Fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər zamanı daxili işlər orqanları tərəfindən qanunla müəyyən olunmuş vəzifələrin icrası təmin edilib, təhlükəsizlik və hüquq qaydası etibarlı qorunub.
Daxili İşlər Nazirliyinin seçkilərlə bağlı yaydığı məlumata görə, ictimai asayişin kobud surətdə pozulması halı qeydə alınmayıb: “Saat 19.00-a olan müddətə ictimai asayişin kobud surətdə pozulması, seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb. Polis yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda - rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa edib, qanunauyğun tədbirlər görüb”.
Göründüyü kimi, son parlament seçkilərində ictimai asayişin kobud surətdə pozulması halları qeydə alınmayıb. Hansı ki, bundan əvvəl keçirilən parlament seçkilərində belə hallar qeydə alınırdı. Bəzi seçki dairələrində ictimai asayişin kobud surətdə pozulması halları baş verirdi. Seçki amilindən istifadə edən müəyyən qüvvələr bundan öz məqsədləri üçün yararlanaraq, ictimai asayişi kobud formada pozur və yaxud da pozmağa cəhd edirdilər. Bu dəfə isə, qeyd edildiyi kimi, bunların heç biri baş vermədi.
Maraqlıdır, belə halın baş verməməsi nəyin təsirindən irəli gəlir? Polisin ictimai asayişin yüksək səviyyədə qorunması ilə bağlı gördüyü işlər, seçicilərin öz hüquqlarını bilməsi bunda nə kimi rol oynayıb?
“İctimai asayişin qorunmasında polisin fədakarlığı böyükdür”
Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, bir sıra amillər bunda rol oynayıb: “Bunun başlıca səbəbi onunla bağlıdır ki, Azərbaycan vətəndaşları ölkədə sabitliyə xüsusi önəm verirlər. Məsələ ondadır ki, seçicilər ölkədə müşahidə olunan inkişafın bilavasitə sabitliklə bağlı olduğunu yaxşı bilirlər. Digər tərəfdən, bunda ölkədəki polis işçilərinin əməyini xüsusi vurğulamaq lazımdır. Çünki ictimai asayişin qorunmasında onların fədakarlığı böyükdür. Ölkədəki seçkilərin şəffaf və demokratik keçirilməsi üçün bütün münbit şərait yaradılıb. Hüquq-mühafizə orqanları da seçkinin təhlükəsizliyini təmin edirlər. Bu aspekt də ictimai asayişin qorunmasında mühüm rol oynayır. Ən nəhayət, bu, ölkə vətəndaşlarının mədəni səviyyəsinin yüksək olmasından irəli gəlir. Deməyim odur ki, bütün bu sadalananların vəhdət şəklində olması seçki günü ictimai asayişin kobud surətdə pozulmasına imkan vermədi. Hesab edirəm ki, bütün bunlar müsbət göstəricidir. O baxımdan bunu təqdir etmək lazımdır”.
Vidadi ORDAHALLI