olunub. M.Nağısoylu iddianı təkzib edərək bildirdi ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 2004-cü ildə sözügedən nəşriyyatda çap olunub. Onun sözlərinə görə, “Azərbaycan dilinin orfoqrafiya lüğəti” 2004-də “Lider” nəşriyyatında, 2013-cü ildə isə “Şərq-Qərb” nəşriyyatında işıq üzü görüb. “Deyirəm, sizin də, başqalarının da xəbəri olsun ki, 2013-cü ildə çap olunan “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Dilçilik İnstitutu ilə “Şərq-Qərb” nəşriyyatının müştərək işidir. Yəni bizim müstəqil nəşrimiz deyil, bu, kitabın üzərində yazılıb, kitabın içində də “Şərq-Qərb” nəşriyyatının lüğətin hazırlanma prosesində iştirak edən əməkdaşlarının adları qeyd edilib” - deyə M.Nağısoylu qeyd etdi.
M.Nağısoylunun sözlərinə görə, çapa hazırlanan lüğətdə 90 min söz yer alıb.
İradə SARIYEVA