Aydınxan Əbilov: “Azərbaycan mədəniyyətini, ədəbiyyatını, həqiqətlərini, milli-mənəvi dəyərlərini, tarixini, Qarabağ problemimizi və digər məsələləri Amerika vasitəsilə dünyaya çıxara bilərik”
ABŞ-ın Pitsburq şəhərinin meri Uilyam Peduto Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar rəsmi bəyanat verib. Bəyanatda bildirilir ki, mer 2018-ci il mayın 28-ni Pitsburqda “Azərbaycan Günü” elan edir.
Sənəddə 1918-ci il mayın 28-də Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Xalq Cumhuriyyətinin qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması qeyd olunur. Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti irqi, cinsi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarına bərabər seçki hüququnu tanımaqla yanaşı, müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsini təmin edib.
Eyni zamanda, sənəddə Azərbaycan Xalq Cumhuriyyətinin öz müstəqilliyi uğrunda mübarizə aparmasına baxmayaraq, 1920-ci ildə keçmiş Sovetlər Birliyinin tərkibinə daxil edildiyi və 1991-ci ildə öz müstəqilliyini bərpa etdiyi vurğulanır.
Qeyd edilir ki, Azərbaycan son 25 il ərzində öz suverenliyini və müstəqilliyini möhkəmləndirib və hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır.
Kulturoloq Aydınxan Əbilov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ABŞ-da milli diasporların istənilən bayram gününü rəsmi qeydiyyata aldırıb, hansısa şəhər merinin qarşısında bəyanatla çıxış etmək imkanı var: “Bunu yəhudi, türk və Avropa xalqlarının digər nümayəndələrindən ibarət milli diasporların tez-tez etdiyinin şahidi oluruq. Azərbaycan diasporu bununla bağlı neçə ildir təşəbbüslərlə çıxış edib. Bəllidir ki, ABŞ-ın bir neçə ştatı Xocalı soyqırımını tanıyıb. Azərbaycanla bağlı bir sıra məsələlərdə bizimlə həmfikir olublar”.
Həmsöhbətimizin sözlərinə görə, Amerikanın bir neçə ştatında və şəhərində Novruz bayramı ilə bağlı Azərbaycan günləri qeyd olunub: “Bunların sayını artırmaqla yanaşı, Azərbaycan mədəniyyətini, ədəbiyyatını, həqiqətlərini, milli-mənəvi dəyərlərini, tarixini, Qarabağ problemimizi və digər məsələləri Amerika vasitəsilə dünyaya çıxara bilərik. Nəzərə almaq lazımdır ki, hazırda ingilis dili dünya dilidir. İngilis dili beynəlxalq ünsiyyət vasitəsidir. Bu səbəbdən hesab edirəm ki, ingilisdilli məkanlarda Azərbaycanla bağlı informasiya yayılırsa, bu yalnız bizim xeyrimizədir”.
Günel CƏLİLOVA