Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması bu gün təkcə bu konfliktin iştirakçıları yox, həm də Qafqazda marağı olan dövlət üçün ciddi təhdid mənbəyi sayılır. Çünki istənilən an alovlana biləcək yeni Qarabağ müharibəsi burada həyata keçrilən transmilli layihələr, artan ticarət dövriyyəsi və digər qarşılıqlı əlaqələr üçün potensial təhlükə deməkdir. Elə bu səbəbdən dünya gücləri, o cümlədən ATƏT-in Minsk Qurupuna həmsədrlik edən ölkələr Qarabağ konfliktinin dinc müstəvidə həllinin tezləşməsinin vacibliyini indi daha çox gündəmə gətirirlər.
Hesab edilir ki, məsələnin sülh yolu ilə həlli üçün də Ermənistan zəbt edilmiş ərazilərin tədricən azad edilməsinə start verməlidir. Elə bu səbəbdən dünya güclərinin fəallığı və Qarabağ mesajları əsas etibarı ilə Ermənistana ünvanlanıb. Bununla bağlı ABŞ və Rusiyadan verilən mesajlar son dövrlərdə daha çox diqqət cəlb edir. Qeyd edək ki, bir müddət əvvəl ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Riçard Hoqlandın Ermənistanın Azərbaycanın ilk olaraq 7 rayonundan öz ordusunu çıxarmasının vacibliyini bildirməsi və yalnız bundan sonra Dağlıq Qarabağın hüquqi statusunun müəyyənləşdirilməsi yönündə danışıqların başlaya biləcəyini bəyan etməsi artıq İrəvanda şok effekti yaradıb. Bunun ardınca Kremlin ideoloqu Aleksandr Duqinin Ermənistanın işğal etdiyi rayonlardan il növbədə 5-ni qaytarması barədə mövqeyi də diqqət cəlb etdi.
Həmin açıqlamalardan belə bəlli oldu ki, Kreml Azərbaycanla münasibətlərini daha yüksək səviyyəyə çatdırmaq üçün Qarabağ münaqişəsinin həllində artıq maraqlı tərəf kimi çıxış edir. Bunun səbəbini Aleksandr Duqin belə izah edir: “Qarabağ münaqişəsi Moskva-Bakı geosiyasi oxunun möhkəmlənməsinə mane olur. Lakin Rusiya bu münaqişədə vasitəçi kimi çıxış edir və biz onun yenidən alovlanmasından qaçmağa çalışırıq. Bizi bu gün status-kvo da qane etmir. Və mənə elə gəlir ki, indiki status-kvo heç münaqişə tərəflərinin özlərini də qane etmir”. Politoloq qeyd edib ki, Ermənistan Qarabağı nəzarətdə saxlayır, lakin dünya ictimaiyyəti kimi Rusiya da Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Biz indi elə məqama gəlib çatmışıq ki, münaqişənin həllində irəli getmək lazımdır. Azərbaycan ciddi şəkildə güclənir, möhkəmlənir. Və regionda qüvvələr balansı dəyişir. Bəli, Ermənistan Rusiyanın dostu və tərəfdaşıdır, ancaq bununla belə Rusiya Azərbaycanı da dost və tərəfdaş kimi qəbul edir. Ölkələr arasında o cümlədən hərbi sahədə yaxınlaşma baş verir. Münaqişənin həlli yolu nədir? Ermənistan şübhəsiz ki, ilk növbədə işğal edilmiş rayonlardan 5-ni Azərbaycana qaytarmalıdır. Təkrar edirəm ki, bizə irəli getmək lazımdır”.
Məsələ ilə bağlı “moscow-baku” portalına Aleksandr Duqin yeni maraqıl açıqlamalar verib. Duqin yenə Rusiyanın münaqişənin həllində maraqlı olduğunu diqqətə çatdırıb: “Fikrimcə, bu prosesin bir neçə mərhələsi var. Birinci mərhələ Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin münaqişə ilə bağlı müzakirə aparmasıdır. Liderlər ermənilər tərəfindən tutulmuş beş rayonun Azərbaycana qaytarılmasına nail olacaqlar. Məndən dəfələrlə soruşurlar ki, bəs iki rayon və Qarabağın taleyi necə olacaq? Mən onun tərəfdarıyam ki, bütün prezidentlər indiki halda 5 rayonun qaytarılmasına razıdırsa, niyə bunu həyata keçirməməliyik? Hesab edirəm ki, Rusiya, Azərbaycan və Ermənistan liderləri maneələri birlikdə nəzakətlə dağıtmalıdır. Məsələ ondadır ki, 5 rayonun boşaldılması cəmiyyətlərdə təhrif olunmuş formada anlaşılır”. Duqin hesab edir ki, 5 rayonun qaytarılması Qarabağ probleminin həllinə qismən imkan verir: “Bu münaqişənin həlli təkcə Azərbaycan, Rusiya, yaxud Ermənistanın deyil, həm də Türkiyənin mövqeyini möhkəmləndirir və Cənubi Qafqazda geosiyasi sabitliyi təmin edir. Bu da, müvafiq olaraq, “xaos ixracatçıları”nın imkanlarını azaldır. Yəni əslində bu məsələ Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan və İran arasında bir yerdə mehriban yaşamağı əlverişsiz edir. Hərçənd, biz qonşuyuq və həmişə burada yaşayacağıq”.
Beləliklə, səslənən fikirlərdən belə bəlli olur ki, Rusiyada da münaqişənin mərhələli həlli istiqamətində artıq zəruri addımlar atılmasının vaxtının çatdığı qəbul olunur. İndi Ermənistanda hesab edilir ki, qeyd olunan istiqamətdə ABŞ və Rusiyanın İrəvana təzyiqlərinin artması tamamilə gözləniləndir. Bu xüsusda Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun İrəvana səfəri də çox diqqət cəlb edir. Artıq səfər çərçivəsində Şvıdkoy Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. İlk baxışdan adi görünən bu səfərin arxasında isə daha çox Qarabağ münaqişəsinin dayanması barədə ermənilər tərəfindən maraqlı fikirlər səslənir. Ən azı ona görə ki, Şvıdkoyun səfər proqramında mədəni əməkdaşlıq haqda heç bir qeyd yoxdur. Elə bu səbəbdən Ermənistan mediası Şvıdkoyun Vladimir Putinin mesajlarını çatdırmağa gəldiyini yazır. Digər tərəfdən Şvıdkoyun Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun dostu olması faktı da Ermənistanda ciddi narahatlıq yaradıb. Həmçinin, Şvıdkoy Dağlıq Qarabağ münaqişəsinin həllində “xalq diplomatiyası”nın əsas tərəfdarlarından biridir. Erməni siyasi şərhçi Razmik Akopcanyan iddia edir ki, Putinin nümayəndəsi ilə İrəvanda gizli danışıqlar aparılıb: “Güman ki, bütün detallar gizli qalacaq. Lakin hesab etmək olar ki, bu danışıqlar əsasən Qarabağ münaqişəsinə və Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxışına dair irəli sürülən təkliflərə həsr olunub. Rusiya Ermənistandan Qarabağ məsələsində müəyyən addımlar atmağı tələb edir. Bu ona Bakı ilə münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün də lazımdır. Ermənistan çətin ki, Moskvadan gələn göstərişlərə yox deyə bilsin. Bu səbəbdən tezliklə Qarabağ məsələsində yeniliklər olmasını gözləmək mümkündür”.
Yuxarıda qeyd olunduğu kimi, Şvıdkoyun səfəri çərçivəsində diqqət mərkəzində yer alan məqamlardan biri də Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxış niyyəti ilə bağlıdır. Bu hal Moskvada kifayət qədər böyük qəzəblə qarşılanır. Xatırladaq ki, Ermənistan parlamentində təmsil olunan “Yelk” bloku Avrasiya İqtisadi İttifaqından çıxmaqla bağlı təklifi qanunverici orqana təqdim edib. Rusiyada hesab edilir ki, “Yelk” Serj Sarkisyan hakimiyyətinin gizli layihəsidir, təklif də əslində, Ermənistan Prezident Administrasiyasınla hazırlanıb. Sarkisyan bu təklifi “Yelk”in adından irəli sürməklə həm özünü hədəfdən yayındırır, həm də Moskvanı şantaj etməyə çalışır. Amma Moskva bu vəziyyətdən narazıdır və bu səbəbdən Qarabağ kartını da işə salmaqla Ermənistana təzyiqləri artırır. Belə bir vaxtda yayılan məlumatlara əsasən, Azərbaycan və Ermənistan prezidentləri Rusiyanın təşəbbüsü ilə bu ilin sonuna kimi görüşəcək. Ermənistanda açıq mətnlə vurğulanır ki, bu görüş İrəvan üçün yaxşı heç nə vəd etmir. Erməni analitiklər bildirir ki, üçtərəfli formatda, yəni Bakı-Moskva-İrəvan formatında keçən istənilən görüş Ermənistana ziyandır. Çünki belə görüşlərdə Bakı öz tələbini ciddi şəkildə irəli sürür, Moskva da Bakının tələbləri üzərindən İrəvanı sıxışdırır. İndi Moskvanın təzyiqlərinin daha şiddətli olması gözlənir. Çünki Ermənistan yenə Rusiyanın təsir orbitindən çıxmağa çalışır. Özü də Kremldən aldığı xəbərdarlıqlara rəğmən. Bu arada “Kavkazplus” saytı məsələ ilə bağlı yazır: “2013-cü ildə Ukrayna ilə Avropa İttifaqı arasında Assosiativ Saziş hazırlanırdı. Hər şeylə maraqlanan ekspertlər bu razılaşmanın layihəsini oxudular və dəhşətə gəldilər. Razılaşma Ukraynaya heç bir xüsusi hüquq vermirdi, sadəcə olaraq, ölkə Rusiyadan və postsovet məkanından iqtisadi olaraq tamamilə qopurdu. Bu gün Avropa İttifaqı Ermənistanla da bağlı analoji layihəyə hazırlaşır. Sarkisyan bu layihəni erməni əhalisindən gizlədir. Mümkündür ki, bu, nəticə etibarilə erməni cəmiyyətində münaqişə yaratsın, özü də böyük qanla müşahidə olunan geosiyasi münaqişə”.
Maraqlıdır ki, İrəvan Avropa İttifaqı ilə noyabr ayında imzalamağa hazırlaşdığı yeni sazişin detallarını açıqlamaqdan imtina edir. Sadəcə məlumdur ki, iki ay sonra Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı“ sammiti zamanı imzalanması gözlənilən razılaşma tam hazırdır. Özü də bu razılaşmanın əsas lobbiçisi Serj Sarkisyanın kürəkəni, hazırda Ermənistanın Vatikandakı səfiri Mikael Minasyandır. Sənəd hələ açıqlanmasa da, erməni və avropalı diplomatlar təsdiqləyir ki, o, 2013-cü ildə Moskvanın razılıq vermədiyi sənədə çox oxşardır. Analitikin bildirdiyinə görə, sənəddə Avropa İttifaqı ilə Ermənistan arasında müəyyən məhdudlaşdırmalar olsa da, o, İrəvanın Rusiyadan sıx asılılığına ciddi alternativ yaradır.
Ermənistana səfərə gələn Avropa İttifaqının nümayəndə heyətinin rəhbəri, diplomat Pyotr Svitalski də sənədin mətnini açıqlamaqdan imtina edir: “Ermənistan və Avropa İttifaqı arasında razılaşmanın detalları imzalanmaya qədər açıqlanmayacaq”. Ekspertlərə görə, Avropa detalları açıqlayacağı təqdirdə Rusiyanın razılaşmaya qədər Ermənistana müdaxilə edə biləcəyindən ehtiyat edir. hələlik isə Moskva adamlarını İrəvana göndərərək Ermənistanı ağıllandırmağa çalışır. Lakin İrəvan fərqli yoldadır və bu səbəbdən Kreml Ermənistanla artıq başqa cür danışmağın qaçılmaz olduğunu görür. Bura Qarabağ məsələsinə görə Ermənistana təzyiqlərin artırılması da daxildir. İrəvandakı “Qafqaz İnstitutu”nun direktoru Aleksandr İsgəndəryan Rusiyanın Ermənistana qarşı sərt addımlar atmasını istisna etmir: “Nə baş verəcəyini heç vaxt bilmək olmaz. Sabah Rusiya cibindən tapançanı çıxarıb masanın üstünə qoya bilər, necə ki, 2013-cü ildə bunu etdi”. İsgəndəryan onu da bildirib ki, bu vəziyyətdə Moskva İrəvana qarşı digər sərt addımlar da ata bilər ki, onlar arasında Qarabağ məsələsi ön planda gəlir. O, bu halda Ermənistanın daha çox itirən tərəf olacağını da qaçılmaz sayır və qeyd edir ki, bütün bunlara səbəb İrəvanın çox səriştəsiz xarici siyasət yürütməsidir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.