Hikmət Hacıyev: “Hazırda bu məsələyə şərh vermək erkəndir” Elçin Mirzəbəyli: “Düşünürəm ki, Azərbaycan İsrailin təşkil etdiyi “Avroviziya” yarışmasında...”
Beynəlxalq “Avroviziya” musiqi yarışması keçirildiyi vaxtdan indiyə qədər bütün dünyanın diqqətindədir. Hər il olduğu kimi, bu il də sözügedən yarışma tamaşaçıların marağına səbəb olub.
Məlum olduğu kimi, Portuqaliyanın paytaxtı Lissabonda baş tutan “Avroviziya-2018” beynəlxalq mahnı müsabiqəsinin qalibinin adı açıqlanıb. “Avroviziya-2018” beynəlxalq mahnı müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta Barzilay olub.
İsrailin Baş nazir Benyamin Netanyahu 2019-cu ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Qüdsdə keçiriləcəyini bəyan edib. Bu barədə Netanyahu öz “Tvitter” hesabında bildirib. “Sən İsrailə böyük şöhrət gətirdin! Növbəti ildə Qüdsdə!” - deyə Netanyahu yazıb.
Netanyahunun sözügedən açıqlaması bu gün, demək olar ki, dünya mediasında müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, Azərbaycan dövləti Qüds şəhərini İsrailin paytaxtı kimi tanımır. Bu halda, Azərbaycan “Avroviziya-2019”da necə iştirak edəcək? Ümumiyyətlə, bu hal ölkəmizin yarışmada təmsil olunmasına problem yaradacaqmı?
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Bakı-Xəbər”ə açıqlamasında dedi ki, hələ bu barədə hər hansı fikir bildirmək tezdir: “Hazırda bu məsələyə şərh vermək erkəndir. 2019-cu ildə “Avrovizya”nın keçirildiyi dövrdə nə isə deyə bilərik. Ancaq hələ heç nə deyə bilmərik”.
Politoloq Elçin Mirzəbəyli bizimlə söhbətində bildirdi ki, “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin mədəniyyət tədbiri olmaqdan çox siyasiləşdirilməsi olduqca mənfi haldır. Politoloqun sözlərinə görə, Azərbaycan sözügedən musiqi yarışmasında iştirak edəcək: “Bu məsələyə sırf siyasi baxımdan yanaşılmasını düzgün saymıram. Əvvəla təəssüf edirəm ki, “Avroviziya” mahnı müsabiqəsi artıq siyasi maraqların ifadə olunduğu bir yarışmaya çevrilib və sənət, eləcə də musiqinin insanları birləşdirən tərəfləri ikinci plana keçib. Ancaq bildiyimiz kimi, Qüds, faktiki olaraq, İsrailin nəzarətindədir. BMT-nin 1948-ci ildə qəbul etdiyi qətnaməyə uyğun olaraq, həmin ərazi faktiki həm Fələstinin, həm də İsrailin əraziləri sayılır. İndi İsrailin paytaxtının orada olub-olmamasından, bizim onun paytaxtı kimi Təl-Əvivi tanımağımızdan asılı olmayaraq, yarış İsrailin beynəlxalq hüquq tərəfindən tanınan ərazisində keçiriləcək. Biz həmin ərazini Qüds, İsrail tərəf Yerusəlim adlandırırsa, bu, məsələnin mahiyyətini dəyişmir. Düşünürəm ki, Azərbaycan İsrailin təşkil etdiyi “Avroviziya” yarışmasında iştirak edəcək. Onu İsrail tərəfin necə adlandırması bizim üçün əhəmiyyət kəsb etməməlidir. Məsələyə bu kontekstdən yanaşılmasını doğru hesab etmirəm. Azərbaycanın bu müsabiqədə iştirak edəcəyini ona görə deyirəm ki, bu məsələnin bizim üçün problem yaradacaq hər hansı bir tərəfi yoxdur. Biz Qüdsü İsrailin paytaxtı kimi tanımırıq, amma İsrailin ərazisi kimi qəbul edirik. Ora İsrailin ərazisidir”.
E.Mirzəbəyli hesab edir ki, İsrail “Avroviziya-2019”u hansısa bir mübahisəli ərazidə keçirməyəcək. Politoloqun sözlərinə görə, ən azından, qonaqların və iştirakçıların təhlükəsizliyinin təmin olunması baxımından, ev sahibi yarışmanı daha əmin-aman yerdə gerçəkləşdirəcək. “Hesab etmirəm ki, İsrail yarışmanı hansısa bir mübahisəli ərazidə keçirəcək. Bu, təhlükəsizliyin təmin olunması baxımından problem yarada bilər. Tədbir İsrailin ərazisi sayılan əmin-aman bir yerdə keçiriləcək və orada iştirak etmək Azərbaycan üçün heç bir problem yaratmayacaq” - deyə E.Mirzəbəyli vurğuladı.
İradə SARIYEVA