Azərbaycan Mətbuat Şurası medianın 9 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı fəaliyyətinin monitorinqini aparıb.
Monitorinqdə məqsəd ölkənin ictimai rəyə təsir göstərən kütləvi informasiya vasitələrinin seçki dövrünü işıqlandırmalarındakı nəzərəçarpan peşəkarlıq meyllərini qruplaşdırmaqdan, deputatlığa namizədlərin KİV-lərdə öz təbliğat kampaniyalarını aparmaları imkanlarını müəyyənləşdirməkdən ibarətdir. Monitorinqdə KİV-lərin “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”na nə dərəcədə riayət etmələrinə diqqət yetirilib. Bu xüsusda təbliğat, əks-təbliğat materiallarına, “qara piar” halları nəzərdən keçirilib.
Monitorinq 3 mərhələdə keçirilib:
1. Milli Məclisə növbədənkənar seçkilərin rəsmən elan olunduğu tarixdən təbliğat-təşviqat kampaniyasının başlandığı tarixədək olan dövr – 5 dekabr 2019-16 yanvar 2020;
2. Təbliğat-təşviqat kampaniyası dövrü 17 yanvar – 7 fevral 2020;
3. 9 fevral parlament seçkisinin işıqlandırılması. Medianın prosesdə iştirakçılığı, jurnalist fəaliyyətinə yaradılmış şəraitin öyrənilməsi – 9 fevral 2020.
20 qəzetin, 30 elektron informasiya resursunun cəlb olunduğu monitorinqin ilkin nəticələri onu deməyə əsas verir ki, namizədlərin təbliğat-təşviqat işlərini aparmaları üçünmeydan kifayət qədər geniş olub. Hər bir namizəd bu və ya digər kütləvi informasiya vasitəsində sərbəst şəkildə öz platformasını açıqlamaq imkanı qazanıb. Mövcud şərait medianın seçki prosesinə həssas yanaşmasını təsdiqləyən mühüm göstəricidir.
Seçki günü medianın prosesdəki aktivliyi özünün ən yüksək səviyyəsinə çatıb. Həmin gün yayımlanmış seçki materialları monitorinqi aparılmış KİV-lərin ümumi materiallarının 85 faizini təşkil edib. Bu isə onu söyləməyə əsas verir ki, jurnalistlər ölkə və xalq üçün böyük əhəmiyyət daşıyan prosesə həssaslıqla yanaşıblar. Monitorinqi aparılmış KİV-lərdə sükut gününün tələblərinə də ümumən riayət olunub.
Azərbaycan Mətbuat Şurası 9 fevral 2020-ci il tarixdə keçirilmiş Milli Məclisə növbədənkənar parlament seçkiləri günü fəaliyyətini iki istiqamətdə qurub.
Bunlardan birincisi Şurada “qaynar xətt” rejimi təşkili olub. Şuranın (012) 441 35 96 şəhər, (050) 206 96 02 mobil telefon nömrələri fevralın 9-da saat 08.00-dan 19.00-dək bu rejimdə fəaliyyət göstərib. Məqsəd növbədənkənar parlament seçkilərini işıqlandıran jurnalistlərin üzərinə düşən missiyanı səmərəli yerinə yetirmələri, bu istiqamətdəki mümkün problemlərin və anlaşılmazlıqların dərhal aradan qaldırılmasını təmin etmək olub. Şura gün ərzində “qaynar xətt”in fəaliyyəti ilə bağlı 3 informasiya yayıb.
Mətbuat Şurasının “qaynar xətt”inə 4 müraciət daxil olub. Müraciətlərdən 3-ü 57 saylı Kürdəmir seçki dairəsinin 3,5 və 20 saylı məntəqələri ilə bağlıdır. 1 müraciət isə 47 saylı Mingəçevir seçki dairəsinin 15 saylı seçki məntəqəsindəndir. Müraciət edənlər “7news” saytının əməkdaşı Murad Musayev, “Ayna.az” saytının əməkdaşı Rumiyyə Miraslan, “Femida.az” saytının əməkdaşı Mircəlal Məcidov və “Mediapress.az” saytının əməkdaşı Könül Aypara olub. Hər dörd məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyası ilə operativ əlaqə saxlanılıb, qurumun araşdırmaları sonrası problemlər aradan qaldırılıb.
MŞ sədri Əflatun Amaşov 22 saylı Nəsimi ikinci, MŞ sədrinin müavinləri – Umud Mirzəyev və Müşfiq Ələsgərli müvafiq olaraq 8 saylı Binəqədi birinci və 30 saylı Suraxanı birinci seçki dairələrindəki, Şuranın İdarə Heyətinin üzvlərindən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 17 saylı Yasamal üçüncü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 29 saylı Səbail, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev 11 saylı Qaradağ, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı 12 saylı Qaradağ-Binəqədi-Yasamal, Azərbaycanlıların və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayıl 60 saylı Salyan-Neftçala, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli 41 saylı Sumqayıt birinci seçki dairələrinə daxil olan məntəqələrdə jurnalistlərə yaradılmış şəratin monitorinqini aparıblar.