Aydın Mirzəzadə: “Rusiyadan Ermənistana layiq olduğu qiymət kütləvi şəkildə və ziyalıların dili ilə verilir”
Rusiyanın “Rosneft” şirkətinin mətbuat katibi Mixail Leontyev Ermənistanda baş verən hadisələr barədə “Komsomolskaya pravda” radiostansiyasının efirində işlətdiyi ifadələrə görə üzr istəyib. Leontyev Ermənistanın baş naziri Nikol Paşinyana məktub göndərərək ondan və erməni xalqından “hədsiz emosional və yolverilməz şərhlərinə görə” üzrxahlıq edib.
Mixail Leontyev Ermənistanda Nikol Paşinyanın başçılıq etdiyi etiraz hərəkatını şərh edərkən bunu Rusiyaya qarşı xəyanət adlandırmışdı. Bildirmişdi ki, Rusiya Ermənistana görə Azərbaycanla münasibətlərini zərbə altında qoyub. Hansı ki, Rusiya olmasaydı, nə Ermənistan adında dövlət, nə bir erməni qalmazdı. Leontyevin bu çıxışı Rusiyadakı erməni diasporunu bərk qəzəbləndirib. Rusiya Erməniləri İttifaqı onun və proqramın digər aparıcıları barəsində Baş Prokurorluğa, prezident Vladimir Putinə şikayət edib. Bir neçə gün əvvəl isə ermənilər “Komsomolskaya pravda”nın redaksiyasına hücum etmişdilər. Lakin Leontyev öz mövqeyini dəyişməmişdi və növbəti dəfə ermənilər, Ermənistan haqda fikirlərinə haqq qazandırmışdı. Maraqlıdır ki, Leontyev bu addımı Nikol Paşinyanın Putinlə Soçidə nəzərdə tutulan görüşü ərəfəsində atıb. Ermənistan mətbuatı bu vəziyyəti Rusiyanın Paşinyana ilk hədiyyəsi kimi şərh edib. Bu situasiyada Leontyev kimi təcrübəli jurnalisti öz israrlı mövqeyində dönməyə nə vadar edə bilərdi?
Milli Məclisin deputatı Aydın Mirzəzadə qəzetimizə açıqlamasında bildirdi ki, bu məsələyə bir qədər fərqli prizmadan yanaşmaq lazımdır: “Əvvəla biz Ermənistanla informasiya müharibəsi şəraitində yaşayırıq. Bu baxımdan da onlar tərəfindən yayılan hər bir informasiyanı ciddi təhlil etməliyik. Bu məlumatın yayıldığı ilk qaynaq erməni saytlarıdır. Bir sıra hallarda onların yalan məlumatlar yaydığının şahidi olmuşuq. Özü də belə dezinformasiyaları çox peşəkarcasına hazırlamağı bacarırlar. Birinci variant olaraq biz Leontyevin elə bir məzmunda məktubu göndərməsinin həqiqət olub-olmadığını dəqiqləşdirməliyik. Hətta belə məktub göndərilsə belə, onun məzmununu tam biləndən sonra bu məsələyə şərh verə bilərik. Ola bilər ki, Ermənistan KİV-ləri məktubun məzmununu təhrif edir və bununla Leontyevi aşağılamaq istəyirlər. Ola bilər ki, tanınmış jurnalist sadəcə üzrxahlıq edib. Bunu da diplomatik etika baxımından etməyə məcbur olub, ancaq fikrində tam olaraq qalır. Belə tanınmış jurnalist nə danışdığının fərqində olub. O, həmin efirdə elə bir söz işlətməyib ki, deyək yanlışlıq edib. Jurnalist məlum çıxışında Ermənistan dövlətinin və erməni millətinin mahiyyətini tam açıb ortya qoyub. Hər halda, Leontyev belə bir addımı təsadüfən atmayıb. Çünki biz sonrakı dönəmlərdə belə onun fikrində israrla dayandığının şahidi olduq. Bütün hallarda, biz Rusiyadakı mövqeləri müşahidə edirik. Biz digər rus ziyalılarının da ermənilərə barədə mövqeyi ilə tanış oluruq. Artıq bu istiqamətdə bir dalğa başlayıb. Bu günlərdə Rusiya KİV-lərində Ermənistanla bağlı rus ziyalılarının münasibətlərinin dərc edildiyi məqalələrin altında yazılan şərhlərdə rusların ermənilərlə bağlı nələrin yazdığına baxsanız, əmin olarsınız ki, onların mahiyyətini açan bir Leontyev olmayıb. Rusiyadan Ermənistana layiq olduğu qiymət kütləvi şəkildə və ziyalıların dili ilə verilir. Ermənistan mətbuatının bu hadisəyə fərqli çalar qatması isə özlərinə haqq qazandırmağa hesablanıb. Bu, Rusiyanın kiməsə hədiyyəsi kimi qəbul oluna bilməz. Çünki miqyas baxımından xırda hadisədir”.
Məhəmmədəli QƏRİBLİ