Uzun sürən gözləntilərdən sonra Müsavat Partiyası öz qurultayını keçirmək qərarına gəldi. Məlum olduğu kimi, partiyanın nizamnaməsinə görə, İsa Qəmbərin səlahiyyət müddəti bitdiyindən, onun yenidən başqan seçilmək şansı qalmırdı. Siyasi təhlilçilər iki mümkün versiya üzərində təxminlər irəli sürürdü. Müsavata gətiriləcək yeni nəfəs partiyanı gücləndirəcək, yoxsa zəiflədəcək? Aydın məsələdir ki, İsa Qəmbərin mənəvi liderlik statusu ilə partiyaya təsir imkanlarını qoruyub saxlaya biləcəyi də ehtimallardan kənara çıxmırdı. Seçkinin əsas favoriti Qubad İbadoğlu ilə Arif Hacılı sayılırdı.
Aydın məsələdir ki, İsa Qəmbərin başqanlıqda qalmaq iddiası olsaydı, onun partiya daxilində olan real nüfuzu nizamnaməyə kiçicik bir dəyişiklik etməyə və həmin postu qorumağa tam imkan verirdi. Amma İsa Qəmbər böyük dirəniş göstərərək bunu etmədi.
Belə olan təqdirdə hələ ki, o qədər də əldən düşməyən İsa Qəmbərin hansı statusda partiyaya təsir etmək rıçaqlarından istifadə edəcəyi ətrafında çoxlu sayda təxminlər irəli sürülməyə başladı. İsa Qəmbər siyasətdən getmək istəmədiyini açıq mətnlə bəyan etmişdi: "Mənim 57 yaşım var, kişilərin isə pensiyaya çıxmaq yaşı 63-dür".
Demək, İsa Qəmbər siyasi arenanı tərk etmək istəmədiyini açıq bəyan edir. Ancaq Müsavat funksionerləri öz açıqlamalarında İsa Qəmbərin heç bir vəchlə Etibar Məmmədovun, Lalə Şövkətin yolunu getməyəcəyi haqda açıqlamalar verdi. Onlar İsa Qəmbərin hansısa mənəvi liderlik postu vasitəsilə Müsavata təsir etmək rıçaqını əldə etmək istəmədiyini vurğulayırdı.
Ancaq partiyanın son qurultayında qəbul edilən qərarlar göstərdi ki, İsa Qəmbər partiyanı yalnız 3 illik etibarnamə ilə Arif Hacılıya verməyə razılaşıb.
Müsavat Partiyasının 27 sentyabr qurultayında qəbul edilən özəl qətnaməyə diqqət edək.
Qətnaməyə görə, 2018-ci ilin oktyabrında keçiriləcək prezident seçkisində Müsavatın namizədi bu gün səlahiyyəti başa çatan beşinci başqan İsa Qəmbər olacaq.
İsa Qəmbər qurultaya təşəkkür edərək bu missiyanı öz üzərinə götürməkdən qürur duyduğunu deyib. Bundan əvvəl isə İsa Qəmbər partiyanın qurultayında çıxış edib. O, başqan postunda olduğu 22 ilə yaxın müddətin hesabatını verərək ayrı-ayrı dövrlər üzərində dayanıb. O, nizamnaməyə uyğun olaraq başqanlıq yarışına qatılmadığını xatırladıb və deyib ki, bu, partiyanın təqdim etdiyi gerçək demokratiya nümunəsidir.
Artıq Müsavat elitasında partiyanın sonunun çatdığını hiss etməyə başlayıblar. Məğlub tərəf kimi Qubad İbadoğluna yaxın çevrənin incik ruhla yazdıqları statuslardan bu aydın hiss edilir.
Bu da bir həqiqətdir ki, partiyanın bir qədər monolit halda qalmasında İsa Qəmbərin adı böyük rol oynayırdı.
Bəllidir ki, Müsavatın yeni başqanı seçilən Arif Hacılı partiyanın bütün strukturları tərəfindən mütləq lider kimi qəbul edilmir.
Yalnız özünə bəlli olan, lakin büruzə vermək istəmədiyi planının birinci hissəsi İsa Qəmbərin qələbəsilə yekunlaşdı.
Əslində, İsa Qəmbərin seçdiyi formada partiya rəhbərliyindən uzaqlaşma Etibar Məmmədov, Lalə Şövkət modelindən zahirən fərqlənsə də, mahiyyət etibarilə eynidir. Sadəcə, bəlkə də Müsavatın bundan sonra heç bir parlaq qələbəyə imza ata bilməyəcəyini təxmin edən İsa Qəmbər bu forma ilə növbəti uğursuzluq məsuliyyətindən özünü sığortalamaq istəyir.
Bir sözlə, Müsavat bundan sonra da İsa Qəmbərin tam nəzarətində olacaq, təbii ki, məsuliyyəti Arif Hacılı daşımaq şərtilə...