İraq parlamentinin ABŞ qüvvələrinin ölkədəki mövcudluğunu müzakirə etmək üçün fövqəladə iclası keçirilib.
Baki-xeber.com xəbər verir ki, Məhəmməd əl-Halbusinin başçılıq etdiyi İraq Məclisi ABŞ qüvvələrini ölkədən çıxarmaq barədə qərar qəbul edib.
İraq Parlamenti ABŞ-ın hücumu zamanı Bağdadda İran generalı Qasim Süleymani və Haşdi Şabi rəhbərlərindən Əbu Mehdi əl-Mühəndisin öldürülməsindən sonra ABŞ qoşunlarının ölkədən çıxarılmasına dair qanun layihəsini təsdiqləyib.
Fövqəladə iclasda ABŞ və digər xarici güclərin ölkədən çıxarılması səs çoxluğu ilə qəbul edilib. Məclis tərəfindən verilən açıqlamada qərarı icra etmək öhdəliyinin hökumətin üzərində olduğu bildirilir. Səsvermədən sonra şiə millət vəkilləri parlamentdə “ABŞ-a yox", “Mühəndisə bəli," Süleymaniyə bəli" və “Ey işgalçılar ölkədən çıxın" kimi şüarlar səsləndirib.
2003-cü ilin martında Səddam Hüseyn rejimini devirmək üçün İraqı işğal edən ABŞ-ın bu ölkədə bilinən doqquz hərbi bazası var. ABŞ 2011-ci ildə İraqdan çıxsa da, buradakı hərbi varlığını sözügedən hərbi bazalarla gücləndirdi. ABŞ-ın hazırda İraqda 5 min əsgəri var.
Orta Şərq qanlı müharibənin bir addımlığında… İran tarixində ilk dəfə müharibə bayrağı qaldırdı, raket bazalarını hazır vəziyyətə gətirdi, vurulacaq Amerika hədəfləri bir-bir açıqlandı, ABŞ da bölgəyə hərbi qüvvə toplayır…
Qeyd edək ki, ABŞ yanvarın 2-dən 3-nə keçən gecə Bağdad Beynəlxalq Aeroportunda İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Qüds qüvvələrinin komandiri Qasim Süleymani və şiə qrupu Haşdi Şabi liderlərindən olan Əbu Mehdi əl-Mühəndisi raket hücumu ilə öldürüb.