Məlum olduğu kimi, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Keçirilən parlament seçkilərində seçici fəallığı açıqlanıb. Məlum olub ki, 2 milyon 547 min 982 seçici səsvermədə iştirak edib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, parlament seçkilərində seçici fəallığı 47,81 faiz olub. Bununla belə, keçirilmiş parlament seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb. Belə ki, seçici fəallığının ən yüksək olduğu dairə 1 saylı Şərur-Sədərək Seçki Dairəsi olub. 1 saylı Şərur-Sədərək seçki dairəsindən 76,1 faiz (46 min 225 seçicidən 29419 nəfər) seçici səsvermədə iştirak edib. Seçici fəallığının ən aşağı olduğu dairə isə 17 saylı Yasamal üçüncü Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 17,84 % (30 min 534 seçicidən 5447 nəfər) olub.
Adətən bir sıra ölkələrdə seçici fəallığı o qədər də yüksək olmur, xüsusən də parlament və bələdiyyə seçkilərində. Bu baxımdan müqayisə aparanda Azərbaycanda vəziyyət digər ölkələrə baxanda yaxşıdır. Başqa bir tərəfdən, seçki günü kəskin hava şəraitini nəzərə alsaq, 48 faiz seçici fəallığının olması normal sayıla bilər.
Maraqlıdır, bəs ekspertlər parlament seçkilərindəki seçici fəallığının səviyyəsini necə dəyərləndirirlər?
“Bütün hallarda, son seçkilərdə seçici fəallığının 48 faiz olması müsbət göstəricidir”
Məsələyə münasibət bildirən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq, namizədin qalib gəlməsi üçün kvota yoxdur: “Yəni namizəd nisbi üstünlüklə qalib gələ bilir. Kim çox səs toplayıbsa, o, deputat olur. Ancaq bir məqamı qeyd edim ki, 2015-ci ildə parlament seçkilərində seçici fəallığı daha yüksək idi. Belə ki, ötən parlament seçkilərində seçici fəallığı 55 faiz idi. Əslində, burada təəccüblü bir şey yoxdur. Ona görə ki, demokratik ölkələrin hamısında bu belədir. O mənada ki, müəyyən dövrdə seçici fəallığı aşağı olur, bəzən yuxarı olur. Hər halda, müşahidələr onu göstərir ki, Azərbaycanda seçici fəallığı Avropa ölkələrindən üstündür. Avropa ölkələrində seçici fəallığı bundan qat-qat aşağıdır. Hətta bəzi ölkələrdə seçkiyə gəlməməklə bağlı cinayət işi açırlar. Bizdə sərbəstlik olduğuna görə bu, müsbət qarşılanmalıdır. Parlament seçkilərində seçici fəallığının səviyyəsi müxtəlif səbəblərdən qaynaqlanır. Buna əsasən fərdi qaydada yanaşmaq lazımdır. Elə namizəd var ki, populyarlıq səviyyəsi yüksəkdir və bu səbəbdən səs verənlərin sayı çoxdur. O üzdən, seçkiyə gələnlər çoxluq təşkil edir. Ona görə də hər dairə üzrə götürəndə müxtəlif seçici fəallığı var. Bütün hallarda, Azərbaycanda parlament seçkilərində seçici fəallığının 48 faiz olması müsbət göstəricidir”.
Vidadi ORDAHALLI