Cəbhə zonasında erməni tərəfinin artan itkiləri düşmən ölkədə gedərək daha böyük çaxnaşmaya səbəb olmaqdadır. Burada açıq şəkildə bəyan edilir ki, bu gedişlə erməni ordusunda qeydə alınan hərbçi çatışmazlığı daha kəskin xarakter almağa başlayacaq.
Məsələ ilə bağlı Ermənistanın "Aykakan Jamanak" qəzeti yazır ki, cəbhədə artan itkilər Serj Sarkisyan iqtidarını da indi daha çətin vəziyyətdə qoyur: "Artan itkilərə görə onsuz da cəmiyyətdə hakimiyyətdən böyük narazılıq var. Amma son dövrlərdə bu itkilərin sayının durmadan çoxalması hakimiyyət rəhbərliyini daha çox qorxuya salmağa başlayıb. Çünki bu, iqtidara qarşı yeni etiraz dalğası yaratmaq iqtidarındadır. Özü də hakimiyyət bu dəfə həmin etirazların nəticələrinin daha ağır olacağını bilməmiş deyil".
Erməni ekspert Ruben Beqlaryan isə vurğulayır ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həllini tapmayana qədər cəbhədən ölkə ictimaiyyəti ağır xəbərlər almaqda davam edəcək. Onun sözlərinə görə, ötən ilin aprel hadisələri və ondan sonra baş verənlər güc baxımından Azərbaycanın çox öndə olduğunu bir daha təsdiqlədi: "Bu səbəbdən, ən yaxşısı Azərbaycanla danışıqlar masası arxasında razılığa gəlməkdir". Cəbhədə baş verən olaylar da erməni tərəfinin narahatlıq və qorxusunun heç də əbəs olmadığını aydın şəkildə üzə çıxarır. Cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsinin bölmələrimiz tərəfindən məhv edilmsi, düşmənin yeni itkilərə məruz qalması ermənilərə vurulan yeni sərt zərbə kimi qiymətləndirilir. Bunun ardınca Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində düşmənə məxsus bölmənin mühafizə olunan komanda müşahidə məntəqəsi və müşahidə qülləsinin optik qurğusu bölmələrimiz tərəfindən atəşlə dağıdılıb. Qeyd edilənlərdən əlavə, Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində düşmən mövqelərindən birində quraşdırılmış video-müşahidə vasitəsi bölmələrimiz tərəfindən xüsusi üsulla ələ keçirilib. Özü də bu fonda bir sıra maraqlı məqamlar üzə çıxıb. Müdafiə Nazirliyi bildirir ki, qurğunun ilkin araşdırılması nəticəsində onun hava şarı, yəni zond, kiçik həcmli paraşüt, penoplast qutunun içərisinə yerləşdirilmiş kamera, müxtəlif ötürücü antena və naqillərdən ibarət olmaqla kustar üsulla hazırlandığı müəyyən edilib. Bununla Ermənistanın hərbi-siyasi rəhbərliyinin qoşunların qarşıdurma xəttindəki postlarının guya ABŞ istehsalı olan ən müasir video-müşahidə vasitələri ilə təmin olunması barədə verdikləri bəyanatların mif olduğu və Ermənistanın daxili auditoriyasına hesablandığı bir daha təsdiqlənib. Ermənistandan fərqli olaraq isə, Azərbaycan ordusu ən müasir müşahidə vasitələrilə təchiz olunub və onların müəyyən hissəsi yerli istehsal məhsullarıdır. Həmçinin, Azərbaycan xaricdən, o cümlədən İsraildən yenə ən müasir müşahidə vasitələri alıb. Bütün bunlar Azərbaycanın düşmən üzərində hərbi üstünlüyünü əhəmiyyətli dərəcədə artıran faktorlar kimi dəyərləndirilir.
Digər tərəfdən ermənilərin mülki əhalini atəşə tutmasına da qətiyyətli cavablar verilir və bu xüsusda Azərbaycan Müdafiə Nazirliyi daha bir xəbərdarlıqla çıxış edib. Müdafiə Nazirliyi xəbərdarlıq edir ki, Ermənistan silahlı qüvvələri bölmələrinin belə təxribatları təkrarlanarsa, Azərbaycan Silahlı Qüvvələri uzaq məsafədəki hədəfləri vuran artilleriya sistemlərini tətbiq etməklə düşmən müdafiəsinin dərinliyindəki yaşayış məntəqələrini atəşə tutacaq. Ermənilər özləri də etiraf edir ki, Azərbaycan tərəfinin bu xəbərdarlıqları əbəs deyil və ötən zaman ərzində baş verənlər də bunu təsdiq edib. Erməni jurnalist Tevos Arşakyan da xəbərdarlıqdan nəticə çıxarılmasının vacib olduğunu vurğulayır: "Azərbaycan xəbərdarlıq etdi və onların cavabı ağır olacaq".
Ermənistanın, hərbi müstəvidə olduğu kimi, maliyyə sahəsində də Azərbaycanla ayaqlaşmasının qeyri-mümkünlüyünü də düşmən ölkədə bilənlərin sayı az deyil. Bu mənada aydındır ki, Ermənistan cəbhədə itirdiklərinin əvəzini doldura bilməyəcək. Xatırladaq ki, hazırda düşdüyü ağır vəziyyətdən çıxa bilmək üçün İrəvan təmas xəttində verdiyi itkilərin sayını açıqlamamaq, həmçinin, vurulan obyektlər haqda məlumat verməmək barədə qərar verib. Lakin bunun çox da işə yaramayacağını ermənilər özləri də yaxşı bilir. Ən azı ona görə ki, Azərbaycan tərəfi düşmənin itkilərini açıqlayır və hazırda ermənilər, belə demək olarsa, Azərbaycana öz hərbi rəhbərliklərindən daha çox inanır.
Cəbhə ilə yanaşı, Ermənistan ordusunda qeyri-döyüş itkilərinin də sayı gedərək artır. Həmçinin o da sirr deyil ki, düşmən tərəf döyüş itkilərinin bir çoxunu "qeyri-döyüş itkisi" kimi rəsmiləşdirir. Övladları orduda qeyri-döyüş şəraitində ölən erməni anaları tez-tez Serj Sarkisyanın iqamətgahı, parlament və hökumət binası qarşısında aksiyalar keçirir. Üç gün əvvəl daha bir qrup əsgər anası parlamentin qarşısına toplaşıb və deputatların qarşısını kəsməyə çalışıb. Məlumatlara görə, deputatlar əsgər analarını görən kimi onlardan üz çevirib və tələsik içəri daxil olublar. Nina Muradyan adlı aksiya iştirakçısı bu xüsusda yerli mediaya açıqlamasında bildirib: "Deputatlar başa düşməlidir ki, bu məsələni dondura bilməyəcəklər. Biz onlara öz kreslolarında rahat əyləşməyə imkan verməyəcəyik. Onlar ordudakı qətllərin üstünü açmağa borcludur. Cinayətkarları cəzalandırmaq lazımdır ki, ordudakı qırğının qarşısı nəhayət alınsın". Övladı orduda öldürülən Qoar Sarkisyan isə deyib ki, onların tələbləri ilk növbədə müxalifətdən olan deputatlardandır. Çünki hakim Respublika Partiyasından olan deputatlardan heç nə gözləmirlər:"Respublika Partiyasının təmsilçilərindən söhbət getmir, onlar cinayətkar, satqın və qatillərdir. Biz müxalifət deputatlarından başlayırıq. Bir ildir tələb edirəm ki, 2016-cı ilin aprel müharibəsində iştirak edən heç olmasa bir oliqarx və ya deputat oğlunu tapıb göstərsinlər, ancaq onlar bunu edə bilmir". Belə vəziyyətdə o, əsgər valideynlərinə müraciət edərək övladlarını ordudan yayındırmağa çağırıb. Daha bir məqam orduya hərbi xidmət üçün yararlı olmayanların cəlb edilməsidir. Qeyd edilən xüsusda Ermənistanın Gümrü şəhərinin sakinlərindən biri hüquq müdafiəçisi Armine Sadikyana şikayətlənib ki, onun xəstə oğlunu müalicə etmədən Azərbaycanın işğal edilmiş ərazilərinə, Cəbrayıl rayonuna xidmətə göndəriblər. Hüquq müdafiəçisi həmin əsgər, yəni Usik Kirakosyan barədə "epress.am" saytına bildirib ki, bir müddət əvvəl əsgəri müalicə etmədən hospitaldan buraxıb Xankəndinə, oradan isə Cəbrayıla, xidmət etdiyi hərbi hissəyə qaytarıblar. Kirakosyanın anası hüquq müdafiəçisinə deyib ki, oğlunun qarnı daim ağrıyır, mədəsində qıcqırma var, başında isə irinli sızanaqlar yaranır və bu səbəbdən dözülməz ağrılarla üzləşir:"Biz Müdafiə Nazirliyinə yazmışıq ki, Kirakosyanı sağaltmadan hərbi hissəyə qaytarmasınlar. Amma bunu etmədilər. O, yuxusuzluqdan da əziyyət çəkir, ancaq sağaltmaq əvəzinə irad tutublar ki, gecələr oyaq qalıb başqalarına mane olur". Hüquq müdafiəçisi əsgərin vəziyyəti ilə bağlı tibbi ekspertiza tələb edib. Onun sözlərinə görə, əsgərin sənədlərində onun xroniki bronxitin kəskinləşməsindən əziyyət çəkdiyini yazıblar, ancaq qarnındakı daimi ağrılar və başındakı irinli sızanaqlar haqda heç nə göstərməyiblər:"Müdafiə Nazirliyinin əmrinə əsasən tibbi komissiya Kirakosyanı müəyyən şərtlərlə xidmətə yararlı hesab edib. Ancaq əmrdə göstərilir ki, belə əsgərləri müalicə edib orduya buraxmaq olar. Bu uşağı isə heç kim müalicə etməyib". Qeyd olunur ki, əslində orduda belə qanunsuzluqların sayı minlərlədir və Ermənistandan xəstə, xidmətə yararsız, yoxsul ailələlərdən olan uşaqların Qarabağa göndərilməsi halları geniş yayılıb. Məhz bütün bunlar cəmiyyətin orduya, onun rəhbərliyinə inamını tam sarsıdıb. Belə vəziyyətdə Ermənistan ordusuna həqiqi hərbi xidmətdən yayınanların sayı gedərək artır. Bütün bunlara görə "epress.am" saytı məsuliyyətin birbaşa ordu rəhbərliyinin, o cümlədən Serj Sarkisyanın üzərinə düşdüyünü vurğulayır: "Hakimiyyətin siyasəti ona gətirib çıxarıb ki, xalq orduya etibar etmir. Əsas səbəblərdən biri valideynlərin övladlarının ordudan sağ-salamat qayıdacağına əminliklərinin olmamasıdır. Bu durumda cəbhə zonasında Azərbaycan tərəfindən vurulan zərbələr valideynlərin narahatlıq və qorxusunu daha da artırır".
Bir daha qeyd olunur ki, yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu danışıqlar masasında Qarabağ münaqişəsinin həllinə nail olmaqdır. Bildirilir ki, Azərbaycan da daxil olmaqla, dünya ictimaiyyəti Qarabağ münaqişəsi ilə bağlı status-kvonun dəyişməsini tələb edir və Ermənistan, nəhayət, bunlara diqqət yetirməyə məcburdur. Yeri gəlmişkən qeyd edək ki, Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye də məsələni yenidən gündəmə gətirib. ATƏT-in Minsk Qrupunun danışıqlar prosesində həmişə fəal olduğunu bildirən səfir qeyd edib ki, münaqişə ilə bağlı status-kvo davam edə bilməz. Səfirin qənaətinə görə, hərtərəfli yekun həllin tez bir zamanda tapılması üçün hər şey etmək lazımdır. J.Şarpantye qeyd edib ki, istər insani, istərsə də siyasi nöqteyi-nəzərdən daim təhdid və atəşkəs rejiminin pozulması şəraitində yaşamaq olmaz. İndi bu reallığı erməni rəhbərlyinin də qəbul edib münaqişə iəl bağlı nəticə verən danışıqlara getməsi olduqca vacibdir. Əks halda cəbhədə ermənilərin itkisi daha çox artacaq.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.