Məhərrəm Zülfüqarlı:”Bilirsiniz ki, həmin tarix məhz Şuşanın işğal olunduğu gündür”
Ermənistanın yeni baş naziri Nikol Paşinyanın imzaladığı ilk fərman ölkədə indiyə kimi qeyd olunan və alman faşizmi üzərindəki qələbəni simvolizə edən 9 may - Qələbə Günü ilə bağlı oldu. Onun imzaladığı fərmana görə, bundan sonra həmin tarix 8 maya keçirilir, “Kədər və barışıq” günü kimi qeyd ediləcək.
Paşinyan bunun səbəbini belə izah edib ki, həmin günü Sovet Rusiyası Ermənistana zorla qəbul etdirib. Paşinyan deyir ki, həmin tarix nəticəsində çoxlu sayda erməni ölüb və bu, Stalinin imperiya maraqlarına görə olub. Yeni baş nazir, həmçinin, bildirib ki, məhz bu bayrama görə Ermənistan Avropa ailəsinə yaxşı inteqrasiya oluna bilmir. İmzalanan sənəddə həm də bildirilir ki, Sovet İttifaqı bu tarixi dəyişib: “Nasizmin kapitulyasiyası 8 mayda olub. Bütün Avropa ölkələri məhz bu tarixi bayram olaraq qeyd edir”. Məlumdur ki, Ermənistanın özünün bir ölkə kimi yürütdüyü siyasət sırf faşizmə əsaslanır. Uzun illərdir Azərbaycanın torpaqlarını işğal edib, bir milyondan artıq soydaşımızı didərgin salıb. Bir sözlə, Ermənistan çəkinmədən dövlət səviyyəsində terrora və faşizmə əsaslanan dövlət siyasəti yürüdür. Hitlerlə əməkdaşlıq etmiş, onun yaxın silahdaşı olmuş Qaregin Njde kimi cəlladın xatirəsini dövlət səviyyəsində əbədiləşdirərək ona heykəl qoyub. Eyni zamanda, Böyük Vətən Müharibəsi ətrafında aparılan araşdırmalar göstərir ki, həmin vaxt silahı atıb faşistlərin tərəfinə keçən ermənilərin sayı İttifaqdakı digər millətlərdən daha çox olub. Bütün bunlar onu deməyə əsas verirmi ki, Paşinyan bu tarixi faşizmə bəslədiyi rəğbət səbəbindən dəyişməli olub?
Tarixçi-alim Məhərrəm Zülfüqarlı qəzetimizə açıqlamasında bildirdi ki, bunun tarixlə heç bir əlaqəsi yoxdur: “Bu məsələdə də vəhşi erməni xisləti hiss olunmaqdadır. Yeni hakimiyyət özünü Qərbə sırımaq istəyir və belə rəy yaradır ki, guya Rusiyanın bütün dəyərlərindən imtina edir. Paşinyanın əsaslandırması çox absurddur. Eləyə qalsa, Berlin mayın 2-də tutulub. Bu qərarın tarixlə heç bir əlaqəsi ola bilməz. Yaxşı, ayın 9-da yox, 8-də bu bayramı məhz faşizm üzərində qələbəyə görə qeyd edirlərsə, axı o qələbəni də SSRİ çalıb. Mən burada ermənilərin yürütdüyü dövlət siyasətinə uyğun əlamətlər görürəm. Əvvəlcə onu qeyd edim ki, bununla Paşinyan həm də faşistlərə olan simpatiyasını ortaya qoymuş oldu. Açıq şəkildə etiraf edə bilməsə də, imzalanan fərmanın mahiyyətindən bu əlamətlər görünür. Çünki Ermənistanın özü faşistlərdən geri qalmayan cinayətlərə qol qoyub. İkinci mühüm amili qeyd edim. Zənnimcə, bu məhz ermənilərin vəhşiliyini bir daha sübut edəcək dəyişiklikdir. Bilirsiniz ki, həmin tarix məhz Şuşanın işğal olunduğu gündür. Eyni zamanda, Paşinyan mayın 8-də hakimiyyətə gəldi. Bu tarix erməni faşistlərinin qeyd etdiyi əlamətdar gün kimi onların tarixinə yazılacaq”.
Məhəmmədəli QƏRİBLİ