Azərbaycanda parlament seçkilərində 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərib.
Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edirlər.
Xüsusilə diqqətçəkən müşahidəçilərin sayı və təmsil etdikləri ölkələrlə bağlıdır. 58 ölkənin Azərbaycanda keçirilən seçkiyə maraq göstərməsi olduqca ciddi göstəricidir. Çünki dünyanın digər ölkələrində keçirilən seçkilərin heç də hamısına bu şəkildə beynəlxalq diqqət olmur. Ən maraqlısı isə budur ki, seçkiləri müşahidə edən bəzi ölkələrin təmsilçiləri Azərbaycandakı seçki təcrübəsinin öyrənilməsini və öz ölkələrinə tətbiqini istədiklərini deyiblər.
Azərbaycanda keçirilən parlament seçkilərini izləyən vyetnamlı müşahidəçilərdən ibarət nümayəndə heyətinin sədri, Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nghiem Vu Khai bildirib ki, biz Azərbaycanın seçki keçirmək təcrübəsini öyrənməliyik: “Burada olduğumuz dörd gün müddətində Azərbaycanda tam şəffaf seçki prosesinin şahidi olduq”.
O, Qəbələ, Şəki və Bakıda seçkiqabağı prosesi izlədiklərini, müşahidə apardıqları 5 məntəqədə namizədlərlə bağlı bütün məlumatların yerləşdirildiyini, şəffaflığın təmin olunduğunu və bütün namizədlərə bərabər şəraitin yaradıldığını qeyd edib. Deyib ki, proses tam şəffaf şəkildə həyata keçirilib.
Səsvermə prosesində müasir texnologiyaların istifadə olunmasını yüksək qiymətləndirən müşahidəçi bildirib. “Eyni zamanda, biz seçki prosesində texnologiyaların tətbiqinin əyani şahidi olduq. Yəni istənilən xarici ölkədən Azərbaycanda keçirilən seçkiləri sərbəst şəkildə izləmək mümkündür. İnsanların barmaqlarına mürəkkəbin vurulması da bizim üçün yenilik idi. Bu, şəffaflığın tam təmin edilməsinin göstəricisidir. Olduğumuz məntəqədə insanların sərbəst şəkildə səs vermələrinin şahidi olduq, hər hansı pozuntu müşahidə etmədik. Seçicilərlə söhbətimdə onlar daha çox gənc namizədləri dəstəklədiklərini bildirdilər. Bu, müsbət məqamdır. İnanıram ki, yeni seçilən parlament daha güclü olacaq”.
Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən ABŞ-dan olan müşahidə missiyasının üzvü, Yəhudi Respublikaçılar Alyansının təsisçisi Mitç Silberman isə deyib ki, bir neçə məntəqədə səsvermə prosesini müşahidə ediblər: “Məntəqələrdə seçkilərin qaydalara uyğun keçirildiyinin şahidi olduq. Müşahidələrim zamanı heç bir insident qeydə alınmadı”.
Müşahidə missiyasının digər üzvü, San-Dieqo Universitetinin professoru Martin Kruminq bildirib ki, onlar Azərbaycanda azad seçkilər və demokratiya uğrunda mübarizəyə şahidlik ediblər. Onun sözlərinə görə, Azərbaycanda keçirilən seçki digər ölkələrə nümunə göstərilə bilər.
Digər amerikalı müşahidəçi, Buxara yəhudilərinin ABŞ və Kanada üzrə koordinatoru Rafael Nektal da müşahidələr zamanı qayda pozuntusunun aşkarlanmadığını vurğulayıb.
Böyük Britaniyadan olan müşahidəçi Peter Douglas Banks bildirib ki, həm seçki günündən bir gün qabaq, həm də seçki günü ölkənin bir neçə bölgəsində seçki məntəqələrində müşahidə aparıblar: “Müşahidə apardığımız Quba, Şamaxı, Gəncə, Qəbələ, Bakı və Sumqayıtdakı seçki dairələrində ümumi vəziyyəti qənaətbəxş hesab etmək olar. Biz beynəlxalq müşahidəçi statusunda olduğumuz üçün seçkinin gedişatına, seçicilərin seçiminə müdaxilə etmək imkanımız yoxdur. Amma kənardan seçicilərə hər hansı təzyiq edildiyinin, maneçilik törədildiyinin şahidi olmadıq".
Danimarkadan olan müşahidəçi Nikolas Milthers namizədlərin sayını və müstəqil şəxslərin namizəd kimi seçkidə iştirakını yüksək qiymətləndirdiyini deyib: "Biz secki gününə qədər 20-dən çox namizədlə görüşdük və onları dinlədik. Hər məntəqədə 20-dən çox namizədin olması seçkidə yaradılan obyektiv şəraitin göstəricisidir".
Almaniyadan olan müşahidəçi Onur Oğuz Dəllal isə bütün seçkilərdə narazı tərəflərin, neqativlərin olmasının normal olduğunu qeyd edib.
Kifayət qədər ölkənin təmsilçisi olan müşahidəçilərin seçkiləri monitorinq edib, xoş təəssüratla ayrılmasının ölkəmizin beynəlxalq imicinə də müsbət təsiri var. Çünki buradan ayrılan müşahidəçilər hərəsi öz ölkəsinə gedəcək. Orada da gördükləri barədə danışacaqlar. Gələnlərin hamısı yaxşı postlarda çalışan adamlardır. Onların əhatə dairəsi də böyükdür. Eyni zamanda, müşahidəçilərin arasında çoxlu sayda parlamentari var. Onlar da gedib öz ölkələrinin parlamentində müşahidələrinin nəticəsini bölüşəcəklər. Bütün bunlar Azərbaycanın demokratik imicini daha da möhkəmləndirəcək. Bu amil həm də Azərbaycanla təmasların çoxalmasına səbəb olur. Bunun da nəticəsində ölkəmizin təbliği asanlaşır. Həm təbliğat, həm də ölkəmizin digər maraqları baxımından olduqca yaxşı nümunədir. Mütləq deyil ki, hamısı Azərbaycanı tərifləsin. Elə ölkəmizə göstərilən diqqət onların burada iştirakında özünü göstərir.
Məhəmmədəli QƏRİBLİ