Daşdəmir Əliyev: "Ermənistan iqtisadiyyatı tam bərbad olduğu üçün, heç bir sanballı investor ora maraq göstərmir"
Ermənistan təmas xəttində verdiyi itkilərin sayını açıqlamamaq, həmçinin, vurulan obyektlər haqda məlumat verməmək barədə qərara gəlib. Ermənistan hərbi rəhbərliyi hesab edir ki, bu məlumatların açıqlanması Azərbaycana artilleriya atışları və snayper atəşlərinin dəqiqliyindən əmin olmağa kömək edir. Bununla yanaşı, atəşkəsin pozulması haqda məlumatlar yayılmayacaq.
Ermənistan ordusunun baş qərargah rəisi Movses Akopyan iddia edib ki, atəşkəsin pozulması haqda məlumat müharibənin davam etməsi deməkdir: "Bu isə investisiyaları ölkədən qaçırır".
Erməni jurnalist Tevos Arşakyan bunun ordudakı itkiləri gizlətmək gedişi olduğunu yazıb. Onun sözlərinə görə, Ermənistan Şimali Koreya yolu ilə gedir: "Guya ordudakı məlumatları gizlətməklə rəqibi informasiya mənbəyindən məhrum etmək mümkün olacaq? Onda kəşfiyyat sistemləri, izləmə cihazları kimi avadanlıqlar var və istədiyi informasiyanı əldə edəcək. Deməli, bizim ordu rəhbərliyi dəhşətli itkiləri cəmiyyətdən gizlətmək üçün yeni vasitəyə əl atır və bunu Azərbaycanla əlaqələndirir. İtkilərimiz haqda isə heç bir məlumat verilməyəcək. Bu, ordudakı özbaşınalığın, əsgərlərin öldürülməsinin sayını daha da çoxalda bilər".
Ermənistan ordusunun baş qərargah rəisi M.Akopyanın bu bəyanatı doğrudanmı investorların ölkədən qaçmasının qarşısını almağa hesablanıb?
Hərbi ekspert Daşdəmir Əliyev qəzetimizə bildirdi ki, Ermənistanın yüksək rütbəli hərbçisinin belə bir bəyanatla çıxış etməsi, əslində, fikri başqa istiqamətə yönəltməyə hesablanıb: "Onun verdiyi açıqlama tutduğu postun profilinə uyğun deyil. Çünki ölkədən investorların qaçmasının səbəblərilə siyasətçilər və hökumətin iqtisadi blokunda təmsil olunanlar maraqlanmalıdır. Məqsəd aydındır. Bununla Ermənistan rəhbərliyi cəbhədən gələn məlumatları tam qapalı saxlamaq istəyir. Onsuz da onlar bu siyasətə maksimum əməl etməyə cəhd edir. İtkiləri maksimum pərdələməyə çalışırlar, ancaq balaca ölkədə bunu tam gizli saxlamaq mümkün olmur. Nə qədər olmasa da, həqiqətlər QHT-lər, müstəqil jurnalistlər tərəfindən ictimailəşdirilir. Onlar bunu tam qadağan etmək istəyir. Son vaxtlar Ermənistanda ordudakı itkilərlə bağlı ciddi narazılıq hökm sürür. Erməni anaları açıq-aydın deyirlər ki, övladlarının Ermənistandan kənarda olan Qarabağda ölməsinə qarşıdırlar. Hətta bu tələblə bir neçə aksiya da keçiriblər. Belə məlumatların yayılmasının investisiya durumuna təsirinə gəldikdə isə, tamamilə absurddur. Çünki Ermənistan iqtisadiyyatı tam bərbad olduğu üçün, heç bir sanballı investor ora maraq göstərmir. Ermənistanı bu hala isə məhz indiki qərargah rəisinin də təmsil olunduğu hakimiyyət salıb. Ölkəni, faktiki olaraq, blokadaya salmaqla onlar regionu əhatə edən bütün layihələrdən kənarda qalıb. Ermənistana investisiya qoyulmamasının başlıca səbəbi budur. Verilən açıqlamanın əsl hədəfi isə təmas xəttindəki məlumatların tam olaraq cəmiyyətdən gizli saxlanmasına hesablanıb".
Məhəmmədəli QƏRİBLİ