İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı Qüds qüvvələrinin komandiri Qasim Süleymaninin öldürülməsi ilə ABŞ-la İran arasında 67 illik gərginlik ən yüksək səviyyəyə çatıb. Baki-xeber.com xəbər verir ki, son hadisələrdən sonra bölgədə böyük bir müharibə ehtimalı indiyə kimi olmadığı qədər yüksək görünür.
İran tarixində ilk - müharibə bayrağı açıldı
İrandan gələn qisas bəyanatlarının ardından bu gün Qum şəhərindəki şiələr üçün böyük əhəmiyyət daşıyan müqəddəs Cemkeran məscidinin minarəsinə alınacaq intiqama işarə edən qırmızı müharibə bayrağı asılıb. Bu İran tarixində ilk dəfədir baş verir.
İran bütün raket bazalarını yüksək hazırlıq vəziyyətinə gətirdi, ABŞ bölgəyə Patriot sistemləri yerləşdirir
İran Hərbi Hava Qüvvələri isə bütün ballistik raketlərin yüksək hazır vəziyyətə gətirildiyini bəyan edib. İran mediası İran Hərbi Hava Qüvvələrinin Birləşmiş Ərəb Əmirliyi, Qətər və Səudiyyyə Ərəbistanında ABŞ Hərbi Hava Qüvvələrinə aid döyüş təyyarələrinə ev sahibliyi edən müxtəlif hərbi hava bazalarına raket zərbələri endirməyə hazır olduğunu iddia edib.
ABŞ Hərbi Hava Qüvvələri isə İordaniyadakı hərbi bazalarına SEPAH-ın ballistik və qanadlı raket hücumları təhlükəsinə qarşı “Patriot PAC3” raketdən müdafiə sistemləri göndərdiyi bildirilir. Jurnalist ekspert Babak Taqvay ABŞ-ın İordaniyaya üç gəmi ilə “Patriot PAC3” sistemləri də daxil olmaqla ağır texnika və silah göndərdiyini iddia edib.
ABŞ bölgəyə əlavə 120 minlik ordu göndərməyi də nəzərdən keçirir
Bundan əvvəl ABŞ regionda Amerika qüvvələrinə qarşı artan təhdidlərə görə, 82-ci Hava-Desant Diviziyasından Yaxın Şərqə 3 mindən çox əlavə əsgər göndərib. Adlarının gizli qalmasını istəyən rəsmilər ordunun bu həftənin əvvəlində Küveytə göndərilən təxminən 750 əsgərə qoşulacağını deyib. Bununla yanaşı ABŞ bölgəyə əlavə 120 minlik ordu göndərməyi də nəzərdən keçirir.
ABŞ-ın Hörmüz boğazında hədəfə alınacağına işarə...
İran İslam İnqilabı Keşikçiləri Korpusu isə ABŞ-ın bölgədəki 35 hədəfinin müəyyənləşdirildiyini elan edərək daha konkret bir bəyanat verib. “ABŞ-ın bölgədəki hədəfləri uzun müddət əvvəl müəyyənləşdirildi, 35 ABŞ hədəfi ilə yanaşı İsrailin paytaxtı Təl-Əvivdə mənzilimizdədir” – SEPAH-ın bəyanatında deyilir.
SEPAH komandirlərindən biri Qulam Əli Əbu Həmzə ABŞ-ı Hörmüz boğazında hədəfə alacaqlarına işarə edib. "Hörmüz Boğazı Qərb üçün vacib bir nöqtədir. Amerikanın çox sayda döyüş gəmisi Hörmüz boğazı, Ərəb dənizi və Fars körfəzindən keçir" - iranlı komandir deyib.
ABŞ-ın İraqdakı bazaları da hədəf taxtasında...
Digər tərəfdən Süleymaninin öldürülməsindən sonra İranın qisas hücumu ehtimalı bütün diqqətləri ABŞ-ın İraqdakı bazalarına yönəldib.
2003-cü ilin martında Səddam Hüseyn rejimini devirmək üçün İraqı işğal edən ABŞ-ın bu ölkədə bilinən doqquz hərbi bazası var. ABŞ 2011-ci ildə İraqdan çıxsa da, buradakı hərbi varlığını sözügedən hərbi bazalarla gücləndirdi. ABŞ-ın hazırda İraqda 5 min əsgəri var.
İraqdakı İrana yaxın şiə qrupları isə ABŞ-ın İraqda hərbi varlığını hədəf alacaqlarını bildirirlər. İraq Hizbullah Briqadaları isə parlamenti "ABŞ qüvvələrinin ölkədən çıxarılması üçün" qanun qəbul etməyə çağırıb.
İraq rəhbərliyi ABŞ-a qarşı...
Süleymani və Mühəndisə qarşı hücumu ölkə suverenliyinin pozulması kimi dəyərləndirən İraq Milli Təhlükəsizlik Şurası da ABŞ-ın bu ölkədəki hərbi varlığına son qoyma üçün hərəkətə keçib. Regionda gərginliyə yol açan son hava hücumunun, ABŞ qüvvələrinin İraqda mövcudluğu şərtlərini pozduğunu bildirən Şura, mövzunun parlamentin sabah keçiriləcək fövqəladə iclasında müzakirəyə çıxarılacağını bəyan edib. Şuranın açıqlamasında qeyd edilir ki, parlamentdə ABŞ-ın ölkədəki hərbi varlığına son qoyan qərar qəbul edilə bilər.
Bundan başqa, İraq rəhbərliyi ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqın Baş naziri və silahlı qüvvələr komandanı Adil Abdulmehdinin razılığı olmadan hər hansı əməliyyat keçirməsini qadağan edən qərar qəbul edib.
Koalisiya və NATO İraq ordusuna hərbi təlimləri dayandırdı
Digər tərəfdən, son hadisələrdən sonra koalisiya qüvvələri və NATO İraq ordusuna hərbi təlim missiyalarını dayandırdığını açıqlayıb. İraq isə silahlı qüvvələrə təlimlərin keçirilməsin üçün alternativ variantlarının olduğunu bəyan edib.
Qeyd edək ki, ABŞ yanvarın 2-dən 3-nə keçən gecə Bağdad Beynəlxalq Aeroportunda İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı Qüds qüvvələrinin komandiri Qasim Süleymani və şiə qrupu Haşdi Şabi liderlərindən olan Əbu Mehdi əl-Mühəndisin də aralarında olduğu 10 nəfərin ölümü ilə nəticələnən raket hücumu təşkil edib.
Tahir TAĞIYEV