10/07/2020 23:14
728 x 90

Paşinyan Xankəndinin tarixi barədə bunları bilmədiyi üçün Əliyev Münhendə onu pis vəziyyətə saldı

Qasım Hacıyev: “Cənab Prezident Xankəndinin ermənilərlə heç bir əlaqəsinin olmadığını tarixi faktlarla bir daha dünyanın diqqətinə çatdıraraq Paşinyanın yalanını ifşa etdi”

img

Tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağ erməni işğalında olsa da, respublikamızın ayrılmaz tərkib hissəsidir. Məlum olduğu kimi, ermənilər işğal altında saxladıqları Dağlıq Qarabağın şəhər və rayonlarının adlarını erməniləşdirməyə cəhd edirlər. Faktiki isə həmin rayonların, şəhərlərin adları türk-Azərbaycan mənşəlidir. Ermənilərin onların adlarını dəyişdirib hər hansı bir şəklə, formaya salmasından asılı olmayaraq, o yerlərin, ərazilərin, şəhər, rayon, qəsəbə və kəndlərin adları dəyişməzdir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev keçirdiyi bütün görüşlərdə Dağlıq Qarabağ problemi ilə bağlı müzakirələr aparılarkən, birmənalı olaraq, Dağlıq Qarabağın özünün, eləcə də oradakı şəhər və kəndlərin qədim adlarının türk mənşəli olduğunu vurğulayıb. Hazırda işğal altında olan Xankəndi şəhərinin adının birbaşa türk mənşəli olmasının əlavə şərhə ehtiyacı yoxdur. Hazırda ermənilərin “Stepanakert” adlandırdıqları Xankəndi barədə də Ermənistanın Baş naziri N.Paşinyan bir sıra sərsəm fikirlər irəli sürmüşdü, həm həmin zaman, həm də sonrakı dönəmlərdə Azərbaycan Prezidenti İlham Əliyevin sərrast məntiqi qarşısında Paşinyan aşkarcasına sarsıntı keçirmişdi.

Tarixi savadsızlığı ilə yanaşı, həm də saxtakarlıq yolu tutan Paşinyanın sərsəm fikirlərinin bir qara qəpik qiyməti yoxdur. Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı debatda Paşinyanı bir daha öz faktları, tarixi bilgiləri və həqiqəti söyləməklə mat qoydu, məğlub vəziyyətə saldı. Belə ki, Xankəndinin adını erməniləşdirməyə cəhd göstərən Paşinyan Prezident İlham Əliyevdən aldığı tutarlı cavab nəticəsində susmağa məcbur oldu. “...Şaumyana gəlincə. Cənab Baş nazir indicə qeyd etdi ki, Dağlıq Qarabağı Azərbaycana vermək qərarını Stalin verib. Bu, səhvdir. Bir daha Qafqaz Bürosunun qərarına baxın, 1921-ci il iyul, orada deyilir ki, Dağlıq Qarabağı Azərbaycanda saxlamaq, Azərbaycana vermək yox. Əgər o, Stalini belə çox bəyənmirsə, qəribədir ki, niyə Şaumyanı belə çox bəyənir? Çünki Şaumyan bolşeviklərdən biri idi. O, günahsız azərbaycanlıları qətlə yetirmiş şəxs idi. Bugünkü Dağlıq Qarabağın qondarma paytaxtı onun adı ilə adlandırılıb. Sual olunur: əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki paytaxtın qədim adı Xankəndidir - Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, kert Ermənistanda şəhər deməkdir, elə deyilmi? Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur və mənim başladığım məqama gəldikdə bu tarixi məsələ münaqişənin necə həll olunmalı olduğunu başa düşmək üçün mühümdür...” - deyə Prezident İlham Əliyev qeyd edib.

  • “1923-cü ildə ermənipərəst Kirovun dəstəyilə Xankəndinin adı da dəyişdirilərək Stepanakert edilir”

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq bölməsinin rəhbəri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyan da digər erməni şovinistləri kimi yalan danışmaqda mahir olsa da, Azərbaycan Prezidentinin söylədiyi həqiqətlər qarşısında pərt vəziyyədə düşdü. Xankəndinin tarixən ermənilərlə heç bir bağlılığı olmadığını deyən Q.Hacıyevin sözlərinə görə, ermənilər Dağlıq Qarabağa, eləcə onun şəhərlərindən biri olan Xankəndinə  “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra köç ediblər.

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın Xankəndi şəhərinin erməniləşdirilməsi, onun adının dəyişdirilməsi ermənilər üçün heç bir müsbət nəticə vermir. Q.Hacıyev vurğuladı ki, 1991-ci il dekabrın 26-da Ermənistan silahlı qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğalından sonra yaradılan qondarma quruma paytaxt kimi Xankəndi şəhəri seçilib. “Cənab Prezident Xankəndinin ermənilərlə heç bir əlaqəsinin olmadığını tarixi faktlarla bir daha dünyanın diqqətinə çatdıraraq Paşinyanın yalanını ifşa etdi. Yeri gəlmişkən deyim ki, 1923-cü ildə ermənipərəst Kirovun dəstəyilə Xankəndinin adı da dəyişdirilərək Stepanakert edilir. Şəhərə verilən adın onunla heç bir əlaqəsi yoxdur. Xanın kəndi hara, daşnak-bolşevik Stepan Şaumyan hara?”.

İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan şəhər tipli qəsəbəsi daxildir. Q.Hacıyev vurğuladı ki, Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə, şəhər XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığı başçılarının - xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. Xanların fəaliyyətinə maksimum şərait yaradılması üçün məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində salınır. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə, Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana yaxın olması da əsas götürülüb. Belə ki, yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı. “İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından, el arasında “Xanın kəndi” kimi tanınır. Xankəndi xanın kəndi deməkdir və bu sözün də birbaşa türk-Azərbaycan sözü olduğu məlumdur. Onu da qeyd edim ki, xanın kəndi olan bu yaşayış məskəni qısa bir müddətdən sonra Xankəndi adını alır.

Yəni həmin dövrdə burada erməni olmayıb ki, onun adı erməni dilində olsun. Paşinyan Şaumyan söhbəti ilə özünü tamamilə ifşa etdi. Gördüyümüz kimi, onlar Stepan Şaumyandan on əlli yapışıblar. Çünki onun əli yüzlərlə türkün, müsəlmanın qanına batıb. Şaumyan bolşevik olmaqdan çox daşnak idi və o, bolşevik adı altında öz daşnak niyyətlərini həyata keçirib”.  

Q.Hacıyev qeyd etdi ki, Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə Xankəndi sonuncu Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimə bağışlanır. Qarabağ xanlığını zorla Rusiya imperiyasına birləşdirən 1813-cü il “Gülüstan” müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşmışdı. Rusiyanın Qarabağı işğal etməsi bütün bölgələrə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir edir. Əvvəlki həyat tərzi dağıdılır, Azərbaycan cəmiyyəti üçün ənənəvi olan sülalələr bölgüsü qadağan edilir, hər şey imperiyanın maraqlarına tabe etdirilir. Eyni zamanda, keçmiş xanlıq ərazisində tez-tez baş verən üsyanların qarşısını almaq üçün bütün ərazi boyu hərbi hissələr yerləşdirilməyə başlayır. Onların biri də Xankəndində yerləşdirilir. Yer hərbi hissə üçün çox əlverişli idi. Bir tərəfdən çara tabe olmaq istəməyən Şuşanı və ətrafdakı xeyli Azərbaycan məskənini nəzarətdə saxlamaq mümkün idi. Digər tərəfdən, Xankəndiyə İrandan köçürülən və rus hərbi bazalarında onlara qulluq edəcək erməni ailələrini yerləşdirmək planı var idi. Çar çinovniklərinə digər bölgələrdə olmasa da, Xankəndidə etnik proporsiyanı müəyyən qədər pozmaq mümkün oldu. 1813-ci ildə Xankəndidə heç bir erməni və rus ailəsi yaşamasa da, artıq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və kilsə var idi. Rusiya işğalından dərhal sonra orada çar ordusunun Qafqaz Süvari Diviziyasının qərargahı və kazarmaları yerləşdirildi. “Ermənilər və rus zabitləri yaşayış məskənini "qərargah" adlandırsalar da, 1847-ci il Çar Rusiyası xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşür. Çar işğalından sonra böyüyən Xankəndi şəhərinə, bir qayda olaraq, İrandan köçürülən ermənilər yerləşdirilir, etibar doğurduqlarına görə çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin edilirdilər. 1900-cu ildə Xankəndidə artıq 3 min əhali yaşayır, hətta ikisinifli məktəb də fəliyyət göstərirdi. Şəhərdə 1-ci Sujeno-Vladiqafqaz Tersk kazak qoşun postu yerləşdirilir. Çar Rusiyasının, sonra isə Sovet imperiyasının məqsədli yeridilən etnik siyasəti  nəticəsində ötən əsrin əvvəllərində Xankəndidə erməni və rus əhalisinin sayının artırılmasına meyl göstərilir. Amma, bununla belə, onların sayı azərbaycanlıların sayından üstün ola bilmir. Xankəndidə xeyli sayda xan nəslinin nümayəndəsi, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayırdılar. Məqsədli təcrid siyasətinə baxmayaraq, azərbaycanlılar Xankəndidə ciddi söz sahibi idilər və hakimiyyət onlarla hesablaşmalı olurdu”.

Qeyd edık ki, başqa tarixçilər vurğulayırlar ki, Sovet hakimiyyəti illərində erməni millətçi dairələrinin Azərbaycan torpaqlarına iddiası Lenin, Stalin və Orconikidzenin dəstəyilə yeni forma almağa başladı. Buna 1920-ci ildə Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi olmuş erməni Anostas Mikoyanın və 1921-1925-ci illərdə həmin vəzifəni tutmuş ermənipərəst bolqar Sergey Kirovun apardığı siyasət də rəvac verdi. Bu siyasət nəticəsində 1923-cü il iyulun 4-də Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi Zaqafqaziya Bürosunun iclasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin taleyi məsələsi müzakirə edildi. Azərbaycan torpağının taleyini buna müstəsna hüququ olan Azərbaycan xalqı deyil, siyasi təşkilatın bürosunun 9 nəfər üzvü həll etməyə girişdi. Onların isə 3-ü erməni, 3-ü gürcü, 1-i bölgəyə tamamilə yad olan bolqar, ancaq biri - Nəriman Nərimanov azərbaycanlı idi. Bu çoxluq isə həmin iclasda bütn qanunları və reallıqları kənara qoyaraq Dağlıq Qarabağı Ermənistana vermək qərarına gəlir. Ancaq N.Nərimanovun Moskvaya qəti etirazı bir gün sonra büronu əvvəlki qərarını ləğv edərək bölgəyə muxtariyyat verilməklə Azərbaycanın tərkibində saxlamaq qərarını verməyə məcbur edir. Görünür, Lenin və Stalin artıq İrəvan, Zəngəzur və Göyçəsi əlindən alınmış Azərbaycanın Qarabağ itkisində gərgin situasiyanın yaranacağını nəzərə alırdılar. Həmçinin, Azərbaycan rəhbərlərinin kənardan gəlmə - 1921-ci ildə A.Mikoyan, 1921-1925-ci illərdə isə S.Kirov olması respublikanı ikinci Ermənistan kimi qəbul etmələrinə şərait yaradırdı.

Qeyd edək ki, ermənipərəst Kirovun dəstəyilə qısa bir zamandan sonra Xankəndinin adı da dəyişdirilərək Stepanakert edilir. Belə ki, 6 oktyabr 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə DQMV-nin erməni əhalisinin "müraciəti" nəzərə alınaraq Xankəndi qəsəbəsinin adı dəyişdirilərək Stepanakert adlandırıldı. Nəyə görə bütün vilayət əhalisinin deyil, ancaq erməni əhalisinin müraciətinin nəzərə alınması sualına isə cavab yoxdur. Bu zaman Stepan Şaumyanın Azərbaycana 1914-cü ildə gələrək 1918-ci ildə yoxa çıxdığı, 1917-1918-ci illərdə Azərbaycan xalqına qarşı qətliamın təşkilatçısı olduğu, onun Dağlıq Qarabağla, konkret olaraq Xankəndi ilə heç bir əlaqəsi olmadığı respublikanın o vaxtkı rəhbərliyini qətiyyən maraqlandırmırdı. Elə indi də erməni işğalçılarının işğal altında olan Xankəndini bolşevik və qətliam törədicisi Şaumyanın adı ilə Stepanakert adlandırması onların əsl mahiyyətindən xəbər verir. Ancaq bütün Sovet dövründə Azərbaycan ictimaiyyəti şəhəri qeyri-rəsmi olaraq Xankəndi adlandırmaqda davam edirdi. Sonralar tarix sübut etdi ki, Moskvanın məqsədi Azərbaycanın ərazi bütövlüyünü qorumaq yox, onun içərisində erməni millətçiliyinin dayağı olaraq, respublikaya daim problem yaradacaq mərkəzin yaradılması idi. DQMV yaradılandan SSRİ dağılanadək nəinki Xankəndinin, hətta vilayətdəki irili-xırdalı bütün təşkilatların rəhbərləri ancaq erməni millətindən olan şəxslər təyin edilirdilər...

Xankəndinin sürətlə böyüməsi nəticəsində 1978-ci ilin may ayında Xankəndi şəhər statusunu aldı. Şəhər Xankəndi rayonu tabeliyindən çıxarıldı, həmin rayonun adı isə dəyişdirilərək Əsgəran rayonu adlandırıldı.

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

Son xəbərlər