Dini bayramlar həm ictimai və iqtisadi, həm coğrafi və beynəlmiləlçiliyi, həm də dünya və axirət baxımından milli bayramlardan daha fəzilətlidir. İslam aləmində belə dini bayramların ən önəmlisi Qurban bayramıdır. Onun əsas atributlarından biri isə qurban kəsməkdir. Rəbbə mənən yaxınlaşma və onun rizasını qazanmaq üçün ibadət niyyəti ilə xüsusi vaxtda kəsilən heyvana Qurban deyilir.
Qurban kəsmənin tarixi Adəm(ə) ailəsindən başlayıb. Adəm(ə)-nin iki oğlu qurban gətirdikləri zaman birinin qurbanı qəbul edildisə, digər qardaşın qurbanı qəbul olunmadı. Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə dedi: "Səni mütləq öldürəcəyəm!" Habil ona belə cavab verdi: "Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!" (Məidə 27). Nəfsini cilovlaya bilməyən Qabil qardaşını öldürüb, özü də ziyana uğradı. Bu, bəşər tarixində axıdılan ilk insan qanı, qardaşın qardaşı öldürməsinin əsası, ata və ana üçün ilk övlad dağı idi...
Qurban Rəbbə vəfa və sədaqət rəmzidir
Qurban kəsmək və onu bayram kimi qeyd etmək haqq və batil dinlərin tarixində həmişə olub. Allaha tam sədaqət və səmimiyyət, riza, təfəkkür və təvəkkül baxımından İbrahim(ə)-nin (b.e.ə 2100-cü il) yuxusu isə həm özünün, həm də oğlu İsmayıl(ə)-nin adını əbədiyyətə qovuşdurdu. Belə ki, İbrahim(ə)nin Hacərdən doğulan İsmayıl(ə)-ni Allah yolunda qurban vermək əzmi və atasının Allah qarşısında əhdi yerinə yetsin deyə oğulun qeyrət və səbrliliyi hər iki şəxsiyyətə əzəmət gətirdi. Qurban kəsilməyə razılıq verərkən İsmayıl(ə) inanırdı ki, o, haqq yoldadır və atasının niyyəti də intiqam, vəzifə, taxt-tac, şöhrət yox, yalnız və yalnız Allah iradəsindən doğub. Həmin səbəbdən o, qurbangahda kəsilmək üçün yerə uzananda özündən daha çox atasının keçirdiyi sarsıntılar barədə düşünürdü. Lakin Rəbbin kərəmi böyükdür. Belə ki, O, Cəbrayıl(ə)-yə əmr etdi ki, atanın kəsəcəyi qurbanlıq cənnətdən gətirilən qoçla əvəz edilsin. Analoqu olmayan bu hadisə-ata-oğul fədakarlığı, gələcək nəsillərin tərbiyə olunmasında əvəzolunmaz bir nümunəyə çevrildi və sonrakı dinlərdə Allah naminə qurban prinsipini qoruyub davam etdirdi. Beləliklə, Rəbbə sədaqət andı olan bu iş ilə İslamda gələcək müsəlman nəsilləri üçün vacib olan həccin və qurbankəsmənin əsası qoyuldu.
İbrahim(ə)-nin hansı oğlu qurbanlıq olub?
İudaizm və xristianlıqda qurbanlığın İsmayıl(ə) olduğu qəbul edilirmi? İstər təhrifli Tövrat, istərsə də İncildə qurbanlıq İbrahim(ə)-nin Saradan olan oğlu İshaq(ə)-yə şamil edilir. Qəribə də olsa, hətta bəzi islam mənbələrinə görə, müsəlman hədisçilərindən Abbas-İbni Əbdül Mütəllib, Əbu-Hurayrə, İbni-Abbas, İbni-Yəmən və başqaları orijinaldakı "Və fədəynəhu bi zibhin əzim" (biz onu böyük qurbanla müjdələdik, Saffat 107) kəlamına istinadən, qurbanlığın məhz İshaq (ə) olduğunu qəbul ediblər. Quranda isə qurbanlığın kim olduğu barədə bilavasitə ad çəkilmir. Və həmin şəxs "O" əvəzliyi ilə ifadə olunub. (İbrahim) dedi: "Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et! Biz də ona həlim xasiyyətli oğlan uşağı ilə müjdə verdik. O, yüyürüb-qaçmaq və atasına kömək edə biləcək çağında (İbrahim) dedi: "Oğlum, yuxuda gördüm ki, səni qurban kəsirəm" (Saffat 100-102) ayəsindən göründüyü kimi, qurbanlıq övlad İbrahim(ə)-nin Allaha etdiyi dua ilə dünyaya gələn oğludur. Dua ilə dünyaya gələn övlad isə yalnız İsmayıl(ə)-dir. Bunu hətta təhrif olunan Tövrat da təsdiq edir (bax, Bibliya, Varlıq XV, 1-6). İbrahim(ə)-nin Saradan doğulan oğlu İshaq (ə) isə dua ilə dünyaya gəlməyib. Əksinə, həz.İbrahimə qonaq gələn mələklər ona bir ildən sonra Saradan doğulacaq oğlunun xəbərini verdikdə həm İbrahim(ə), həm də arvadı Sara buna şübhə və təəccüb etmişdilər. Çünki bu zaman Peyğəmbərin 97-100, Saranın isə 87-90 yaşı vardı. Qurbanlığın İsmayıl (ə) olmasının ikinci sübutu isə məsafə fərqidir. Belə ki, qurbanlığın İshaq(ə) və Saranın yaşadığı Fələstindən qurbangahın yerləşdiyi Məkkə yaxınlığındakı Mina dağına qədər qısa müddətdə gətirilməsi həmin dövr üçün real deyil. Beləliklə, valideynə ehtiram, itaət və sevgi baxımından tarixdə yaşayıb, yaşadacaq haqqı qazanan həmin hadisəni bu gün yəhudi və xristianlar İshaq(ə)-yə, müsəlmanlar isə İsmayıl(ə)-yə şamil edirlər.
İslamda qurban kəsmək və onun hikmətləri
İslamda qurban kəsmək Hicri ikinci ildə - Miladi 624-cü ildə "Rəbbin üçün namaz qıl və qurban kəs" (Kəvsər 2) Quran ayəsi ilə əmr olunub. Ayə yalnız Peyğəmbər(ə)-yə xitab olunsada, fəqət həz.Məhəmməd bu müqəddəs işi imkanı olan bütün müsəlmanlar üçün vacib bilib. "İmkanı olub qurban kəsməyənlər bizim məscidimizə yaxınlaşmasınlar" Peyğəmbər(ə) kəlamıdır.
Qurban bayramı müsəlmanların ən əziz bayramıdır. Ərəblər onu Əydül Əzha və ya Əydül Kəbir (Böyük bayram); fars dilli xalqlar Eyde Qurban; Pakistan, Banqladeş və Hindistan müsəlmanları Bəkr Eyt; türkdilli xalqlar isə Qurban bayramı adlandırırlar. Bayram Zilhiccə ayının 10-cu günü başlayıb 3-4 gün davam edir və hər il Məkkəyə həcc ziyarəti mərasiminin başa çatdığı vaxta düşür. "Biz hər ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər (Bismilləh desinlər). Yalnız Ona təslim olub, Ona itaət edin" (Həcc 34). Kövsər 2 və Həcc 34 ayələrinin müqayisəsi göstərir ki, müsəlmanların çətin durumunda Məkkədə nazil olan Kövsər surəsində qurban kəsmək yalnız Həz.Peyğəmbərə əmr olunub. İslam dövlətinin formalaşdığı dövrdə Mədinədə nazil olan Həcc surəsində isə qurban kəsmək imkanı olan hər müsəlman üçün vacib bilinib. həcc 34 ayəsindən göründüyü kimi, qurban kəsmədə həm də Allahın xatırlanması, yer üzündəki bütün heyvanların da Allahın mülkü olması və onların sırf Onun rəhmət əsəri kimi insanların istifadəsinə verilməsi bəyan olunub. Çünki insan bəzən qəflətə düşərək, sahib olduğu maddi-mənəvi dəyərlərin Rəbbin bir lütfü olduğunu unudur, qürurlanır, "mənəm-mənəmlik" iddiasına düşür. Bu baxımdan, Rəbb qurban əmrilə bəndəyə xatırladır ki, yerini bil, sənin də və yediyin ruzinin də sahibi Mənəm. Əslində bəndənin bütün ibadətlərinə Allahın ehtiyacı olmadığı kimi, onun qurban kəsməsinə də heç bir ehtiyacı yoxdur. "Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi qəlbdən etdiyiniz ibadətdir). Allah sizə Həccin əməllərini göstərdiyi üçün, Onu uca tutasınız deyə, bu qurbanlıqları sizə belə ram etdi. (Ya Məhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver" (Həcc 37). Kəsilən qurbanlar ilə qullarını imtahan edən Rəbb, onların İlahi əmrə itaət, təqva və ixləsini, Ona yaxınlaşmasını yoxlayır. Bu niyyət olmadan kəsilən heyvanların, axıdılan qanların nə dəyəri, nə də qiyməti var.
Qurban sədaqət, əhdə vəfa, qurtuluş rəmzidir. İslamda qurbankəsmə hökmü eyni zamanda sosial həyatın bərqərarıdır. Zira maddi durumu ağır olan insanlar üçün bu bir nemət və rəhmətdir. "Onlardan özünüz də yeyin, biçarə, zavallı yoxsula da yedirdin!" (Həcc 28). Qurban bəndənin Allah yolunda bütün malından, lazım gələrsə canından keçməsinin simvolik ifadəsidir.
Qurbanlıq heyvanlar
"Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (Bismilləh desinlər)" (Həcc 28). Ayədən göründüyü kimi, qurbanlıq heyvanların yalnız qoyun, keçi, qaramal və dəvə olması vacibdir. Bu zaman bir qoyun və ya bir keçi bir nəfərin (və ya bir ailənin) adından kəsilə bilər. Qaramal cinsindən olan heyvanları və dəvəni isə 7 nəfərə qədər şəxs şərik olub kəsə bilər. Fəqət, o zaman bunların hamısı niyyət etməlidirlər ki, kəsdikləri heyvan Allah rizası üçündür. Qurbanda əsas olan Rəbbin Cənnətdən göndərdiyi qoç timsalında heyvan qanının axıdılmasıdır. Qurbanlıq qoyun alıb onu kiməsə hədiyyə etməklə qurban borcunu yerinə yetirmək olmaz. O heyvan yalnız kəsildiyi təqdirdə qurban hesab edilir.
İslamda qurban kəsmək kimlərə vacibdir?
Qurban kəsmək azad müsəlman olan, həddi-buluğa çatan, ruhi xəstə olmayan, zəkat və fitrə-sədəqəsini verən imkanlı adamlar və səfərdə olmayan şəxslərə vacibdir. Qurban kəsmənin səhiholma şərtləri bunlardır: Qurbanlıq heyvan bayramın birinci günü günəş doğandan, üçüncü günü günəş batana kimi kəsilməlidir. Qurbanı gecə kəsmək məkruhdur. Kəsilən heyvan qüsurlu olmamalıdır. Buradakı hikmət ondan ibarətdir ki, əgər İbrahim(ə) yeganə sevimli oğlunu Allaha sədaqət rəmzi kimi kəsməyə razı olubsa, qurban kəsən şəxs də sözsüz ki, ən yaxşı və gözəgəlimli heyvanı kəsməlidir.
Qurbanlıq heyvan şəriət qanunlarına görə kəsilir və buna təzkiyyə verilir. Təzkiyyə iki cür olur: Birincisi, boğazı çənəyə bitişik olan tərəfdən kəsmək; buna zəbh, kəsilən heyvana isə zəbihə deyilir (qoyun, keçi, iribuynuzlu heyvan). İkincisi, boğazın köksə yaxın olan yerdən kəsilməsi, buna nəhr deyilir (dəvələrin kəsilməsi kimi). Heyvanı kəsən şəxs onun nəfəs və yemək borusunu, iki şah damarını kəsməlidir. Qurban kəsəcək şəxs (qadın və ya kişiliyindən asılı olmayaraq) aşağıdakı lazımi şərtlərə əməl etməlidir: o müsəlman olmalı (bəzi məzhəblərə görə, məcburiyyət qarşısında əhli-kitab olan yəhudi və xristianlar müsəlman üçün heyvan kəsə bilər. Təki heyvan kəsilərkən, Allahın ismini zikr etsin), kəsməyə kifayət qədər ağlı və gücü olmalı, heyvanı kəsərkən Allahın adını anmalıdır (bismilləh, Allahu Əkbər, Allahu-Əzim). Qurbanlıq kəsilərkən heyvanın üzü və ayaqları qibləyə çevrilir və o, sol tərəfi üzərinə yatırılır. Sağ arxa ayaq sərbəst buraxılır, digər üç ayaq isə bağlanılır. Sonra isə ya qurban sahibi, ya da onun vəkili bu ayələrdən birini oxuyur: "Mən həqiqətən batildən haqqa tapınaraq, üzümü göyləri və yeri Yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!" Və ya "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!" Nəhayət, Allahın adı hökmən zikr edildikdən sonra heyvan iti bıçaqla kəsilir.
Qurban əti bərabər olaraq üç yerə bölünür: Qohum-qonşu, özü və kasıblar üçün. Dərisi satıla bilməz. O, ya evdə saxlanılır, ya məscidə verilir, ya da başqasına. Qurbanlıq heyvan qoyun və keçidirsə, onların yaşı 1, iribuynuzludursa iki ildən yuxarı, dəvə isə 5 yaşı tamam olduqdan sonra kəsilməlidir. Qurbanlıq vacib və qeyri-vacib (nəfilə) olmaq üzrə iki qisimdir. Sərvəti zəkat verilən miqdara çatan şəxslər, varlı sayılanlar, həcc mərasimindəki şükür qurbanları, niyyət edilən nəzir qurbanları, həccdəki ibadətlər qüsurlu olarsa qəza qurbanları vacib qurbanlıq sayılır. Nəfilə qurbanları isə vacib sayılmayan qurbanlardır. Onlar qurban bayramında yox, başqa günlərdə də kəsilə bilər.
Qurban bayramında hansı tədbirlər keçirilir?
Bayramın ilk və sonrakı 3-4 günlərində müsəlmanlar bir-birinə qonaq gedir, hal-əhval tutur, küsənlər barışır, yaxşı işlər niyyət edilir, körpə və qocalara xüsusi qayğı göstərilir, hədiyyələr verilir. Qurban bayramında misginlərə, kimsəsiz uşaq və qocalara, elm, maarif və mədəniyyətimizə maddi-mənəvi köməklik edənlərin savabı, həmin anda Ərafatdə olan insanların savabına bərabərdir. Onlar bəlkə də Ərəfatdakılardan daha çox savab qazanmış olurlar. Zira həcc ziyarətində olanların ibadəti şəxsi, buradakıların ibadəti isə ictimaidir. Oradakı qulluq fərdi yüksəliş üçünsə, buradakı qulluq bir millətin dirilişi üçündür. Həmin səbəbdən Həccə dəfələrlə getməkdənsə həmin xərci vətəndə çəkmək daha məqsədəuyğundur. Yəni bu xərc bir küçə, park, bulaq, yetim evləri, tədris və təhsil müəssisələri, xəstəxanalara sərf olunarsa, daha fəzilətli olar. Ümumiyyətlə, Rəbbə sədaqət andı və əhdə vəfa simvolu olan bu günlər bəşər qətlinin qadağası, sevgi və məhəbbətin bərqərar olduğu günlərdir.
İnsanın sərvəti həm də onun silahıdır. O, həmin silahla özünü qoruya da bilər, öldürə də. Əgər bu silah ailəyə, dosta, vətənə, bayrağa, dinə qarşı yönələrsə sahibini zəlalətə düçar edər və onu axirət savabından da məhrum edər. Əksinə, həmin silah bəndənin ailəsinə, torpağına, dininə, xalqına təcavüz edən düşmənə qarşı yönələrsə bu zaman o, sahibini dünyada izzət və hörmətə, axirətdə isə Cənnətə aparar. Həmin səbəbdən, Peyğəmbər(ə) buyurub: "İslama xidmət edən sərvət nə gözəl nemətdir".
Verin və əmin olun ki, sizə də veriləcək
Adətən verənin əli yuxarıda, alanın əli isə aşağıda olur . Bu baxımdan Qurban bayramı verən əllərin, hakim əllərin sərgisi, verimləri ilə əlləri yuxarıda qalanların tanınması bayramıdır. Elə isə verin. Allah və Onun Rəsulu(ə) naminə verin. Millətin başqa millətin sədəqəsinə möhtac olmaması naminə verin. Verin, özünüzün və övladlarınızın nicat tapması naminə verin. Verin, bilin və əmin olun ki, sizə də veriləcək. Yaxşı ölçü ilə verin, zira hansı ölçü ilə versəniz, sizə də o ölçü ilə veriləcək. Bilin ki, az əkən az biçəcək; çox əkən də çox biçəcək. Lakin alanda da Allah naminə alın.
Bayramınız mübarək, əziz müsəlman bacı və qardaşlarım. Bayram günlərində verən əllərin alan əllərdən çox olması arzusu ilə.