Aqşin Əliyev: "Niyə nazir Ermənistana açıq etiraz etmir?"
Bu günlərdə "Ermənistan xəbərləri" portalı xəbər yaymışdı ki, Kiprin xarici işlər naziri İoannis Kusulides Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşü zamanı Qarabağı ermənilərin tarixi torpağı adlandırıb.
Qeyd edək ki, Kiprin XİN rəhbərinin bu tip açıqlama verməsi Azərbaycanda ciddi rezonansa səbəb olub. Hətta məsələyə XİN səviyyəsində reaksiya verilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin sözlərinə görə, bu fikirlər münaqişənin danışıqlar yolu ilə həlli prosesinə və regionda sülhün təmin olunması səylərinə zərər vurur: "Həmçinin Kiprin üzvlüyünü daşıdığı Avropa İttifaqı və Avropa Şurasının münaqişə ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi ilə də bir araya sığmır".
XİN rəsmisi bildirib ki, Şimali Kipr türklərin əsrlər boyu köklü xalq kimi yaşadığı ərazidir və onların da öz müqəddəratını təyin etmək hüququ var. "Şəffaflıq təmin edilmədiyinə görə Kiprlə Ermənistan arasındakı hərbi əməkdaşlıq barəsində də müəyyən suallar və şübhələr var" - deyə XİN sözçüsü bəyan edib.
Məsələ bu şəkildə ictimailəşəndən sonra Kipr XİN yayılan məlumatı təkzib edib: "Kipr XİN başçısı qəti surətdə bildirir ki, nə Ermənistanın müdafiə naziri ilə görüşdə, nə də başqa bir yerdə belə bir bəyanat verməyib".
Hadisələrin bu cür gedişatını necə şərh etmək olar?
Ekspert Aqşin Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, burada bir necə ehtimal irəli sürmək olar: "Adətən bəzi rəsmilər dar çərçivədə öz aralarında səmimi danışır və məsələ ciddi rezonansa səbəb olan kimi dediklərini ya danır, ya da fikirlərinin jurnalistlər tərəfindən təhrif edildiyini deyirlər. Hazırda biz birinci halın baş verdiyini görürük. Onda belə çıxır ki, Ermənistan KİV-i Kiprin XİN rəhbəri adından öz xeyirlərinə dezinformasiya yayıb. Niyə nazir Ermənistana açıq etiraz etmir? İstənilən halda, həmin nazir bilməlidir ki, Dağlıq Qarabağ onun mövzusu deyil. O, erməni nazirlə, sadəcə, iki ölkə arasındakı münasibətlər barədə danışa bilərdi. Şərt deyildi ki, hansısa münaqişə ocağı barədə anlamadan fikir söyləsin. Kiprli nazir, ən azından, yunanıstanlı rəsmilərdən dərs almalı idi. Məlumdur ki, Yunanıstanla Ermənistan arasında sıx əməkdaşlıq var. Amma buna baxmayaraq, Yunanıstanla Azərbaycan arasında da əlaqələr normaldır. Ona görə də Yunanıstan Qarabağ məsələsində çox ehtiyatlı davranır və çalışır ki, beynəlxalq hüquq normalarından kənara çıxmasın. Bu ilk belə hal deyil ki, prosesdən kənar adamlar problemlərin mahiyyətinə varmadan müxtəlif səbəblərdən dolayı ağızlarına gələni söyləyirlər. Hansısa xarici dövlət nümayəndələri tarixi reallıqları yaxşı bilmirsə, o zaman Azərbaycan tərəfi onlara dərs keçməlidir. Şimali Kiprlə Dağlıq Qarabağ arasında hansısa paralelin aparılması belə qüsurludur. Türk ictimaiyyəti ümumi Kipr Respublikasının nəzdində yer almaq istəyir. Sadəcə, tələbləri odur ki, onlara muxtariyyət verilsin. Kiprin türk xalqı, ermənilər kimi, separatçılıqla məşğul olmur. Azərbaycan tərəfi ermənilərə muxtariyyət verməyə hazır olduğunu desə də, təcavüzkar düşmən separatizmdən əl çəkmir".
Məhəmmədəli QƏRİBLİ