Məlum olduğu kimi, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Bu, ölkədə keçirilən 6-cı çağırış parlament seçkiləri idi. Ümumilikdə, son parlament seçkilərində 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisi olub. 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.
Qeyd edək ki, parlament seçkilərinə qatılmaq üçün, ümumilikdə, 2431 nəfər müraciət etmişdi. Müraciət edənlərin bəzilərinin namizədliyi qeydə alınmadı. Çünki qeydiyyat üçün lazım olan səsi toplaya bilməyiblər. Digərləri isə seçkiyədək namizədliyini geri götürüb. Bütün hallarda, seçkidə iştirak edən 1314 nəfər namizəddən 246 nəfərin siyasi partiya üzvi kimi prosesə qatılması çox kiçik göstəricidir. Bu, cəmiyyətin partiyalara etimad göstərməməsinin nəticəsidir. Belə olmasaydı, o zaman iddialı olanlar daha çox partiya üzvi kimi namizədliyini irəli sürəcəkdilər. Məlum olur ki, parlamentə iddialı olan şəxslər partiya üzvü kimi namizədliyini verməkdənsə, bitərəf olaraq seçkiyə qatılmağı daha üstün tuturlar. Çünki mövcud partiyaların əksəriyyətinə cəmiyyətdə etimad yoxdur. Bütün bunlardan çıxış edərək hesab etmək olarmı ki, ölkədə partiyalaşmanın yeni mərhələsinə ictimai tələbat yetişib?
“Nə qədər ki, bu baş verməyib, siyasi təşkilatlara cəmiyyətdə inam aşağı olacaq”
Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun fikrincə, son parlament seçkilərini nəzərə alsaq, ölkədə partiyalaşmanın yeni mərhələsinə zərurət yaranıb. O bunu bir sıra amillərlə əlaqələndirdi: “Görünən odur ki, Azərbaycanda partiya institutu yenilənməlidir. Mən özüm uzun illər partiyada təmsil olunmuşam. Artıq müstəqil olaraq siyasi fəaliyyətlə məşğulam. Ölkədəki siyasi arenaya kifayət qədər bələdəm. Həqiqətən də partiyalara cəmiyyətin etimadı çox aşağı səviyyədədir. Ölkədə 50-dən çox partiya qeydiyyatdan keçsə də, onların əksəriyyətinin sosial bazası, əhəmiyyətli sayda tərəfdarı yoxdur. Nəinki əhəmiyyətli sayda, heç ümumiyyətlə, tərəfdarları belə yoxdur. Bir çox partiyanın nizamnamə və məramnamələri oxşardır, bir-birini təkrarlayır. Mövcud partiyalar gəncləri özünə cəlb edə bilmirlər. Bütövlükdə, ideoloji baxımdan partiyalar cəmiyyət üçün cəlbedici deyil. Ona görə də bir çoxu bitərəf olaraq seçkiyə qatılmağı daha üstün hesab edir. Belə olmasaydı, o zaman partiya üzvü kimi namizədlərin sayı indikindən daha çox olardı. Azərbaycanda partiyalarla bağlı mövcud mənzərə çox pis təsir bağışlayır. Bunun nəticəsidir ki, partiya adı gələndə insanlar bunu ya ikrah hissi ilə qarşılayır, ya da lağ obyektinə çevirirlər. O üzdən, ölkədə partiyalaşmanın yeni mərhələsinə ictimai tələbat var. Nə qədər ki, ölkədəki partiya institutu yenilənməyib, siyasi təşkilatlara cəmiyyətdə inam aşağı olacaq”.
Vidadi ORDAHALLI