Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yönündə həyata keçirilən fəal diplomatik siyasət öz müsbət nəticələrini verməkdə, xüsusən də Ermənistanın işğal siyasətinin ifşa olunmasına yeni böyük töhfələr əlavə etməkdədir. Bütün bunların nəticəsidir ki, indi dünyada Azərbaycan və Ermənistana qarşı sərgilənən münasibət ötən illərə nisbətən əhəmiyyətli dərəcədə ölkəmizin lehinə dəyişib.
Bu hal okeanın o tayında da özünü qabarıq surətdə büruzə verir. Xüsusən də ABŞ prezidenti Donald Trampın 28 May - Respublika günü münasibətilə Azərbaycan dövlət başçısını və xalqını təbrik etməsi, mayın 31-də Xəzər Neft və Qaz sərgisinə və Prezident İlham Əliyevə ünvanladığı məktublar, burada yer alan ifadələr Vaşinqtonun Bakı ilə münasibətlərini daha da sıxlaşdırmaqda, yeni yüksək səviyyəyə qaldırmaqda maraqlı olduğunu aydın surətdə nümayiş etdirdi.
Həmin məktublarda iqtisadi məqamlar, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsi də xüsusi diqqət mərkəzində yer aldı. Donald Tramp bildirdi ki, ABŞ bu münaqişənin dinc yolla beynəlxalq hüquq müstəvisində həllində maraqlıdır və bu istiqamətdə səylərini davam etdirəcək. Qısa zaman kəsiyində Trampın bir-birinin ardınca Azərbaycana göndərdiyi məktublar və onların hər birində ölkəmizlə əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu ifadə etməsi, eyni zamanda Qarabağ konfliktinin həllinin vacibliyini xüsusi qabartması, heç şübhəsiz, rəsmi Bakının maraqlarına tam cavab verir. Milli Məclisin deputatı Aydın Mirzəzadə də bildirir ki, Donald Trampın həm 28 May - Respublika Günü, həm də "Xəzər Neft və Qaz-2017" sərgi və konfransı ilə əlaqədar Prezidentə ünvanladığı məktublar bu gün iki ölkə arasında olan münasibətlərin keyfiyyət göstəricisidir. O qeyd edir ki, əvvəlki administrasiyadan fərqli olaraq, Donald Tramp Azərbaycanda gedən islahatlara yüksək qiymət verir: "Bu da Azərbaycan üçün çox önəmlidir. ABŞ prezidenti Azərbaycanla öz ölkəsi arasında ikitərəfli əlaqələrin möhkəmlənməsinə böyük önəm verdiyini və əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayır. Azərbaycan Ermənistandan başqa bütün ölkələrlə qarşılıqlı maraqlar əsasında əlaqələrin qurulmasına önəm verir. Müstəqilliyini bərpa etdiyi 25 illik müddətdə Azərbaycanın Amerika Birləşmiş Ştatları ilə münasibətlərin, demək olar ki, bütün sahələrini əhatə edən əməkdaşlıq təcrübəsi var. Həmin əlaqələri daha da genişləndirmək və dərinləşdirmək mümkündür. Bu həm siyasi, iqtisadi, diplomatik, həm də hərbi əməkdaşlığı özündə birləşdirir. Azərbaycan ABŞ-la münasibətlərində onun Dağlıq Qarabağ probleminin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədri olması faktını da ciddi nəzərə alır. Birləşmiş Ştatlar bu statusundan istifadə edərək problemin həllinə böyük töhfə verə və Ermənistanı beynəlxalq hüquq normalarına riayət etməyə, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağıra bilər. Hər iki məktub göstərir ki, ABŞ-ın yeni administrasiyası dünyada ölkələr arasında tamam yeni və ümumi maraqlara xidmət edən aspektlərin qurulmasında maraqlıdır". Aydındır ki, ABŞ-ın Azərbaycanla münasibətlərinə yetirdiyi diqqət, bu fonda Qarabağ məsələsinin də xüsusi qabardılması erməni tərəfinin maraqlarına cavab vermir. İrəvanda hesab edilir ki, hadisələrin belə gedişi həm erməni lobbisinin zəiflməsinin, həm də Azərbaycanın yeni ABŞ administrasiyasına daha yaxın olmasının göstəricisidir. Aydındır ki, bu vəziyyətdə ABŞ-ın Qarabağ məsələsinə də sərgilədiyi münasibət Azərbaycanın mənafelərinə uyğun gələcək.
Daha bir önəmli fakt budur ki, yaranmış durumda ABŞ-ın Qarabağ münaqişəsinə diqqətinin artması konfliktin həllini tezləşdirə bilər. Bunu ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza da təsdiq edir. O vurğulayır ki, Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etmək üçün daha yüksək səviyyədə - ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirləri və prezidentlərinin iştirakı ilə danışıqlar aparılması lazımdır. Onun sözlərinə görə, ABŞ və Rusiya prezidentləri nizamlama prosesində həlledici rol oynaya bilər. Brayza danışıqlar prosesinin çərçivəsinin "Madrid prinsipləri" olduğunu, lakin prosesin sonradan irəliləmədiyini xatırladıb: "Xarici oyunçular, bir yerə toplaşıb tərəfləri qəti barışığa çağıracaq və bu zamana qədər əldə olunan nizamlama çərçivəsində prosesin həllini tələb edəcək üçüncü ölkələrin liderlərinin iştirakı vacibdir". Təbii ki, belə şəraitdə ermənilər həmin liderlərin, xüsusən də ABŞ-ın qeyd olunan səpkidə çağırışlarını rədd edə bilməyəcək. Digər tərəfdən ermənilərin lobbiləri vasitəsilə ABŞ-a təsir göstərmələri də artıq mümkün deyil. Çünki Donald Tramp hökuməti erməni lobbisini yaxına belə buraxmır. Əksinə, hadisələrin gedişi göstərir ki, bundan sonra ABŞ-da erməni lobbisinin mövqeləri zəifləməkdə davam edəcək. Bunu okeanın o tayında ən böyük erməni lobbi təşkilatları olan Erməni Milli Konqresi (ANKA) və Amerika Erməni Məclisi (AAA) haqqında Dağlıq Qarabağa maliyyə yardımlarının edilməsi ilə bağlı məhkəmə təhqiqatının başlaması da sübut edir. ABŞ Dövlət Departamentindəki adının açıqlanmasını istəməyən mənbə də erməni diasporu haqda məhkəmə təhqiqatının başlanması təşəbbüsünün olmasını təsdiqləyir.
Xatırladaq ki, ANKA və AAA indiyə qədər ABŞ dövlət büdcəsindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma "DQR"ə maliyyə yardımının ayrılmasına nail olub, həmçinin, Azərbaycana hər hansı maliyyə yardımının edilməsinin qarşısını alıb. Lakin amerikalı diplomatlar hesab edirlər ki, Dağlıq Qarabağa maliyyə yardımı separatçıları həvəsləndirir və münaqişənin danışıqlar yolu ilə həllinə mane olur. Bununla yanaşı, erməni diaspor təşkilatlarının fəaliyyətində bir sıra qanunsuz əməllərin olduğu deyilir. "Hərbi-siyasi jurnal" portalı yazır ki, erməni diasporuna qarşı qaldırılan məhkəmə təhqiqatı ABŞ qanunvericiliyinə uyğundur. Lakin portal burada əsasən siyasi hədəflərin olduğunu qeyd edir. Xüsusilə Trampın erməni siyasətinə fərqli rakursdan baxması rol oynayır. İlk növbədə, erməni diasporu ilə bağlı məhkəmə prosesi Trampın xarici ölkələrə maliyyə yardımının azaldılması haqda portfelinə uyğundur. Həmçinin bu, ABŞ-da digər diaspor və lobbi qrupları üçün yaxşı dərs ola bilər. Çünki onlar Amerika siyasətinə müdaxilə etməyə və bir çox hallarda ABŞ-ın milli maraqlarına uyğun olmayan qərarların qəbul edilməsinə nail olmağa cəhd edir. Təcrübə göstərir ki, erməni diasporu və lobbisi bir çox hallarda ABŞ-ın milli maraqlarından kənar siyasətin aparılmasına nail olub.
Erməni diasporu haqda məhkəmə təhqiqatının gündəmə gəlməsinin digər səbəbi kimi ANKA-nın ötən il ABŞ-da prezident seçkiləri ilə bağlı kampaniyada Demokratların namizədi Hillari Klintona dəstək verməsidir. ANKA seçki kampaniyasında Donald Trampa qarşı açıq düşmənçilik edir və müxtəlif üsullarla Klintonun qalib gəlməsi istiqamətində çalışırdı. ANKA və AAA təşkilatları haqda məhkəmə təhqiqatı Donald Trampın Ağ Evə köçən kimi qapıları erməni diasporu və lobbisinin üzünə bağlamasını xatırladır. ABŞ-da yaşayan ermənilər Trampın onları qəbul etməməsindən tez-tez şikayətlənir. ABŞ prezidentinin ermənilərə ağır zərbələr endirməsinin Vaşinqton-Bakı münasibətlərinin istiləşməsi fonunda baş verməsi də diqqət çəkir. Görünür, Vaşinqton indiyə qədər erməni diasporu və lobbisinin maraqlarına qurban verilən milli siyasətə geri dönür. Belə vəziyyət öz növbəsində Qarabağ münaqişəsinə obyektiv yanaşma və onun həll prosesinə ABŞ tərəfindən töhfələrin verilməsinə də əlverişli zəmin yaratmaq iqtidarındadır. Hesab edilir ki, bu vəziyyətdə ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində üzərinə düşən işləri daha fəal həyata keçirəcək və prosesin təkcə Rusiyanın inhisarında qalmasına imkan verməyəcək. Digər tərəfdən Qarabağ münaqişəsinin həllində fəal iştirak ABŞ-ın özünün də maraqlarına cavab verir. Ən azı ona görə ki, bu vəziyyətdə ABŞ Azərbaycan vasitəsilə bölgədə maraqlarını təmin edə, mövqelərini əhəmiyyətli dərəcədə gücləndirə bilər. Vaşinqtonda o da nəzərə alınır ki, Azərbaycan təhlükəsizlik məsələlərində və terrorla mübarizədə ABŞ üçün böyük önəm daşıyır. Eyni zamanda Azərbaycan ABŞ və NATO-ya dəstək verir. Bununla yanaşı, Azərbaycan ABŞ-ın çox etibarlı enerji tərəfdaşıdır və bu istiqamətdə Amerikanın ən önəmli müttəfiqlərinin enerji təhlükəsizliyi üçün bir çox layihələr həyata keçirir. Məhz bu durumda ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəal siyasət yürütməklə Azərbaycanın daha çox rəğbətini qazana bilər.
Yuxarıda qeyd olunduğu kimi, hadisələrin bu səpkidə inkişafı həm də ABŞ-da erməni lobbisinin mövqelərinə vurulan əsaslı zərbə kimi dəyərləndirilir. Ümumiyyətlə, Azərbaycanın erməni lobbisi ilə müqayisədə aktiv diaspor siyasətinin nəticələri Ermənistanda artıq böyük təşvişlə qarşılanır. "Aravot" qəzeti bunun daha bir sübutu kimi BMT yanında Ümumdünya Turizm Təşkilatının (ÜTT) Madriddə keçirilən 105-ci iclasını göstərir. Qeyd olunur ki, həmin iclasda Azərbaycan Ermənistana daha bir zərbə vurub. Belə ki, iclasda Ermənistan qondarma "DQR"i təşkilatın üzvü etmək istəyilə çıxış edib. Azərbaycan tərəfinin etirazlarından sonra ÜTT ermənilərin istəyini rədd edib. "Aravot" qəzeti yazır: "Bu, Azərbaycanın beynəlxalq müstəvidə Ermənistan üzərindəki növbəti qələbəsidir". Məqalənin müəllifi Nelli Qriqoryan qeyd edib ki, Bakı İrəvanın təşəbbüslərinin qarşısını kəsdi və Ermənistanı növbəti dəfə təcrid etdi: "Bundan əvvəl ATƏT-in İrəvan ofisi Bakının tələbilə bağlandı. İndi də bu baş verdi. Burada ən təhlükəli məqam erməni diplomatiyasının fərasətsizliyidir. Hətta Ermənistan Qarabağla bağlı hansısa məsələni Günəş sistemində qaldırsa belə, Azərbaycan bunun qarşısını kəsəcək. Madriddə Azərbaycan Ermənistana daha bir zərbə endirdi və İrəvan bu zərbədən yıxıldı". Bütün bunlar fonunda etiraf edilir ki, Azərbaycanın fəal Qarabağ siyasəti nəticələrini verir. Ermənistan isə, Azərbaycandan fərqli olaraq, Qarabağ məsələsində gedərək daha çox geridə qalır. İndiki vəziyyətdə Azərbaycanın ABŞ və Avropada erməni lobbisinin mövqeyini sarsıtması isə Qərbin Qarabağ münaqişəsinə yanaşmasını dəyişməklə yanaşı, onun həll prosesini də tezləşdirə bilər.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.