Son günlər Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Cenevrədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirdikləri görüşün nəticələri hər iki ölkədə geniş müzakirə olunmaqdadır.
Üstəlik, Ermənistanın Baş naziri Nikol Paşinyanın indiyədək aparılmış danışıqların detalları barədə açıqlama verməsi və xalqı sülhə hazırlamaq əvəzinə, “bir qarış torpağın qaytarılmayacağı” barədə dedikləri vəziyyəti daha da gərginləşdirir. Məsələ ondadır ki, son günlər Paşinyanın səsləndirdiyi sərsəm bəyanatlar nəinki münaqişənin sülh yolu ilə həllinə kömək etmir, hətta yeni müharibə təhlükəsi yaradır.
O da məlumdur ki, aprelin 5-də Ermənistanda referendum keçiriləcək. Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin yeni tərkibini müəyyən etmək üçün nəzərdə tutulan referendum barədə qanun layihəsini qəbul edib. Təklif olunan dəyişikliklər Konstitusiya Məhkəməsinin sədri və üzvlərinin 2015-ci ildə Konstitusiya islahatlarından əvvəl müəyyənləşdirilən səlahiyyətlərinin dayandırılması ilə əlaqədardır. Adətən, Ermənistan hakimiyyəti hər dəfə ölkədə keçirilən seçkilərdən bir bəhanə kimi istifadə edərək Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı sülh danışıqlarını uzadır. Ermənistanda hansı qüvvələrin hakimiyyətdə olmasından asılı olmayaraq, bu pozucu taktikadan istifadə edilib. Sonuncu dəfə 2018-ci ildə ölkədəki hakimiyyət dəyişikliklərini bəhanə edərək bir ilə qədər danışıqları yubatdılar. İndi də referendum məsələsini ortaya atıb danışıqları yubadırlar. Beləcə, hər dəfə qarşı tərəf öz “ənənəvi” taktikasını işə salır. Müşahidələr göstərir ki, bu dəfə də sülh danışıqları prosesi Ermənistan tərəfindən yubadılacaq.
“Qondarma Qarabağ rejimində seçkilər, ardınca ermənilərin yeni referendum oyunları danışıqlarda fasilə yaradacaqsa...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan hakimiyyəti məqsədyönlü şəkildə danışıqları uzadır: “Ermənistan daim danışıqların intensiv getdiyi bir ərəfədə müəyyən bir bəhanə ilə prosesdən uzaqlaşmağı hədəfləyib. Məhz Cenevrədə başladılan danışıqlar mərhələsində onların bu referendum oyunları yenidən danışıqlara zərbə vura bilər. Hesab edirəm ki, Ermənistan daxilində bu siyasi gərginliklər, bütövlükdə, danışıqlara mane olmamalıdır. Çünki yenilənmiş “Madrid prinsipləri” üzrə davam edəcək danışıqlarda irəliləyişlər olmasa, vəziyyət dəyişəcək. Azərbaycan tərəfi mümkün digər variantlara əl ata bilər. Qondarma Qarabağ rejimində seçkilər, ardınca ermənilərin yeni referendum oyunları danışıqlarda fasilə yaradacaqsa, bu, növbəti bir ilin itirilməsinə gətirib çıxaracaq. Hesab edirəm ki, Azərbaycan tərəfi Minsk Qrupunun həmsədrlərinin diqqətinə bu məsələni çatdırmalı və danışıqlarda irəliləyişə gətirə biləcək bir mərhələ açmalıdır. Ermənistan çalışacaq ki, bu danışıqlar mərhələsini də sabotaj etsin. Ancaq Azərbaycanın hazırkı diplomatiyası və prinsipial siyasəti vəziyyəti müsbətə doğru dəyişə bilər”.
Vidadi ORDAHALLI