Səyyar Əliyev: "Azərbaycanın tarixi yeri isə daha da möhkəmlənəcək və əminəm ki, ermənilər bunu lap yaxın vaxtda hiss edəcək"
Ermənistan mətbuatının Azərbaycana qarşı qərəzli olmasına əlavə izah verməyə ehtiyac yoxdur. Ancaq ən maraqlısı budur ki, onlar apardıqları informasiya savaşı çərçivəsində bütün tarixi faktları belə təhrif edirlər. Özü də bunu çox absurd iddialar irəli sürməklə gündəmə gətirmiş olurlar. Növbəti bələ avantüralardan biri Ermənistan KİV-ində dərc edilib.
Həmin məqalədə qeyd edilir ki, güya Azərbaycanın cəmi 100 illik dövlətçilik tarixi var və ilk dövlət Britaniya ilə Türkiyənin ortaq maraqlarına uyğun yaradılıb: "Sonra isə rus-türk razılaşmasına əsasən öz mövcudluğunu qoruyub. Azərbaycan hazırda öz geopolitik əhəmiyyətini itirir. Çünki artıq onun sahib olduğu neft heç kimə lazım deyil. Gələcəkdə həmin coğrafiyada biz Levant, Kürdüstan, Mesopatamiya kimi adlara rast gələcəyik".
Ermənilərin bu iddiaları nə məqsədi daşıyır?
Tarix üzrə fəlsəfə doktoru Səyyar Əliyev bu iddiaları tamamilə əsassız sayır: "Ermənilər daim tarixi faktları inkar edib. Özlərinə sərf edən böhtanları uydurmaqla onları hətta dərsliklərə salıblar. Azərbaycanın dövlətçilik tarixi 100 illə ölçülə bilməz. Biz tarixdə böyük imperiyalar yaratmış, ona başçılıq etmiş millətin nümayəndələriyik. Çox uzağa ekskurs etmək istəmirəm. Təkcə 15-ci əsrdə meydana gələn Səfəvilər İmperiyasının azərbaycanlılara məxsusluğunu heç kim, hətta ermənilərin özü belə inkar etmir. Elə bu, dediyiniz məqalənin sırf böhtan üzrə yazıldığına əyani sübutdur. Ancaq ermənilərin özlərinin heç vaxt dövlətləri olmayıb. Bunu təkzibolunmaz tarixi dəlillərlə sübut edirik. Köçəri olan bu tayfa sonda bizim mərhəmətimiz və Rusiyanın dəstəyi hesabına özünə dövlət qura bildi. Rusiya bizim möhkəm dövlət olmağımızda heç vaxt maraqlı olmayıb. Ermənilər bu məsələdə özlərilə bizim yerimizi dəyişik salıb. Neft amilinə görə Azərbaycanın əhəmiyyətinin itirilməsini iddia etmək də absurddur. Çünki Azərbaycanın nefti hələ tükənməyib. Əksinə, enerjiyə tələbat dünyada daha da artır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Avropanın enerji tələbatını ödəmək üçün böyük layihələrin təşəbbüskarı qismində çıxış edir. Demək olar ki, TAP, TANAP kimi iri layihələr reallaşmaq üzrədir. Əksinə, bütün bunlar Azərbaycanın dünya üçün rolunu, əhəmiyyətini daha da artırmış olur. Azərbaycanın tarixi yeri isə daha da möhkəmlənəcək və əminəm ki, ermənilər bunu lap yaxın vaxtda hiss edəcək".
Məhəmmədəli QƏRİBLİ