Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan 9 fevral – parlament seçkiləri yerli media ilə yanaşı, beynəlxalq medianın diqqət mərkəzində oldu. Bir çox xarici KİV nümayəndələri ölkəmizdə seçki prosesini izləyərək geniş şəkildə işıqlandırdılar. Rusiyanın TASS, RİA “Novosti” agentlikləri, “Arqumentı i faktı” qəzeti kimi çox nüfuzlu media orqanları seçki prosesinə dair məqalələr yaydılar.
Məqalələrdə, həmçinin, deputatlığa namizədlər qarşısında qoyulan tələblərdən də bəhs edilir. Qeyd edilir ki, ikili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Milli Məclisə deputat seçilə bilməzlər.
Türkiyə mediası da ölkəmizdə parlament seçkilərini işıqlandıran əcnəbi KİV sırasında olub. Türkiyənin nüfuzlu “Hürriyyət” qəzetində “Azərbaycanda xalq seçki qutusu qarşısında” sərlövhəli məqalə dərc edilib. Məqalədə vurğulanır ki, seçkidə 125 yer uğrunda 1314 deputatlığa namizəd mübarizə aparıb. Azərbaycanda seçkini 78 minə yaxın yerli müşahidəçi izləyib, bundan başqa, 883 beynəlxalq müşahidəçi parlament seçkilərini izləmək üçün qeydiyyatdan keçib. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin ailə üzvləri ilə birgə səs verməsi də Türkiyə mediasının diqqətində olub.
Bir sözlə, fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkiləri aparıcı dünya KİV-nin diqqət mərkəzində olub.
Vüqar Rəhimzadə: “Xarici media Azərbaycanın siyasi proseslərdə nə qədər aktiv olduğunu dünya ictimaiyyətinə çatdırdı”
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 9 fevral tarixində seçkilər uğurlu şəkildə baş tutdu: “Nəzərə almaq lazımdır ki, Azərbaycan mediası ictimai-siyasi prosesləri daim izləyir, prosesləri nəzarətdə saxlayır. Azərbaycan mediası ilə yanaşı, beynəlxalq media da 9 fevral tarixində baş tutan seçki prosesinin yüksək səviyyədə həyata keçdiyini dünya ictimaiyyətinə çatdırdı. Azərbaycan mətbuatı ilə yanaşı, dünya mediası da ölkəmizin tək iqtisadi inkişafını deyil, eyni zamanda, Azərbaycanın siyası proseslərdə nə qədər aktiv olduğunu dünya ictimaiyyətinə çatdırdı”.
Günel CƏLİLOVA