Paşinyan hakimiyyəti öz siyasi rəqiblərini sıradan çıxarmaq üçün bütün vasitələrdən istifadə edir. Belə total hücumlar yalnız onlarla müxalif olan fərdlərə deyil, eyni zamanda, bütöv bir struktura, hətta həmin ölkənin konstitusion dayaqları sayılan təsisatlara qarşı aparılır.
İndi də hədəf kimi ölkənin Konstitusiya Məhkəməsi seçilib. Qurumun sədri Paşinyana tabe olmur, daha doğrusu, onun sifarişlərini icra etmir. Buna görə də istənilən vasitədən istifadə edilir ki, qurum ölkə rəhbərliyinə ram olunsun. Parlamentdə qurumun ləğvi ilə bağlı səylər səmərə vermədi. Yeganə çıxış yolunu Konstitusiyanın dəyişdirilməsində görürlər. Bunun da yolu ümumxalq referendumundan keçir. Ermənistan parlamenti belə bir qərar qəbul edib. Ölkənin vətəndaş sektoru bu qərara qarşı səfərbər edilib. Konstitusiyanın dəyişməsinə qarşı olan hüquqşünas və QHT rəhbərlərinin sayı 106 nəfərdir. Onlar bütün beynəlxalq qurumlara və ölkə vətəndaşlarına, eyni zamanda, Ermənistan hakimiyyətinə müraciət edirlər ki, konstitusion pozuntunun qarşısı dərhal alınsın. Buna baxmayaraq, ikili standartlarla fəaliyyətə üstünlük verən Avropa qurumları məsələyə olduqca loyal yanaşırlar.
Ekspert Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bir neçə müddətdir Paşinyanla Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyan arasında yaranan qarşıdurma artıq daha gərgin mərhələsini yaşamaqdadır: “Belə ki, uzunmüddətli mübarizədən sonra Ermənistan parlamentinin təcili iclasında Konstitusiya Məhkəməsinin sədri və üzvlərinin istefasına dair referendum keçiriləcəyi barədə qanun layihəsi təsdiq edilib.
Konstitusiya Məhkəməsinin yeni tərkibini müəyyən etmək üçün nəzərdə tutulan referendum barədə qanun layihəsinin lehinə 88 deputat, əleyhinə isə 15 deputat səs verib. "Çiçəklənən Ermənistan” fraksiyası səsvermədə iştirak etməyib. Yerli medianın yazdığına görə, referendum mart ayının sonu və ya aprelin əvvəlində keçirilə bilər. Böyük əksəriyyəti Baş nazir Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyasının üzvü olan "Mənim addımım” bloku 132 deputatdan ibarət parlamentdə 88, “Çiçəklənən Ermənistan” Partiyası 26, “İşıqlı Ermənistan” Partiyası 17 mandatla təmsil edilir.
Qeyd edək ki, Ermənistan Konstitusiyasına "Mənim addımım” fraksiyası tərəfindən hazırlanmış düzəlişlərə əsasən, Konstitusiya Məhkəməsi sədrinin və üzvlərinin səlahiyyətlərinə xitam verilməsi nəzərdə tutulur. Bu dəyişikliklər 9 hakimdən ikisinə - Vaqe Qriqoryanla Armen Dilanyana şamil edilmir. Digər 7 hakim və sədr Hrayr Tovmasyan isə yeni düzəlişlərin əsas hədəfidir.
Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Tovmasyanın üçüncü prezident Serj Sarkisyanın tərəfdarı olduğunu və Konstitusiya mətninin onun maraqlarına uyğun dəyişdiyini iddia edib: "Sarkisyanla Tovmasyan arasında belə bir razılaşma əldə olunub ki, məhkəmə sədri ona ölkəyə ömürlük rəhbərlik etməsinə şərait yaradan mətn hazırlamalı və həmin mətn 2035-ci ilədək onu qorumalıdır. Açıq-aşkar görünür ki, Paşinyan bu məsələdə siyasi rəqiblərini sıradan çıxarmağı hədəfləyir. Dərin təəssüflə qeyd etməliyəm ki, Avropa strukturları bu məsələyə sükutlu mövqe sərgiləyir”.
Məhəmmədəli QƏRİBLİ