Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri barədə hesabatı 2020-ci ilin aprel ayında baş tutacaq plenar iclasda müzakirə edəcək.
Bu barədə AŞPA-nın müşahidə missiyasının üzvü, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Ştefan Şennak bildirib. Onun sözlərinə görə, hesabat hazırlamaq üçün seçkidən sonra daha iki dəfə Azərbaycana səfər etməyi planlaşdırır. Ş.Şennak seçki günü bunları da deyib: “Səsvermə prosesi əvvəlki seçkilərdə olduğu kimi, öz axarı ilə davam edir. Hələ ki, iki seçki məntəqəsində olmuşam. Ümumilikdə seçki prosesi, seçici fəallığı barədə danışmaq hələ tezdir. Mətbuat konfransı olacaq, müşahidələrimizi sizinlə bölüşəcəyik”.
Qeyd edək ki, fevralın 10-da AŞPA nümayəndə heyətinin rəhbərliyi söz verdiyi mətbuat konfransını keçirib. AŞPA müşahidə missiyasının rəhbəri Frank Şvabe deyib ki, seçkilərə hazırlıq prosesini qiymətləndiriblər: “Öncə Azərbaycan hökumətinə seçkiləri izləmək üçün bizi dəvət etdiyinə görə təşəkkür edirik. Seçkilərə hazırlıq prosesində müəyyən irəliləyişlərə baxmayaraq, səslərin hesablanmasında yol verilən pozuntular var”.
O vurğulayıb ki, səslərin hesablanması ilə bağlı prosesdə bəzi qanun pozuntuları müşahidə edilib: “Mən 30 Saylı Seçki Dairəsində 10 saylı məntəqədə bunu müşahidə etmişəm. Həmkarlarım da bəzi dairələrdə eyni halla üzləşiblər. Avropa Məhkəməsinin qərarlarının təmin olunmaması İlqar Məmmədov və digərlərinin seçkidə iştirakının qarşısını almışdı”.
Çox maraqlıdır ki, AŞPA müşahidə missiyasının rəhbərinin ilkin dəyərləndirməsində yalnız neqativliklər nəzərə çarpır. Bu baxımdan da maraqlıdır, AŞPA niyə seçkilərlə bağlı müşahidələrinin nəticəsini dərhal deyil, məhz apreldə elan etməyə hazırlaşır?
Elşən Həsənov: “Çalışırlar ki, həmin zamana kimi münasibətlər durulsun və yaxşı məcraya düşsün”
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hazırda AŞPA ilə Azərbaycan hakimiyyəti arasındakı münasibətlər gərgindir: “Mən deyərdim ki, hətta ən kritik dönəmini yaşayır. Vəziyyət o həddə çatıb ki, Azərbaycan Prezidenti AŞPA-nı lazımsız qurum adlandırıb. Bütün bunları doğuran səbəblər var. Çünki Avropanın bəzi strukturları və xüsusilə də AŞPA Azərbaycana qarşı daim qərəzli münasibət sərgiləyir. Qurum Azərbaycanda olan siyasi məhbuslarla bağlı qəbul etdiyi qətnamədə qərəzli olduğu üçün Azərbaycan rəhbərlik səviyyəsində onlara etiraz edib. Prezident deyib ki, biz qurumun qətnamələrini icra etməyəcəyik. Təbii ki, belə olan halda, AŞPA missiyasının mövqe ortaya qoyması münasibətləri daha da kəskinləşdirə bilər. Fikir verirsinizsə, AŞPA nümayəndələrinin ilkin dəyərləndirməsində yalnız neqativ hallarla bağlı danışılıb. Bir növ, anons veriblər ki, onların yekun rəyi mənfi ola bilər. Bu səbəbdən də anonsu verib, bir qədər manevr etmək istəyirlər. Çalışırlar ki, həmin zamana kimi münasibətlər durulsun və yaxşı məcraya düşsün. Bilirsiniz ki, Avropa qurumlarının əksəriyyəti verəcəkləri bəyanatların zamanını və məğzini öz maraqlarına uyğun şəkildə edirlər. Bu məsələdə də həmin manevri etmək istəyirlər. Mənə elə gəlir ki, ölkə başçısının AŞPA ilə bağlı söylədiyi fikirlər onlar üçün ciddi xəbərdarlıq olmalıdır. Nəticə çıxarıb, normal münasibətlər qurmalıdırlar. Əks halda, yollar ayrıla bilər. Mənə elə gəlir ki, seçkinin nəticələrinə dərhal qiymət vermək üçün onlara mane olan ciddi bir amil yox idi”.
Məhəmmədəli QƏRİBLİ