Məhəmməd Əsədullazadə: “Bu avantüradır və konflikti qızışdırmaqdır”
Ermənistanın yeni baş naziri Nikol Paşinyan siyasi demaqogiya yolunu seçərək, ağlasığmaz açıqlamalarla çıxış edir. Belə ki, Paşinyanın Azərbaycanın işğal altındakı torpaqlarında keçirdiyi mətbuat konfransında “Dağlıq Qarabağ danışıqlarda ayrıca tərəf kimi çıxış etməlidir” fikirlərini səsləndirməsi onun kifayət qədər qeyri-ciddi siyasətçi imicinə malik olduğunu ortaya qoyur.
Məsələ ondadır ki, az-çox diplomatiyadan başı çıxan siyasətçi, ən azından, Dağlıq Qarabağla bağlı iki dövlət arasında aparılan danışıqların formatının kökündə dayanan məqamları nəzərə almalıdır. Çünki ATƏT-in 1992-ci il Helsinki sənədində Azərbaycan və Ermənistan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı ve erməni icmaları isə maraqlı tərəflər kimi müəyyən edilib. O isə bunların fərqinə varmadan populist açıqlamalarla çıxış edir. O iddia edir ki, Dağlıq Qarabağ ayrıca subyekt kimi qatılmadan danışıqlar mümkün deyil, güzəştlər barədə erməni tərəfi ancaq Azərbaycanın Dağlıq Qarabağı tanımağa hazır olmasından sonra danışmaq olar. Bununla, Paşinyan indiyə qədər həmsədrlər tərəfindən təklif edilən sülh variantlarına, o cümlədən məşhur “Madrid prinsipləri“nə də xələl gətirmiş olur. Həmin sənədlərin hamısı zəbt olunmuş ərazilərin mərhələli şəkildə Azərbaycana qaytarılmasını nəzərdə tutur. Həmçinin, 2011-ci ildə Kazan görüşündə də bu öz əksini tapıb. O baxımdan, Paşinyanın məlum açıqlamaları Madrid və Kazan prinsipləri ilə ziddiyyət təşkil edir. Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Paşinyanın açıqlamaları sadalanan hər iki prinsiplə ziddiyyət təşkil edir: “Çünki “məxməri inqilab” yolu ilə hakimiyyətə gələn N.Paşinyanın ilk səfərini Qarabağa etməsi erməni siyasiləri arasında ənənəvi haldır. Ancaq Xankəndidə onun münaqişənin həlli ilə bağlı açıqlamaları qeyri-konstruktiv və masada olan Kazan, Madrid prinsiplərinə ziddir. Paşinyanın səsləndirdiyi təkliflər birbaşa danışıqları sabotaj etməkdir. Paşinyanın təkliflərilə Kazan və Madrid prinsipləri arasında ciddi fərqlər var. Ermənistanda etiraz nümayişləri nəticəsində hakimiyyətə gələn Nikol Paşinyanın islahatlar anonsu əsasən pafosdur. Çünki bu islahatlara getmək üçün Ermənistan heç bir infrastruktura malik deyil. Ona görə də bir müddət sonra ermənilər Paşinyandan verdiyi sözlərin əməlini tələb edəcəklər. Bundan əlavə, Qarabağla bağlı pafosu bir müddət sonra çərçivəyə düşəcək. Hesab edirəm ki, hazırkı yeni hakimiyyət Sarkisyanın siyasətini davam etdirir və “məxməri inqilab” ermənilər üçün siyasi sabitsizlik gətirdi. Hesab edirəm ki, Ermənistanda bir neçə aydan sonra narazılıqlar baş qaldıracaq. Rusiya da bundan istifadə edib yeni qüvvələri meydana çıxara bilər. Madrid və Yenilənmiş Madrid prinsiplərinə əsasən, Dağlıq Qarabağın ətrafındakı ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarə, hüququnu təmin edən müvəqqəti status verilməlidir. Dağlıq Qarabağın yekun hüquqi statusunun gələcəkdə müəyyən edilməsi nəzərdə tutulub. Həmçinin, bütün məcburi köçkünlər öz keçmiş yaşayış yerlərinə qayıtmalıdırlar. Paşinyan isə danışıqları separatçı qurumla aparmağı təklif edir. Ermənistanın buna aidiyyəti olmadığını vurğulayır. Bu avantüradır və konflikti qızışdırmaqdır. Azərbaycan mütləq şəkildə təzyiq rıçaqlarından istifadə etməlidir”.
Vidadi ORDAHALLI