Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri də bu konfliktlə ilgili həqiqətlərin mütəmadi olaraq dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu xüsusda dünyanın müxtəlif media orqanlarında Qarabağ həqiqətləri ilə bağlı materialların verilməsi də diqqət mərkəzindədir.
Ümumiyyətlə, son dövrlərdə dünya mediasında Qarabağ məsələsinə daha çox diqqət yetirilir və bu da erməni tərəfində ciddi təşviş yaradır. Düşmən ölkədə hesab olunur ki, bu hal Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı uğurlu ifnormasiya siyasətinin mühüm tərkib hissələrindən birinə çevrilib. Bu xüsusda erməni ekspert Marina Qriqoryan bildirir ki, Ermənistan, Azərbaycandan fərqli olaraq, Qarabağ məsələsində lazımi informasiya siyasətinə malik olmayıb: “Bildirməliyik ki, Ermənistanda məqsədlərimizə dövlət səviyyəsində nail olmaq istəyimizlə bağlı nə siyasətimiz, nə də metodlarımız var”. Məhz bu vəziyyətdə Qarabağ məsələsinə dair beynəlxalq mediada gedən yazılar Ermənistanda dərhal böyük ajiotaj yaradır. Belə bir vaxtda İtaliyanın “Il Caffè Geopolitico” qəzetində Qarabağ münaqişəsinə dair maraqlı yazı dərc olunub. Burada Dağlıq Qarabağ münaqişəsinin kökləri, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi tarixi, sovetlər dönəmində Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzündən bəhs olunur. Həmçinin işğal olunmuş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizlənmə siyasətinin həyata keçirilməsindən, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsindən və işğal edilmiş ərazilərdə Azərbaycanın bütün tarixi abidələrinin dağıdılmasından, hərbi əməliyyatlar vaxtı Ermənistan ordusunun beynəlxalq humanitar hüququ ciddi şəkildə pozmasından bəhs edilir.
İşğal olunmuş ərazilərimizdə yaradılmış qanunsuz separatçı rejimlə bağlı qeyd edilir ki, bu, əslində dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistanın özü tərəfindən belə tanınmayıb. Yəni Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüzü ört-basdır etmək üçün yaratdığı marionet bir rejimdir. Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə də vurğulayır ki, münaqişəyə baxmayaraq, Azərbaycan sosial-iqtisadi inkişafda mühüm nəticələr əldə edib, regionda inkişaf, əməkdaşlıq və rifaha töhfə verən əhəmiyyətli strateji nəqliyyat və enerji layihələri həyata keçirib: “Ermənistan isə qonşularına qarşı düşmənçilik siyasəti və Azərbaycana qarşı hərbi təcavüzə görə bütün bu strateji layihələrdən kənarda qalıb. Bu ölkə yoxsulluq və xaricdə normal həyat axtarışı səbəbindən vətəndaşlarının kütləvi şəkildə ölkəni tərk etməsi ilə üzləşib. Ermənistanda ağır sosial-iqtisadi vəziyyətlə əlaqədar kəskin etirazların nəticəsində hakimiyyətə gələn ölkənin yeni siyasi rəhbərliyindən münaqişə ilə bağlı əvvəlki hökumətdən fərqli olaraq müsbət davranış gözlənilsə də, bu gözləntilər özünü doğrultmayıb. Üstəlik, Ermənistanın hazırkı rəhbərliyi münaqişə ilə bağlı sülh prosesinə xələl gətirən və beynəlxalq birliyin böyük təəccübünə səbəb olan bir sıra ziddiyyətli açıqlamalar verdi. Ermənistanda ciddi sosial-iqtisadi problemlərin həlli bu ölkənin hakimiyyətinin münaqişə ilə bağlı Azərbaycanla razılaşma əldə etməsindən asılıdır, bunun üçün isə Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması zəruridir, çünki həmin ərazilərdə işğalçı qoşunların mövcudluğu sülh üçün əsas maneədir. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılmadan, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü bərpa olunmadan və bölgədə münaqişədən əvvəlki demoqrafik vəziyyət təmin olunmadan, yəni azərbaycanlı qaçqın və məcburi köçkünlər, Dağlıq Qarabağ da daxil olmaqla, öz ərazilərinə qayıtmadan münaqişəni həll etmək mümkün deyil. Bu şərtlər beynəlxalq hüquqa, Helsinki Yekun Aktına və münaqişə ilə bağlı beynəlxalq təşkilatların çoxsaylı sənədlərinə, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğundur”.
Fransanın ”village-justice.com” saytında da Qarabağ münaqişəsinə dair maraqlı məqamlara toxunulur. Burada yayımlanan məqalədə Dağlıq Qarabağ münaqişəsindən bəhs edilərək, münaqişə nəticəsində 30 mindən çox insanın həlak olduğu bildirilir. Qeyd edilir ki, münaqişə nəticəsində 1 milyon azərbaycanlı doğma torpaqlarından didərgin düşüb. Qondarma “Dağlıq Qarabağ respublikası”nın heç bir ölkə, eləcə də Fransa tərəfindən tanınmadığı diqqətə çatdırılaraq qeyd edilib ki, erməni məsələsinin populyar olmasından istifadə edilərək qardaşlaşma təşəbbüsləri yaranıb və Fransanın bir çox kommunaları ilə Azərbaycanın işğal altında olan ərazisinin yerli kollektivləri arasında qanunsuz qardaşlaşma xartiyaları imzalanıb. Vurğulanır ki, prezident Emmanuel Makron hələ 2019-cu ildə Fransa Erməniləri Təşkilatının Koordinasiya Şurasının illik şam yeməyində xatırladıb ki, Fransa da digər dövlətlər kimi qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır və Dağlıq Qarabağda olan kommunalarla fransız yerli kollektivləri arasında imzalanan xartiyalar heç bir hüquqi qüvvəyə malik ola bilməz. Bildirilir ki, məhz buna görə də fransız bələdiyyələri və Dağlıq Qarabağ kommunaları arasında imzalanan xartiyalar Fransa məhkəmələri tərəfindən ləğv edilib. Məhkəmələr bu qanunsuz xartiyaları ləğv edərkən vurğulayıblar ki, ölkədə merlər Fransanın tanımadığı, tanınması beynəlxalq münaqişə yarada biləcək ərazi vahidinin yerli kollektivi ilə münasibətlər qurmağa razılaşıb. Belə xartiyalar Fransanın beynəlxalq öhdəlikləri bilinmədən imzalanıb və Fransanın münaqişə ilə bağlı neytral öhdəlik götürdüyü xatırladılıb. Məqalədə imzalanan qanunsuz xartiyaların Konstitusiyanın 5, 14, 20-ci və 52-dən 55-dək olan maddələrinə, eləcə də yerli kollektivlərə dair ümumi məcəllənin L1115-1 maddəsinə zidd olduğu vurğulanır.
Fransanın “politiquematin” portalında da bildilir ki, Qarabağ münaqişəsinin həllini tezliklə tapması Avropanın da marağına uyğundur. “Bildilir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması Qafqazda sabitliyi təhdid altına atır. Meksikanın nüfuzlu “El Sol de Mexico” qəzetində də Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonun işğal olunduğu, həmin torpaqlardan bir milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qaldığı bildirilir. Bu vəziyyətə dünya ictimaiyyətinin biganə qalmadığı, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal altındakı torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin qəbul olunduğu oxucuların diqqətinə çatdırılır. Qəzet Xocalı soyqırımının müasir tarixin ən faciəvi və dəhşətli səhifələrindən biri olduğunu qeyd edərək, silahsız əhalinin yalnız azərbaycanlı olduğuna görə qəddarcasına qətlə yetirildiyini oxucularının diqqətinə çatdırır. ABŞ-ın nüfuzlu “Jamestown Foundation” nəşri Ermənistanın siyasəti üzündən Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir irəliləyiş olmadığını, Ermənistanın təcavüzkar və status-kvonu saxlamaq siyasətini davam etdirdyini bildirir. Vurğulanır ki, bu hal regionda savaş təhdidi yaradır və belə vəziyyət Qərbin də maraqlarına cavab vermir. Avropanın nüfuzlu “euractiv” xəbər portalı isə yazır ki, Qarabağ münaqişəsinin həlli üçün hər hansı ciddi addım atılmır, əksinə, dünya Ermənistanın destruktiv siyasətinə şahidlik edir: “Danışıqlar prosesinin artıq təsis olunmuş formatının mövcudluğuna baxmayaraq, Ermənistan tərəfi bu formatı dəyişməyə cəhd etdi. Ermənistan və Azərbaycan bu münaqişənin tərəfləridir, ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəçilərdir. Daha sonra Ermənistan tərəfi çox yüksək səviyyədə “yeni ərazilər, yeni müharibələr” və “bir santimetr belə ərazinin qaytarılmayacağı” kimi fikirlər səsləndirdi. Nəhayət, Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində “Dağlıq Qarabağ Ermənistandır” dedi. Bu, suveren bir dövlətin ərazisinin digər ölkənin rəhbəri səviyyəsində açıq şəkildə ilhaq edilməsi deməkdir. Bu tamamilə qəbuledilməzdir. Bu cür yanaşma, nəinki danışıqlara zərbə vurur, bütövlükdə danışıqlar prosesini dağıdır”.
Bütün bunlar, sadəcə, son bir ay ərzində dünya mediasında yer alan məlumatlardır. Aydındır ki, bunlar Ermənistanın təcavüz siyasətinin ifşa olunmasında da önəmli rola malikdir. “Geopragma” araşdırma mərkəzinin vitse-prezidenti Patrisiya Lalonde bunları vacib sayır. O vurğulayır ki, çox mühüm geosiyasi məkanda, daim təlatümlü olan bir regionda yerləşən Azərbaycan üçün Qarabağ münaqşiəsinin həlli çox önəmlidir. Patrisiya Lalonde qeyd edib ki, Azərbaycan “dondurulmuş“ adlandırılan Dağlıq Qarabağ münaqişəsinə məruz qalıb. Ümid edirik ki, bu münaqişə tezliklə həllini tapacaq. Həmin münaqişə regionda hər an alovlana biləcək bir təhlükədir: “Bu səbəbdən dünyanın Qarabağ məsələsinin həllində vacib addımlar atması, daim bu mövzunu diqqət mərkəzində saxlaması olduqca önəmlidir. Münaqişənin alovlanması bütün regiona, hətta Avropaya yaxşı heç nə vəd etmir. Elə buna görə də məsələnin dinc həlli üçün real addımlar atılmalıdır“.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.