Qarabağ kiçik Qafqaz sahəsinin iki böyük bölgəsindən biridir. Coğrafi gözəlliyi ilə diqqət çəkən bu bölgənin məşhur mineral su mənbələri var. Bu gün ermənilərin işğalı altında olan Qarabağ fiziki coğrafiyası baxımından dağlıq və ovalıqlardan əmələ gələn bir bölgədir. Bu bölgənin təbii sərhədlərini Kür və Araz çayları ilə Göyçə gölü təşkil edir.
Dahi şairimiz Nizami Gəncəvinin Qarabağ haqqında yazdığı beytlər Azərbaycanın bu gözəl və qədim diyarının nə qədər füsunkar olduğunu açıq-aydın göstərib. Bədr Şirvani Qarabağ çiçəklərindən, Muğan səhrasının gülzara çevrilməsindən, Qarabağı əhatə edən Araz və Kür çaylarından söhbət açıb. Azərbaycan tarixşünası İsgəndərbəy Münşi Qarabağın gözəl ab-havası, çoxlu yaşıllıq və çiçəkləri, bar-bərəkətinin şöhrəti barədə danışıb. Hacı Zeynəlabdin Şirvani isə Qarabağın behiştə bənzər bir vilayət olduğunu, buralarda hər şeyin bol olduğunu bildirib.
Qarabağ yaylağı Kəlbəcərlə Laçın ərazisinə daxildir. Bu bölgənin ən önəmli mərkəzləri Şuşa və Xankəndidir. Qarabağın zəngin bitki örtüyü, saf havası, su mənbələri diqqətçəkicidir. Buraların təxminən 1/3 meşəlikdir. Yeraltı mənbələri baxımından da bu bölgə olduqca zəngindir. Kəlbəcər bölgəsində qızıl mədənləri belə var. Qarabağ bölgəsinin 210.000 hektar sahəsi əkinə əlverişlidir. Bu bölgənin sadəcə 23.000 hektarının suvarılmağa ehtiyacı var, qalan sahələr isə yeraltı sular və yağışlarla təmin olunur.
Qarabağın digər bir xüsusiyyəti də Azərbaycanın ən önəmli turistik bölgəsi olmasıdır. İşğaldan əvvəl bu bölgə Azərbaycanın inkişaf etmiş bölgələrindən biri idi. Təəssüflər olsun ki, bütün bunlar təbii gözəlliklərə belə düşmənçilik edən erməni daşnakların tapdağı altındadır, Göyçə mahalı, Zəngəzurda olduğu kimi.
Tarix baxımından Qarabağ bölgəsi insanlığın ən keçmiş mərkəzlərindən biridir. Bu bölgə dünyanın ən qədim beş insan mərkəzindən biri sayılır. Füzuli rayonuna yaxın olan mağaralarda aparılan qazıntılar nəticəsində əldə olunan qalıntılar arxeoloqlar tərəfindən incələndikdə bu bölgənin 1,5-2 milyon il əvvəl insanların məskunlaşdığı bir sahə olduğu müəyyən edilib. 1969-cu ildə bu bölgədə aparılan arxeoloji qazıntılarda dünyada beşinci olaraq ən qədim insana aid sümük qalığı aşkar edilib. Təxminən 20 yaşında bir qadına aid olduğu təsbit edilən bir çənə sümüyünə əsaslanılaraq bu bölgənin ən qədim yaşayış sahələrindən biri olduğu qəbul edilib.
Bilindiyi kimi, Qafqaz tarixin ən keçmiş çağlarından etibarən Şərq və Qərb arasında bir körpü rolunu oynayıb, müxtəlif millətlərin mübarizələrinə səhnə olub. Miladdan əvvəl VII əsrdən etibarən Azərbaycanın sakinləri Orta Asiyadan gələn Saka türkləri olub. Sonralar buralara müxtəlif türk boyları gəlib yerləşib. Bəzi türk boyları isə Dərbənd keçidini aşaraq buralardan Anadoluya üz tutub. Bax bu keçidlər sırasında Qarabağın türklərin ən geniş və ən keçmiş qışlağı olduğu, Dədə Qorqud qəhrəmanlarının Azərbaycan və Şərqi Anadolunu yurd etdikləri məlumdur.
XI əsrə qədər müxtəlif Oğuz boylarının yerləşdiyi Azərbaycan 1015-1021-ci illər arasında Səlcuqlu Türk dövlətinin qurucularından Çağrı bəyin Şərqi Anadoluya etdiyi səfər sonrası türk toplumunu yaşadan bir bölgə halına gəlib. Malazgird zəfərindən sonra Qafqaza doğru çoxalan Səlcuqlu türk axınları zamanı bu bölgədə (Gəncə, İrəvan, Naxçıvan, Təbriz və s.) müsəlman əmirlikləri hökmran idi. O zamanlar Azərbaycan və onun ətrafı İraq səlcuqlularının hakimiyyəti altında olub. Səlcuqlu sultanı Məsud zamanında Qıpçaq türklərindən Şəmsəddin Eldəniz Azərbaycanın ümumi valisi olub. Eldəniz Arran və Şirvan bölgələrini səlcuqlulara bağlayıb. 1146-cı ildə müstəqilliyini elan edən Eldəniz Atabəyliyin mərkəzi olan Təbrizi və Naxçıvanı bu torpaqlara birləşdirib. Ondan sonra taxta oturan bəylər də bu bölgələrdə sabitliyi təmin ediblər. Bu Atabəylik 1211-ci ildə Xarəzmşahlara bağlanıb və Cəlaləddin Xarəzmşahın Təbrizi işğal etməsilə bitib.
Daha sonra monqollar bu bölgədə hakimiyyətlərini qurublar. Monqolların istilası dövründən Arranın cənub hissəsi Qarabağ adlandırılıb. Hacı Zeynəlabdin Şirvani yazır ki, Arran türk dilində isti yer deməkdir. Məhz isti iqlimə malik olduğuna görə türklər oranı Arran adlandırıb. Kürlə Araz çayı arasında məşhur olan bu vilayəti Həmdullah Qəzvini də Arran adlandırıb.
Qarabağ sözünə Hülakunun oğlu Əhməd Takudarın hakimiyyəti dövründə (1282-1284) rast gəlinir. Qarabağın dağlıq hissəsi ilə düzənlik hissəsi tarixən bir olub. Bu mövzuda aparılan tədqiqatlarda 1923-cü ilə qədər Dağlıq Qarabağ termininə rast gəlinmir. 1259-cu ildə Böyük Monqol xanı Manqunun ölümündən sonra Monqol imperatorluğu parçalanıb və bu parçalanmadan bir çox dövlətlər ortaya çıxıb. Bu dövlətlərdən biri olan İlhanlılar (1256-1336) olub ki, İran və Qafqaza hakim olub, Təbrizi özlərinə paytaxt seçib, Qarabağı isə istirahət mərkəzi edib. İlhanlılar Təbrizdə, Marağada, Qarabağda, Aladağda, Arranda qalalar, saraylar, karvansaralar tikərək Azərbaycanın inkişafında böyük rol oynayıblar. Qarabağ gözəl iqlimi, otlaq və ov üçün əlverişli şəraiti baxımından dövrün hökmdarlarının diqqətini özünə cəlb edib. Təsadüfi deyil ki, Qazan xanı hakimiyyətə gətirmək üçün bütün şahzadələr, əmirlər, dövlətin yüksək rütbəli şəxsiyyətləri Qarabağa toplanaraq onu 1295-ci il noyabr ayının 3-də şahlıq taxtına oturdublar.
1386-cı ildə Qarabağ bölgəsi Teymurləng tərəfindən fəth edilib. Teymurləng Qarsı da zəbt edib, Tiflisi mühasirə altına aldıqdan sonra qışlamaq üçün Qarabağa çəkilib. Çingiz xanın soyundan gələn bu türk əmiri 1386-1388-ci illərdə Qafqazı və İran bölgəsini işğal altında tutub. Azərbaycanı ələ keçirmək istəyən Qıpçaq xanı Toxtamışın Dərbəndi zəbt edib Azərbaycana daxil olmasına qarşı çıxan Teymurləng onunla savaşıb və onu məğlub edib. Bu andan etibarən Azərbaycanın tək hakimi olan Teymurləng Göyçə gölünün sahilində bir ordu quraraq Anadolunun fəthinə başlayıb. Hindistan və Çini fəth edərək böyük bir imperatorluq qurmaq istəyən Teymurləng 1405-ci ildə vəfat edib.
Teymurlulardan sonra Qarabağda Qaraqoyunlular, daha sonra Ağqoyunlular hakimiyyəti qurulub. Qaraqoyunlu hakimiyyəti özünü İranın şimal, İraq və "Anadolu Ermənistanında" göstərib. Azərbaycan tarixində önəmli rolları olan Ərdəbil şeyxləri bu zaman kəsiyində ortaya çıxıblar. Qaraqoyunlu hökmdarı Cahan şahın Ərdəbil şeyxi Cüneytin üzərinə hücum etməsilə şeyx Ağqoyunlu hökmdarı Uzun Həsənə sığınıb. Qaraqoyunlulardan sonra bölgəyə Ağqoyunlular hakim olub (1458-1502). Bu vaxtlar Qarabağ Ağqoyunlu hökmdarlarına qışlaq yeri olub. Qaraqoyunlu və Ağqoyunlu dövlətləri zamanında bu bölgədə türk dili və ədəbiyyatı inkişaf edib.
Şeyx Sofinin soyundan gələn Şah İsmayılın Səfəvi dövlətini qurması 1502-ci ildə Naxçıvanda Ağqoyunlu ordusunu məğlub etməsi ilə başlayıb. Bu dövrdə Qarabağ və ətrafında Səfəvi hakimiyyəti olub. Bundan sonrakı əsrdə isə bölgə Şah Abbas zamanında nəzarət altına alınıb və idarə olunması baxımından üç bəylərbəyliyinə ayrılıb. Qarabağa Qacar türklərindən Şahverdi sultan bəylərbəyi təyin edilib. Sonrakı zamanlarda da buraların hakimiyyəti Qacar türklərinin əlində olub.
Səfəvi dövlətinin qurulması bu dövlətin Osmanlı dövləti ilə qarşı-qarşıya gəlməsinə səbəb olub. Osmanlı dövləti ilə İran arasında baş verən mübarizə özünü ən çox Azərbaycan coğrafiyasında hiss etdirib. Qanuni Sultan Süleyman Naxçıvanı, İrəvanı və Qarabağı öz idarəsi altına alıb. 1555-ci ildə isə Osmanlı dövləti Səfəvilərlə sülh müqaviləsi bağlayıb.
Bu tarixdən etibarən Osmanlı dövlətinin əsas siyasətlərindən biri Qafqaz siyasəti olub. Xüsusilə XVI əsrin ikinci yarısında Qafqazdakı ən önəmli siyasi və hərbi qüvvənin Osmanlı dövləti olduğu görünür. III Murad dövründə Osmanlı qüvvələri Qarabağı öz hakimiyyəti altına alaraq Şirvanı və Bakını da fəth edib. Bu hakimiyyət 1590-cı ildə imzalanan İstanbul müqaviləsini İrana da qəbul etdirib.
Ancaq çox keçmədən bu bölgə yenidən İran hakimiyyətinin əlinə keçib. İqtidarını və hərbi qüvvəsini genişləndirən Şah Abbas Anadoluda baş verən Cəlali üsyanlarından istifadə edərək 1603-cü ildə Təbriz, İrəvan, Gəncə, Şirvan kimi Osmanlı imperatorluğuna bağlı Azərbaycan torpaqlarını fəth edib. 1618-ci ildə Osmanlı və İran qüvvələri arasında baş verən müharibə nəticəsində Şah Abbas Təbriz və Ərdəbil bölgələrini boşaldaraq geri çəkilib, Qars və Ahıska bölgələri də Osmanlı dövlətinə buraxılıb.
1628-ci ildə Şah Abbas vəfat etdikdən sonra onun yerinə nəvəsi Şah Safi keçib. Bu dövrdə İranda yaranan zəiflik nəticəsində Osmanlılar İrana bir çox dəfə səfərlər təşkil edib. Nəhayət, 1639-cu ildə imzalanan Qəsri Şirin müqaviləsi nəticəsində uzun sürən bu hərb dövrü sona çatıb. Bu müqaviləyə görə Bağdad, Bəsrə və Şehri Zor Osmanlı dövlətinə, İrəvan isə Səfəvilərə buraxılıb. Bu müqavilə ilə müəyyən edilən sərhədlər, kiçik dəyişikliklər olsa da, bugünkü Türkiyə-İran sərhədinin təməlini təşkil edir.
1722-ci ildə I Pyotrun Xəzər dənizinə enməsi Osmanlı dövlətini hərəkətə gətirib və türklər Köprülü Abdullah paşanın rəhbərliyində Təbrizi, Mərəndi, Naxçıvanı, 1724-cü ildə isə Ərdəbil və Qarabağı fəth edərək Azərbaycanın böyük bir hissəsini himayəsi altına alıb. Nəticədə, Fransanın vasitəsilə Osmanlı dövləti ilə Rusiya arasında bir müqavilə imzalanıb. Altı maddədən ibarət bu müqavilə əsasında Xəzər boyları ilə İran şahı II Təhmasibin boşaltdığı bölgələrin Rusiyaya aid olduğu qəbul edilib. Buna müqabil Şirvan, Gəncə, İrəvan, Muğan və Qarabağ Osmanlı dövlətinə qatılıb. Ancaq çox keçmədən Nadir şah Osmanlı dövlətinin idarəsində olan bölgələrə hücum edib, fəqət Osmanlı qüvvələri qarşısında çox dura bilməyib və 1729-cu ildə məğlubiyyətə uğrayıb. Bundan sonra Osmanlı ordusu irəliləyərək 1731-ci ildə Azərbaycanın mərkəzi bölgələrini də himayəsi altına alıb. Çətin vəziyyətdə qalan İran sülh müqaviləsi imzalamaq məcburiyyətində qalıb. 1732-ci ildə imzalanan müqavilə ilə Araz çayı sərhəd olaraq qəbul edilib: Şirvan, Dağıstan və Gürcüstan Osmanlı hakimiyyətində qalıb, Təbriz, Kirmanşah, Həmədan isə iranlılara verilib. Fəqət çox keçmədən Nadir Şah təkrar Azərbaycanı işğal edib. Bu bölgədə Osmanlı hakimiyyətini istəməyən ruslarla iranlılar qurduqları ittifaq nəticəsində 1735-ci ildə imzalanan Gəncə müqaviləsi ilə Qafqazı öz aralarında paylaşıblar. Bu müqaviləyə görə, Tiflis, Gəncə, İrəvan, Naxçıvan və Qarabağ vilayətləri İran hakimiyyəti altına girib. Yaranmış vəziyyət Nadir şahın 1743-cü ildə öldürülməsinə qədər davam edib. Nadir şahdan sonra Azərbaycan bölgəsi kiçik xanlıqlara bölünüb və Qarabağ xanlığı qurulub.
Qarabağ xanlığının qurucusu Pənahəli xandır. Pənahəli xan əvvəllər Nadir şahın xidmətində yer alıb və önəmli vəzifələrdə çalışıb. Amma Nadir şahın əmrilə qardaşının edam edilməsi nəticəsində Qarabağa qaçıb və azadlıq mübarizəsinə başlayıb. 1749-cu ildə xanlığını elan edən Pənahəli xan rəqib xanlar və İrandan gələ biləcək hücumlardan müdafiə olunmaq üçün Şuşa qalasını tikdirib. Ələ keçirilməsi çətin olan Şuşa qalası İran hücumlarına qarşı mühüm rol oynayıb. Bura xanlığın mərkəzi olub.
1749-cu ildə xanlığını elan edən Pənahəli xandan sonra onun yerinə oğlu İbrahimxəlil xan keçib. Bir müddət xanlıq etdikdən sonra taxtdan imtina edən İbrahimxəlil xan 1786-cı ildə ikinci dəfə xanlıq taxtına oturub.
1806-cı ildə İbrahimxəlil xanın xələfi Mehdiqulu xan Qarabağ xanlığının hökmdarı olub və bu vəziyyət 1822-ci il rus istilasına qədər davam edib.
Yetirdiyi dahi sənətkarlarla xalqımızı bütün dünyada şöhrətləndirən Qarabağın Azərbaycanın ürəyi, onun ayrılmaz parçası olması barədə çox sayda qiymətli əsərlər yazılmasına baxmayaraq, doğma Qarabağımızı, onun dilbər guşəsi olan Şuşanı əlimizdən alan erməni daşnaklar heç bir tarixi faktlarla hesablaşmır, öz havadarlarına güvənməklə həyasız tələblərindən əl çəkmirlər. Ağıl və zəkaya arxalanan Azərbaycan xalqı isə öz hüququnu, doğma torpağımız üzərindəki suverenliyini tutarlı faktlarla daha da möhkəmləndirmək və müasir siyasi mövqedən, dövlət konstitusiyası mövqeyindən müdafiə etməyə səy göstərir.
Fazil QARAOĞLU professor