Üzeyir Cəfərov: "Bu həmin dövlətdir ki, orada bir vaxtlar baş nazir olmuş adam atom silahlarının olduğunu deyirdi"
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmən mövqelərindən birində quraşdırılmış videomüşahidə vasitəsi bölmələrimiz tərəfindən xüsusi üsulla ələ keçirilib. Özü də bu zaman bir sıra maraqlı məqamlar üzə çıxıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, qurğunun ilkin araşdırılması nəticəsində onun hava şarı (zond), kiçikhəcmli paraşüt, penoplast qutunun içərisinə yerləşdirilmiş kamera, müxtəlif ötürücü antena və naqillərdən ibarət olmaqla kustar üsulla hazırlandığı müəyyən edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyinin qoşunların qarşıdurma xəttindəki postlarının guya ABŞ istehsalı olan ən müasir videomüşahidə vasitələri ilə təmin olunması barədə verdikləri bəyanatların mif olduğu və Ermənistanın daxili auditoriyasına hesablandığı bir daha təsdiqlənib. Eyni zamanda, Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində, düşmənə məxsus bölmənin mühafizə olunan komanda-müşahidə məntəqəsi və müşahidə qülləsinin optik qurğusu bölmələrimiz tərəfindən atəşlə dağıdılıb.
Ötən il apreldə baş verən döyüşlərdən sonra Ermənistan bəyan edirdi ki, guya cəbhə xətti boyunca ən müasir müşahidə qurğuları yerləşdirilib. Ancaq son hadisə bir daha göstərdi ki, bu boş sözdən başqa bir şey deyil. Zatən, Ermənistanın silahlanma üzrə yarışda Azərbaycana uduzduğu göz qabağındadır. Çünki dilənçi vəziyyətində olan bir ölkənin müasir silahlar əldə etmək imkanı real deyil. Düzdür, Ermənistanın əsas müttəfiqi olan Rusiya onlara silah yardımı edir. Ancaq bu silahların əksəriyyətinin köhnə olduğu deyilir. Belə olan halda, Ermənistan necə müharibə apara bilər?
Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, ermənilərin bu yöndə apardıqları təbliğat yalan üzərində qurulub: "Videomüşahidə vasitəsinin zərərsizləşdirilməsi bunu bir daha sübut etdi. Ona görə də erməni tərəfinin bu yöndə səsləndirdiyi fikirlər blef xarakterlidir. Yəni boğazdan yuxarıdır və heç bir ciddi əsası yoxdur. Bu həmin dövlətdir ki, orada bir vaxtlar baş nazir olmuş adam atom silahlarının olduğunu deyirdi. Son baş verənlər də onu deməyə əsas verir ki, onların müşahidə qurğuları kustar səviyyədədir. Kustar silahla da müharibə aparmaq olmaz. Yəni özünə hörmət edən ciddi adam belə qeyri-ciddi söhbət etməz. Onların silahları həmin "müşahidə qurğusundan" ibarət idi ki, Azərbaycan Silahlı Qüvvələri onu çox ustalıqla zərərsizləşdirdi. Ona görə də erməni tərəfinin səsləndirdiyi fikirlər mənim üçün təəccüblü deyil. Onlar illərlə yalan danışmaqla, daxili auditoriyaya hesablanmış fikirlər səsləndirməklə günlərin keçirib. Hamı onların yalanını görür və qeyri-ciddi olmasına bir daha əmin olur. Belə faktların olması bizim üçün çox yaxşıdır ki, düşmənin iç üzünü açmaqda əziyyət çəkmirik".
Vidadi ORDAHALLI