Qabil Hüseynli: "Bu bir daha onu göstərir ki, ABŞ-Azərbaycan münasibətlərinin dinamik inkişaf etməsi baxımından çox böyük imkanlar var"
ABŞ prezidenti Donald Tramp Bakıda açılmış Neft və Qaz Sərgisi ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda bildirilir ki, ABŞ "Cənub Qaz Dəhlizi"nin reallaşmasının tərəfdarıdır və Azərbaycanın qlobal təhlükəsizliyin dəstəklənməsində rolunu, iqtisadiyyatın diversifikasiyasına yönəlik səylərini yüksək qiymətləndirir.
Bundan əlavə, Tramp məktubda qeyd edir ki, ABŞ Azərbaycanla demokratiyanın inkişafı, məhkəmə sisteminin islahatları kimi məsələlərdə əməkdaşlığa hazırdır. Həmçinin, Vaşinqtonun Qarabağ konfliktinin regionda sabitliyə və inkişafa gətirəcək dinc yolla həllinin tərəfdarı olduğu vurğulanır.
Qeyd edək ki, cəmi bir həftədə Trampın öz azərbaycanlı həmkarı İlham Əliyevə ünvanladığı ikinci məktubdur. Xatırladaq ki, Ağ Ev başçısı 1-ci məktubunda İlham Əliyevi və Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik etmişdi. Həmin məktubda bu kimi cümlələr yer almışdı: "Azərbaycan ABŞ-ın dəyərli tərəfdaşıdır", "Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik", "Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbrsizliklə gözləyirəm".
Trampın göndərdiyi bu iki məktub ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin açıldığına işarə ola bilərmi?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, D.Tramp 28 May - Respublika Günü münasibətilə göndərdiyi məktubda Azərbaycanın ABŞ-ın dəyərli tərəfdaşı olduğunu, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərin möhkəmləndirilməsinə sadiq olduqlarını qeyd edib, eyni zamanda, Azərbaycan Prezidenti ilə fəal tərəfdaş kimi işləməyi səbrsizliklə gözlədiyini vurğulayıb: "Donald Trampın Bakıda keçirilən 24-cü Beynəlxalq Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi ilə əlaqədar ünvanladığı məktubda da oxşar cümlələr yer alıb. ABŞ prezidenti bildirib ki, ABŞ "Cənub Qaz Dəhlizi"ni dəstəkləyir, Prezident İlham Əliyevlə işləməyə hazırdır. D.Tramp ABŞ-ın Azərbaycanla birgə həyata keçirilən layihələrə böyük önəm verdiyini, Azərbaycanın inkişafını, enerji təhlükəsizliyinin qorunması yönündə səylərini dəstəklədiyini də xüsusi qeyd edib. Göründüyü kimi, bütün bunlar isti mesajlardır. Bu cümlələr nədən xəbər verir? Bütün respublikaçı prezidentlər kimi, D.Tramp da geosiyasi maraqları ön plana çəkir. Bu maraqlar baxımından Vaşinqton Azərbaycanın bölgədə oynadığı rola müsbət qiymət verir. ABŞ-ın böyük əhəmiyyət verdiyi strateji bölgələrdən biri də Cənubi Qafqaz, Azərbaycan və Gürcüstandır. Azərbaycanın xüsusi çəkisi bu yöndə daha ağırdır. Azərbaycan Avropa və Asiya qitələrinin birləşdiyi bir nöqtədə yerləşir, Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya nəql edilməsində çox önəmli rol oynayır.
Bu, ABŞ-ın yeni administrasiyasının bölgə problemlərinə yanaşmasının ifadəsidir. ABŞ, əvvəlki dövrlərdə olduğu kimi, öz xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq. Bu siyasət iki ölkə arasında faydalı və bərabərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini nəzərdə tutur. D.Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciətlərdə əks olunan fikirlərdə ölkələr arasında ikitərəfli münasibətlərin yeni dönəminin başlandığına işarə edilir. Bu bir daha onu göstərir ki, ABŞ-Azərbaycan münasibətlərinin dinamik inkişaf etməsi baxımından çox böyük imkanlar var. Yazılan məktublar, həmçinin, rəsmi Vaşinqtonun Azərbaycana xoşməramlı münasibəti kimi dəyərləndirilə bilər. Bu həm də D.Trampın Azərbaycan Prezidentinin yürütdüyü xarici siyasəti bəyənməsi, dəstəkləməsi kimi qəbul oluna bilər".
Məhəmmədəli QƏRİBLİ