Əli Orucov: "Onların yardımı ilə torpaqlar işğal olunub və indiyədək vəziyyət dəyişməz olaraq qalıb"
NATO Parlament Assambleyasının (PA) Tiflisdə keçirilən yaz sessiyasında bir sıra məsələlər müzakirə olunub. Təhlükəsizliyin mülki ölçüləri komitəsinin iclasında işğal olunmuş ərazilərdə Gürcüstanın strategiyası müzakirə olunub.
Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi üzrə dövlət naziri Ketevan Çixelaşvili, Gürcüstanda Avropa İttifaqının monitorinq missiyasının rəhbəri səfir Kestutis Jankauskas çıxış edərək Gürcüstan ərazisindəki münaqişələrin səbəb və nəticələri barədə məlumat verib, vəziyyətdən çıxış yolları barədə fikirlərini bölüşüblər.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Gürcüstanın üzləşdiyi problemlərlə yaxından tanış olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Z.Əsgərov Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, bir milyondan çox insanın doğma yurd-yuvalarından didərgin düşdüyünü bir daha diqqətə çatdırıb.
İclasda regional münaqişələr barədə fikir mübadiləsi aparılıb.
Bu arada Gürcüstan rəsmiləri bəyan ediblər ki, MDB məkanında yaranan münaqişə ocaqlarında Rusiya iştirak edib. Tədbirdə iştirak edən və Ermənistanı təmsil edən Edmond Marukyan buna etiraz edib. O iddia edib ki, guya Dağlıq Qarabağ məsələsində Rusiyanın rolu yoxdur: "Dağlıq Qarabağ münaqişəsi Cənubi Osetiya, Abxaziya, Dnestryanı və Krımdan fərqlidir".
Maraqlıdır, deyilənlər nə dərəcədə reallığa uyğundur? Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, bütün bunlar ermənilərin uydurmasıdır: "Dağlıq Qarabağ münaqişəsinin əvvəldən indiyədək bu həddə gəlib çatmasında Rusiyanın rolu var. Bunu heç cür danmaq olmaz. Münaqişə başlanandan Rusiya burada, MDB məkanındakı digər münaqişə ocaqlarında olduğu kimi, qızışdırıcı rol oynayıb və Ermənistana dəstək verib. Rusiyanın təsiri olmasaydı, MDB məkanındaki münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi bu qədər uzanmazdı. Rusiyanın yardımı ilə torpaqlar işğal olunub və indiyədək vəziyyət dəyişməz olaraq qalıb". Vidadi ORDAHALLI