“2020-ci ildə I qrupda imtahan verən 28 842 nəfərdən 58,9 faizi müsabiqəyə buraxılıb. Keçən il I qrup üzrə imtahanlarda 27 927 nəfər iştirak edib, onlardan 57 faizi imtahana buraxılıb. II qrupda bu il imtahan verən abituriyentlərin 63,4 faizi, III qrupda 84,3 faizi, IV qrup üzrə isə 82 faizi müsabiqəyə buraxılıb”. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn mətbuat konfransında deyib.
O bildirib ki, 0-100 balarası nəticə göstərənlərin sayı 16, 100 baldan yuxarı nəticə göstərənlərin sayı isə 84 faiz olub. Keçən il I qrupda 100 baldan yuxarı nəticə göstərənlər 79 faiz idi, bu il daha çox abituriyent 100 baldan yuxarı nəticə göstərib.
Statistik rəqəmlərdə də qeyd olunur ki, bu il 0-100 bal toplayan abituriyenlər daha çox I və IV qrupa imtahan verənlərdir. 0-100 bal toplayan abituriyentlərin daha çox bölgələrdən olduğu iddia olunur.
“0-100 balarası nəticə göstərənlərin çoxu əvvəlki illərdə məktəbi bitirənlərdir”
Təhsil eksperti Elçin Əfəndi qeyd etdi ki, builki nəticə ötən ilkindən daha yaxşı oldu, bu gözlənilən deyildi. Pandemiya səbəbindən nəticələrin zəif olacağı gözlənilirdi. Balları müqayisə edəndə görürük ki, həqiqətən də bu il nəticələr heç də pis deyil.
Həmsöhbətimiz onu da əlavə etdi ki, sosial şəbəkələrdə I qrup üzrə imtahan verənlərin göstəricilərinin zəif olması müzakirə edilir. Belə ki, 0-100 bal toplayanların sayının kifayət qədər yüksək olduğu qeyd edilir: “Məlumat üçün bildirim ki, 0-100 balarası nəticə göstərənlərin çoxu əvvəlki illərdə məktəbi bitirənlərdir. Düzdür, aralarında bu il məktəbi bitirənlər də var. Problem var, amma böyüdüləcək qədər deyil. Çünki şagirdlər pandemiya şəraitində çətinliklə hazırlaşırdılar. Mart ayından sonra belə bir vəziyyətlə üz-üzə qaldığımız halda, göstərilən nəticəni yüksək qiymətləndirmək olar. Amma bu, təsəlli ola bilməz, daha çox çalışılmalıdır, geniş praktikalardan və innovativ təhsildən istifadə olunmalıdır”.
Günel CƏLİLOVA