Daşdəmir Əliyev: “Bu etiraf Ermənistan ordusunun və hakimiyyətinin əsl simasını ortaya qoyur”
Ermənistan mətbuatının verdiyi məlumata görə, hərbçilər tərəfindən həmin ölkənin sərhədyanı bölgələrini və Qarabağın işğal altındakı ərazilərini zəmanətli təhlükəsizlik zonalarına çevirməklə bağlı konsepsiya hazırlanaraq, parlamentə təklif olunub.
Konsepsiyada deyilir: “Bizə ordunu, polisi, təhlükəsizlik sistemini və dövlətin digər qurumlarını ərzaq, geyim və digər zəruri mallarla təmin edə biləcək, 100 faiz məşğulluğu olan, sosial cəhətdən tam təmin olunmuş əhali lazımdır”.
Konsepsiya müəllifləri Azərbaycanla sərhəd xətti boyunca əhalinin təcili silahlandırılmasına çağırış edir. Həmçinin sərhəd bölgələrində insanların nəinki bölgəni, hətta ölkəni tərk etdiyi etiraf edilir: “İnsan özü gərək müdafiə sisteminin bir elementi olsun. Heç bir ərazi məskunlaşdırılmadığı halda yaxşı müdafiə oluna bilməz. Təcili yaşayış olmayan ərazilər məskunlaşdırılmalı, yiyəsiz ərazi qalmamalıdır. Ölkəni, xüsusən də sərhədyanı zonaları tərketmə halları çoxalıb. Elə kənd var ki, 5-10 ev qalıb. 1990-cı illərdən ölkəni tərketmə artıq real fakta çevrilib. İnsanların ölkəni, evlərini tərk etməməsi üçün sərhədyanı zonalar cəlbedici olmalıdır. Əvvəllər belə problem yox idi. Çünki kəndlərdə məktəb, klub, bağça vardı, işsizlik yox səviyyəsində idi. Kənd yerlərində problem kompleks həll olunmalıdır. İnsanların kreditlərdən faydalanmasına baxmayaraq, kiçik bir çatışmazlıq olan kimi şəhərə qaçırlar” .
Konsepsiyada sərhədyanı zonaların müdafiə olunması üçün əhalinin silahlandırılması vacib hesab edilir. Ərzaq məhsullarının bölgə əhalisi tərəfindən təmin edilməsi də istənilir:
“Ölkəni dağıdan tender məsələsi bu ərazilərdən çıxarılmalıdır. Maliyyə ayırıb nəzarət mexanizmini yaradaraq, tərəvəz, kartof əkdirməklə, zamanı gələndə isə vasitəçi olmadan onu birbaşa kəndlidən almaq lazımdır. Nə qədər deyilsə də, hamı bilir ki, tenderlərin heç biri şəffaf deyil. Bütün qurumların geyim dəstini xaricdən almaq lazım deyil, bunu yerli müəssisələrdə istehsal etmək olar. Təhlükəsizlik məsələsinə gəlincə, həmin kəndin sakini nə üçün təhlükəsizliyimə görə yalnız orduya ümid etməlidir?".
Parlamentə yeni təklif olunan bu konsepsiyadan oradakı ordunun öz funksiyasını tam yerinə yetirə bilmədiyi qənaətinə gəlmək olarmı?
Ekspert Daşdəmir Əliyevin sözlərinə görə, bu təklifdən bir çox nəticələri çıxarmaq olar: “Əvvəla etiraf edilir ki, cəbhəyanı kəndlərdə və digər yaşayış yerlərində mülki əhali qalmayıb. İkincisi isə tam bəlli olur ki, ordu öz funksiyasını yerinə yetirə bilmir və ona güvən qalmayıb. Məhz bu səbəbdən də mülki əhaliyə silah paylanması təklif edilir. Ermənistanda demoqrafik vəziyyətin və ordudakı çatışmazlıqların katastrofik həddə olduğunu bilirdik. Ancaq bunun onların özləri tərəfindən bu şəkildə etiraf edilməsi vəziyyətin daha da ağırlaşdığından xəbər verir. Digər bir tərəfdən isə etiraf edilir ki, ölkədəki yarıtmaz idarəetmə korrupsiyanı elə çiçəkləndirib ki, kəndlilər təsərrüfatla da məşğul ola bilmir. Ancaq hesab edirəm ki, bütün bu təklif olunanlar vəziyyətdən çıxış yolu sayıla bilməz. Çünki Ermənistan öz imkanları, resursları ilə uzlaşmayan bir ambisiyanı ortya qoyur. Düzdür, bu müvəqqətidir, ancaq yenə də yersiz israr nümayiş etdirir. Çünki faktiki olaraq ortaya çıxır ki, Ermənistanın işğal altında olan ərazilərə nəzarət etməyə heç canlı qüvvəsi belə yetmir. Bu etiraf Ermənistan ordusunun və hakimiyyətinin əsl simasını ortaya qoyur”.
Məhəmmədəli QƏRİBLİ